Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / Cəmiyyətimizin problemi nədir – cahillik, paxıllıq, həsəd, yoxsa…

Cəmiyyətimizin problemi nədir – cahillik, paxıllıq, həsəd, yoxsa…

Azad İsazadə: “Paxıllıq olmasa öz üzərimizdə işləmək məcburiyyətimiz olmaz”; Elnur Rüstəmov: “Azərbaycan cəmiyyətində bir-birinin uğuruna sevinməyən, bir-birinə qara yaxan bir qisim insanlar var”

Hər il ölkədə jurnalistlərin peşə bayramı – Milli Mətbuat günü qeyd edilir. Bu il bayram bir qədər də təntənəli keçirildi, ölkə prezidenti tərəfindən 255 jurnalist ailəsinə mənzil verildi. Sevindirici haldır ki, mənzilə sahib olan jurnalistlər arasında “Yeni Müsavat”ın ən məşhur imzaları Xalid Kazımlı, Zahid Səfəroğlu, Elşad Paşasoy, Aygün Muradxanlı da var. Təbii ki, bu məsələyə sevinənlər olsa da, jurnalistlərin ev almasına aqressiv, tənqidi, hətta təhqiramiz yanaşanlar da oldu. Xüsusən də sosial şəbəkələrdə narazılıq dolu statusların, düşüncələrin şahidi olduq. Maraqlıdır, cəmiyyətin bu məsələyə aqressiyası nədən irəli gəlir?

Bəziləri qeyd edir ki, ümumiyyətlə, bu və ya digər məsələlərdə Azərbaycan cəmiyyətinin əsas problemi paxıllıq, həsəd, bəzən isə cahillikdir.

Psixoloq Azad İsazadə mövzuya bu cür şərh bildirdi: “Ümumiyyətlə, paxıllıq bütün cəmiyyətlərə xasdır. Bu, bəzi xalqlarda bir qədər çox, bəzilərində isə nisbətən azdır. Buna heç də təəccüblə yanaşmaq lazım deyil. Bu məqamda bir lətifəni xatırladım. El arasında belə bir lətifə var: ”Birinə cin deyir ki, “nə istəsən sənə yetirəcəm, amma bil ki, istədiyin nədirsə, onun iki qatını sənin qonşuna edəcəm”. Adam da çox fikirləşdikdən sonra deyir ki, “bir gözümü çıxart”.

Image result for Psixoloq Azad İsazadə

Yəni paxıllıq məsələsi belədir; qonşunun iki gözü çıxsın. Bu sözsüz ki, mənfi bir xüsusiyyətdir. Lakin paxıllığın müsbət tərəfini də anlamalıyıq ki, paxıllıq olmasa öz üzərimizdə işləmək məcburiyyətimiz olmaz. Tutaq ki, biri imtahandan əla qiymət alırsa, digəri çalışır ki, gələn dəfə o da əla qiymət ala bilsin və sairə. Bunu adi, normal vəziyyət kimi qəbul etmək lazımdır.

O ki qaldı jurnalistlərin ev alması məsələsinə, jurnalistlər doğrudan da aztəminatlı insanlardır və onlar yalnız öz qələmləri ilə nəsə qazana bilirlər. Şəxsən mən hansısa təşkilatların və ya dövlət təşkilatlarının, eləcə də dövlətin özünün jurnalistlərə yardım göstərməsində pis heç nə görmürəm, bu normal haldır. Lakin sözsüz ki, jurnalist hansısa sponsordan, donordan və ya təşkilatdan yardım alırsa, istər-istəməz onda şüuraltı asılılıq da yaranır. Buna daxili senzura deyilir. Beləliklə, daxili senzura onun yazılarına, yaradıcılığına təsir edir. Lakin bu, hər kəsin fərdi seçimidir. Əgər o, asılı olmaq istəmirsə, qəbul etməyə də bilər”.

Image result for Psixoloq Elnur Rüstəmov

Psixoloq Elnur Rüstəmov isə qeyd etdi ki, ümumiyyətlə, cəmiyyətdə son vaxtlarda çox qəribə bir aqressiya var:
“Bir şairin məşhur şeiri var, orda deyilir ki, ”Ana, mən belə deyildim, məni bu havalar korladı”. İndi bizim cəmiyyət də belə deyildi, lakin son zamanlarda müəyyən fikirlər var ki, onlar insanların düşüncələrinə, həyata baxış tərzinə çox təsir göstərdi. Çox təəssüflər olsun ki, bəzən biz elə şeylərlə rastlaşırıq ki, bu da insanların bir-birinə inamına, etibarına mənfi təsir göstərir. Bizə həmişə aşılanıb ki, insan sevincini paylaşmalıdır. Ancaq biz görürük ki, insanlar bu gün daha çox kədərə şərik olur, nəinki sevincə. Bir uğur olanda onu paylaşmağa adam tapa bilmirik. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində bir-birinin uğuruna sevinməyən, bir-birinə qara yaxan, insanların şəxsi həyatına daha çox müdaxilə edən, hər şeyə bir qol qoyan bir qisim insanlar var. O tip insanların da bir qismi Azərbaycanda yaşamırlar. Onlar insanları bu cür çəkişmələrə sövq edirlər.
Bir şeyi nəzərə almaq lazımdır ki, insan faktoru həmişə yüksəkdə dayanır. Və elə bir şey yoxdur ki, o tam mükəmməl olsun, həmişə nəsə çatışmır. Tutaq ki, jurnalistlərə mənzil verildi və elə jurnalistlər var idi ki, ehtiyacları olduğu halda onlara mənzil verilmədi. Lakin axı gələn dəfə verilə bilər, bunlar birdən-birə alınan məsələlər deyil. Əsas niyyətdir, niyyət yaxşı olanda insan çatışmayan şeylərə göz yummağı bacarmalıdır. Niyə bu nəcib işi görmək istəyən insanların ürəyinə xal salınsın? Buna axı nə gərək var? Tək bu məsələ deyil, ümumiyyətlə, cəmiyyətdə son vaxtlarda çox qəribə bir aqressiya var. Bu aqressiya da həmişə özünə bir obyekt axtarır. Tutaq ki, bəlli bir mövzu tapıb ona aqressiya yönəltməyə çalışırlar. Sanki hər gün nəyisə gözləyib aqressiyanı ona tökmək istəyirlər. Belə bir söz var, “adını bal da qoyursan, deyir ki, zəhərdir”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın