Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Bu gəncin sayəsində Azərbaycan öz avtomobilini istehsal edə bilər – VİDEO

Bu gəncin sayəsində Azərbaycan öz avtomobilini istehsal edə bilər – VİDEO

Azərbaycan istehsalı olan maşını hazırlamaq üçün hər şey var, yalnız dəstək yoxdur

Azərbaycanlı gənc hazırladığı avtomobil layihəsinə dəstək axtarır. O, hər yerə müraciət edib, müsahibələr verib, telekanallar onun haqqında reportaj hazırlayıb. Lakin hələ də dəstək verən yoxdur. Dövlət tərəfindən bir azca dəstək olsa, artıq Azərbaycanı tanıtmaq üçün milyonlar xərcləməyə ehtiyac olmayacaq. 
Musavat.com xəbər verir ki, Şəki şəhərindən olan 24 yaşlı Ramil Nəcəfov “Azerant” adlı maşın markası hazırlayıb. O, əvvəllər də bir neçə dəfə belə layihənin eskizlərini çəkib. Sözügedən layihələr xarici şirkətlərin diqqətin cəlb etsə də, təcrübə azlığından irəli gedə bilmir.
“Özüm ofisiant kimi çalışıram, atamın da qazancı ilə ev kirayəsini ödəyirik”
Ramil deyir ki, həm özünün, həm də layihələrinin inkişafı üçün maddi dəstək lazımdır: “Almaniyada bu sahə üzrə yaxşı təhsil ala bilərəm. Bu, mənim bilik səviyyəmi artırar və inkişafıma çox kömək olar. İlk olaraq alman dilini öyrənməliyəm. Burada bir neçə kursa müraciət etdim. Amma qiymətlər çox bahadır. Aylıq 220 manat istəyirlər. Mən o pulu ödəyə bilmirəm. Özüm iş olanda ofisiant kimi çalışıram, atamın da qazancı ilə ev kirayəsini ödəyirik. Anam da xəstədir.
Mənə dəstək olmasa, işim çətin olacaq. Almaniyada oxumağım üçün 10 min dollar lazımdır. Mənim bu layihələrim baş tutsa, bu həm dövlətimiz üçün yaxşıdır, həm də mənim üçün… Azərbaycanı tanıtmaq üçün böyük pullar xərclənir. Amma mənə dəstək verən yoxdur.
Düşünün ki, bu yerli avtomobillər istehsal edilsə və çox yox, elə qonşu ölkələrə çıxarılsa, Azərbaycan daha çox tanınar, üstəlik də iqtisadiyyatımız inkişaf edər. Samir Sadıqovu artıq hamı tanıyır. O, 2011-ci ildə “Ferrari Xezri Competizione Edition” layihəsinin “Ferrari World Design Contest” dizayner müsabiqəsində ikinci yeri tutması ilə tanınır.
Bundan başqa, o, “Cadillac C-Ville” və XTS avtomobillərinin dizaynını hazırlayıb. Hazırda bu sahə üzrə işləyir və həmçinin magistr təhsili alır. Deməli, bir nəfər öz ölkəsini yetərincə tanıda bilir”.
“Mənə bildirdilər ki, qrant ayrılacaq, amma…”
Gənc dizayner əli çatan bütün dövlət qurumlarına və rəsmilərə müraciət edib: “Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun qəbuluna düşdüm. Mən ondan iki şey istədim. Təhsilim üçün dəstək və sərgi keçirmək üçün şərait… O da məni Gənclər Fonduna göndərdi. Orada da məni yola verdilər. Dedilər ki, “Bizə Fuad Muradov heç nə tapşırmayıb”. Mənə bildirdilər ki, qrant ayrılacaq, o da ayrılmadı.
Gənclər və idman naziri Azad Rəhimovla görüşmək istədim. Alınmadı. Hətta müavini ilə belə, görüşə bilmədim. Onun köməkçilərindən biri ilə görüşdüm. O da mənə dedi ki, “Azərbaycanda 3 milyon gənc var. Biz onların problemini həll etsək, bizə milyonlar lazım olacaq”. Mən də cavab verdim ki, mənə milyon lazım deyil. Təhsilim üçün kömək edin”.
Yerli avtomobil istehsalı üçün yetərli layihəsi olan gəncin işlərini məşhur markalar da bəyənib: “Rolls royce” və “BMW” kimi brend şirkətlərə məktub göndərdim. Əl işlərimi bəyəndilər, amma tələblərini qarşılaya bilmədim. Ali təhsil, təcrübə və bir neçə Azərbaycanda olmayan proqramları istədilər. Mənim isə bunlar üçün şəraitim yoxdur. Türkiyədə dizayn üzrə kollecdə oxuyurdum. Onun da illik xərcini ödəməkdə çətinlik çəkdim, gedib-gələ bilmədim. Ona görə də, təhsilimi dayandırdım. Mənim qarşımı alan sadəcə, təhsil və hər şeydən əvvəl maddi imkandır”.
“Xanımlar üçün belə, dizayn hazırlamışam”
 
Avtomobil dizaynına uşaq yaşlarından həvəsi olan Ramilin hazırda sadəcə, maddi dəstəyə ehtiyacı var: “Əvvəllər pis çəkirdim. Sonradan özüm hər şeyi öyrəndim. Amma mənə bu sahə üzrə ali təhsil lazımdır. Mənim hazırda kompüterim belə, yoxdur. Pula ehtiyacım var idi, satdım. 50 qəpiklik qələmlə eskizləri çəkirəm və dostlarıma göndərirəm. Onlar sona çatdırmağa kömək edirlər.
Əl işlərimi “NAZ Lifan”a göndərdim. Onlar da bəyəndilər. Uğurlarıma sevindiklərini bildirdilər. Amma dedilər ki, “Biz avtomobil istehsal etmirik. Sadəcə, Çindən gələn hissələri burada yığırıq”.
Bir sözlə, əlimdə Azərbaycanı önə aparacaq işlər var, amma dəstək yoxdur. Sosial şəbəkələrdə əl işlərimi paylaşanda şərhlərdə hamı həvəsli görünürdü. Özüm də, onlar da elə düşünürdülər ki, yerli avtomobil istehsal olunacaq.
Əminəm ki, istehsal olsa, hamı yerli avtomobil alacaq. Çünki bunlar bizimdir. Avtomobillərdə milli arqamentlər, xüsusi naxışlar var. Mənim dizaynlarım arasında həm minik avtomobili, həm də hərbi maşınlar var. Hətta xanımlar üçün belə, dizayn hazırlamışam. Amma getdikcə həvəsdən düşürəm. Ümidlərim puç olur”.
 
















Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın