Çərşənbə , İyun 19 2019
Ana səhifə / Şou Biznes / Brejnevin avtoqrafı, Müslüm Maqomayevin çıxılmaz vəziyyəti, Heydər Əliyevin təklifi… – MARAQLI

Brejnevin avtoqrafı, Müslüm Maqomayevin çıxılmaz vəziyyəti, Heydər Əliyevin təklifi… – MARAQLI

Bəzən belə də olur, əvvəlcədən planlaşdırdığın iş gözlənilmədən öz istiqamətini dəyişir. Belə məqamlardan şıxış yolu isə ustalıq, məharət tələb edir. 1978-ci ildə Leonid İliç Brejnevin Azərbaycana səfəri zamanı da belə bir hadisə baş verib. Bu dəfə Heydər Əliyev Baş katiblə məşhur ifaçı Müslüm Maqomayev arasında yaranmış anlaşılmaz vəziyyətdən ustalıqla çıxış yolu tapıb.

Modern.az saytı Leonid İliç Brejnevin 1978-ci ildə Azərbaycana səfəri zamanı keçirdiyi görüşlərlən biri haqqında yazını təqdim edir.

Brejnevin Azərbaycana səfər tarixi müəyyənləşdikdən sonra Bakıda Baş katibin qarşılanması, görüşləri, iştirak edəcəyi tədbirlərlə bağlı ciddi hazırlıq işləri görülüb. Sözsüz ki, ali qonağın şərəfinə veriləcək ziyafətin və konsert proqramının üzərində də ciddi düşünülüb. Bu məqsədlə Müslüm Maqomayevə də təklif olunub ki, xüsusi bir mahnı hazırlasın. Çünki Lüonid İliç Müslüm Maqomayevin ifalarını çox sevib və həmişə təntənəli bayram konsertlərindən əvvəl təşkilatçılardan soruşub:

“Maqomayev iştirak edəcəkmi?”.

Baş katibin bu şakəri nəzərə alınaraq, Müslüm Maqomayevin çıxışı və xüsusilə də yeni ifası vacib sayılıb.

Müslüm Maqomayev bu təklifi tərəddüdlə qəbul etsə də, Heydər Əliyevlə görüşündən sonra yeni mahnı üzərində işləməyi zəruri sayıb və bu haqda çox hörmətlə yanaşdığı, özünə doct saydığı bir insana, şair Robert Rojdestvenskiyə zəng vurub fikrini bildirib. O isə öz növbəsində təklifi qəbul edərək səhərisi günü təyyarə ilə Bakıya uçub. Bir neçə günlük gərgin yaradıcılıqdan sonra mahnı ərsəyə gəlib.

Mahnının ilk dinləyicisi Heydər Əliyev olub. Bütün sahələrin mükəmməl bilicisi olan Heydər Əliyev mətndə düzəlişlər edib və müəlliflərə dostcasına irad da tutub. Heydər Əliyev Müslüm Maqomayevə deyib ki, konsertdən sonra o, mahnının musiqisi və mətni yazılmış xüsusi hazırlanmış qovluğu Leonid İliçə xatirə kimi hədiyyə etməlidir.

Beləliklə Brejnevin Azərbaycana səfəri başlanıb. Səmimi qarşılanma, yüksək qonaqpərvərlik, protokol qaydalarına uyğun tədbirlər, görüşlər hamısı plan üzrə yüksək səviyyədə baş tutub.

Təntənəli konsert proqramı isə Aleksandra Poxmutovanın “Kiçik torpaq” əsəri ilə başlanıb. Səhnənin ekranında Böyük Vətən Müharibəsi ilə bağlı epizodlar göstərilib. Bu epizodlarda Brejnevin “zampolit” olduğu dövrlər canlandırılıb.
“Təsirli” səhnə əvvəl Çernenkonu ağladıb. Sonra isə Brejnev göz yaşlarını tökməyə başlayıb. Növbəti çıxış isə Müslüm Maqomayevin olub.

Müslüm Maqomayev müsahibələrinin birində söyləyib ki, bu səhnədən sonra elə düşünüb ki, oxumağa dəyməz:

“Müharibə səhnələri Brejnevə güclü təsir etmişdi və mən oxuduğum mahnı ilə onu təsirləndirə bilməyəcəkdim. Amma proqramdan kənara çıxmaq olmazdı. Oxudum. Bəlkə də Leonid İliç heç hiss etmədi ki, bu yeni mahnı onun şərəfinədir”.

 

Konsertdən sonra Brejnevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayev Heydər Əliyevin dediyi kimi xüsusi hazırlanmış qovluğu xatirə hədiyyəsi kimi Leonid İliçə təqdim edib:

– Hörmətli Leonid İliç, mən bu musiqi əsərini sizə bütün Azərbaycan xalqı, Azərbaycanın incəsənət nümayəndələri və şəxsən öz adımdan təqdim edirəm.

Müslüm Maqomayev bu sözləri o qədər aşağı tonla deyib ki, Brejnev heç nə eşitməyib. Görkəmli ifaçı sonralar bunu özü də etiraf edib:

“Mən fikirlərimi çox yavaş ifadə edirdim. Demək olar ki, dodağımın altında mızıldanırdım. Hiss etdim ki, Brejnev heç nə eşitmədi və onu da hiss etdim ki, Brejnevin eşitmə qabiliyyəti çox zəifdir”.

Heç nə anlamayan Brejnev qovluğu götürüb stolun üzərinə qoyub. Elə düşünüb ki, Müslüm Maqomayev ondan avtoqraf istəyir. Qələmini çıxarıb qovluğa öz imzasını qoyub. Çaş-baş qalan Müslüm Maqomayev nə edəcəyini bilməyib və sakitcə Heydər Əliyevdən soruşub:

– Mən nə etməliyəm?

– Qovluğu götür, belə hadisə hər gün baş vermir, yadigar saxlayarsan.

Ziyafətin sonunda isə Heydər Əliyev həmin eyni qovluğun ikinci bir nüsxəsini xatirə olaraq özü Brejnevə təqdim edib. O bu qovluqdan iki nüsxə hazırlatdırıb. Çünki Heydər Əliyev əvvəlcədən hər şeyi nəzərə almağı bacarıb.

Beləliklə saysız-hesabsız insanlara avtoqraf verən Müslüm Maqomayev anlaşılmazlıq nəticəsində avtoqraf almağa məcbur olub. Özü də Leonid İliç Brejnevdən…

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …

Bir cavab yazın