Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / “Diaqnoz”un nəfəsini kəsdiyi körpə… 

“Diaqnoz”un nəfəsini kəsdiyi körpə… 

Hər dəfə ölkəmdə hansısa anormal hadisə ilə qarşılaşanda heyrətimi görənlər “elə bil ölkəyə aydan gəlmisiz” cümləsini bir az da iradla elə səsləndirirlər, sanki qəddarlığa, haqsızlığa, qudurğanlığa təəccüb etmək ayıbdı. Əksinə, sakit baxıb, müdrik görkəm almalısan. Əşi, mənə dünəndən bəllidi – duruşu yaratmalısan. Və guya bu ağıllıcadı.

Con Stüart yazıb ki, insan təkcə əməli ilə yox, laqeydliyi ilə də başqalarına pislik edə bilər.

Biz laqeydliyimizlə doğub – törədiklərimizin sabahına nə qədər zərbə vurduğumuzun fərqində deyilik. Toplum necə yalnız öz qarnının hayında ola bilər… Necə uşaqları üçün narahat olmaz.

Qiraətçi filmində müəllim tələbəsindən soruşur: “Əgər sizin nəsil bizim nəslin səhvlərindən heç bir nəticə çıxarmayacaqsa bütün bunlar nəyə lazımdı?”

“Bütün bunlar” – bir cəmiyyətdə baş verən hər şeydi. Təhsil, təcrübə, yaşayış, ədalət, mübarizə. Nəsillər bir-birinin səhvini təkrar etdikcə cəmiyyət düzəlmir. Ona görə Sabirin şeiri hələ aktualdı burda.

Bir-birimizə hər cür əclaflığı edə bilirik. Xalq özü haqda belə bir fikir söylərmi? “Bizə düşmən lazım deyil, özümüz öz düşmənimizik.”

Bir-birimizə qarşı bunca qəddarlığın səbəbi haqda çox düşünmüşəm. Səbəblərdən biri tənbəllikdi. Zəhmət çəkmək istəmirik deyə, haram yolla pul qazanmaq lazım gəlir. Bunu da başqalarını vicdansızca aldatmaqla edirik.

Bütün insani dəyərləri ayaqlaya bilirik. Qəddarıq qəddar. Sanki bizi insan doğmayıb. Öz xalqına, ölkəsinə ən böyük pisliyi edə biləcək insanlarıq biz.

Və kimsə durub “olan işdi” dərsi keçməsin.
Olmamalıdı.

Burun-udlaq əməliyyatı nəticəsində sağlamlığını itirən Nihad Bağırzadəylə bağlı yayılan materialları görənlər az deyil.

Qısaca anladım. Rəşad bəy məcburi köçkündü. Xanımı, iki uşağı ilə kirayədə yaşayır. Ustadı. Əlinin qabarıyla dolanır. Uşaqların qeydiyyatda olduğu poliklinikaya qan analizi təqdim etmək üçün yaxınlıqdakı özəl tibb mərkəzinə gedib. Analizin cavabını görəndə sahə həkimi heyrət edərək özü bildiyi dövlət xəstəxanasına təkrar analizə göndərib. Cavablar fərqli çıxıb. Ailə də ilkin cavabları yumşaq desək, geri verib pulunu almaq üçün təzədən özəl klinikaya yollanıb.

Baş həkim Ələddin Cabbarov onlarda səhv nəticə olmadığına əmin edib və uşaqları otolorinqoloqun yanına yollayıb. Lor hər iki uşağı müayinə etdikdən sonra ikisinin də təcili əməliyyat olunmasını vacib bilib. Guya uşaqlarda üçüncü dərəcəli adenoid tonzillit var. Xoşbəxtlikdən yalnız birinin – Nihadın əməliyyatına imkanları çatıb. Əməliyyatdan bir gün sonra evə yollayıblar. Bir neçə gün sonra qanaxma başlayıb. Yenidən uşağı tibb mərkəzinə aparıblar. Bir gecə orda qalıb. Sonrakı günlər halı pisləşib, nəfəs ala bilməyib, hər an boğulma təhlükəsi ilə üz-üzə qalıb.

Yuxuda boğulmasın deyə ailə ağzına xüsusi boru qoyurmuş. Həkim anaya “sən uşağına nəfəs almağı öyrətməmisən” deyəndən sonra Nihadı başqa yerə müayinəyə aparmağa məcbur olublar. Məlum olub ki, ölümcül vəziyyətdədi. Sonradan həkimlərin hamısının gəldiyi bir nəticə var: Əməliyyat zamanı qanaxma olub, saxlaya bilmədiyi üçün həkim şüanı artırıb və burun – udlaq yolunu yandırıb. Nəfəs borusu daralıb və daşlaşıb. Əməliyyatdan sonra qoyulan diaqnoz budu: Nazofarenks stenoz. Farenks boğazın tibbi adıdır.

Nazofarenks boğazın burunla birləşən yeridi. Stenoz ( stenosis) ingiliscədə daralma anlamını verir. Tibdə bir kanal və ya dəliyin daralmasına deyilir. Uşağın burun boğaz kanalı əməliyyatdan sonra niyə daralsın ? Demək, əməliyyat doğru aparılmayıb. Burda anlaşılmaz bir şey yoxdu. Əlavə sübuta da gərək qalmır. Hər şey gün kimi aydındı.

Yeddi yaşlı uşaq altı dəfə bıçaq altına uzanıb. Hər dəfə nələr yaşayıb, nə qorxular keçirib. Nəfəs ala bilməyən bu uşaq bunlara necə dözüb?!

Məsələ ilə bağlı həkimin, tibb mərkəzinin cavabı var: “Uşaq tam sağlamdı”.

“Diaqnoz” tibb mərkəzində gerçəkləşən bu hadisənin qurbanı olan balanı görməyə getdim.

Həkimlik bəlkə ən çətin sənətdi. Ancaq həm də ən vicdanlı adamlar həkim olmalıdı. Tarixin başı xarab deyil onlara Hippokrat andı içdirir illərdi (Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm… Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm). Söhbət yanaşmadan, məsuliyyətdən, mənəvi-etik prinsiplərdən gedir. Bircə dəfə həkim Nihada baş çəkməyə getməyib. Öz səhvi olmasa belə, adam xəstəsinin ağır durumu ilə maraqlanmazmı?

Mən gördüm Nihadı. Uşağın üz quruluşu da deformasiyaya uğrayıb. Dodaqları şişir, quruyur, partlayıb qanayır. Beş əməliyyatdan sonra yenə də burnundan əzabla nəfəs alır. Gecələr boğulur, tərləyir, işgəncə yaşayır bu uşaq.

Belə hallarla çox rastlaşmışıq. Həkimin şikəst qoyduğu, öldürdüyü adamlar haqda çox eşidirik. Yaxınları bir müddət mübarizə aparır, nəticəsiz qaldığını görüb əlini üzür. Proses isə dayanmır. Biz davamlı bu cür neqativ hallar görürük. Yaxşı həkimlər inciməsinlər, onlar yalnız vicdanlarının və peşəkarlığın hesabına yaxşı həkimdirlər. Bunun aid olduqları sistemə dəxli yoxdu.

Əminəm, Nihada kömək etmək istəyən adamlar var ölkədə.

Bunu “Rəşad Bagirov” və mənim facebook qutuma yazaraq, ya da redaksiya ilə əlaqə yaradaraq bildirmənizi xahiş edirəm.

Nihadın ailəsi əlini üzmür, boş verə bilmir. Ədalətə ümidlidi hələ də. Baxmayaraq ki, əlində olan bütün sənədlərlə Xətai Rayon Məhkəməsinə müraciət edib və 6 aydan sonra Məhkəmə qərarı Nihadın xeyrinə verməyib.

İndi iş Apelyasiya Məhkəməsindədi. Tibb mərkəzinin, həkimin günahı etiraf olunmalıdı. Təzminat ödənməlidi. Bu təzminatla ailə uşağını hansı ölkədə mümkündüsə orda yenidən əməliyyat etdirib sağlamlığına qovuşdurmalıdı. Fevralın 26-sı açıq məhkəmə iclası keçiriləcək. Hər kəsi bu prosesi diqqətdə saxlamağa çağırıram. Mən bilmirəm, həkim Qəmbər Qocayevin və çalışdığı “Diaqnoz” tibb mərkəzinin arxasında kim dayanıb. Amma Nihadın arxasında biz dayanmalıyıq. Onun vətəni və həmvətənləri. Biz – İNSANlar.








 

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın