Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Şou Biznes / Bayramlarda restoran və otelləri dolduran azərbaycanlılar…

Bayramlarda restoran və otelləri dolduran azərbaycanlılar…

Manatın devalvasiyası, ölkədəki iqtisadi böhranın fonunda maraqlı proseslər baş verir. Bunlar daha çox bayram və özəl günlərdə özünü göstərir. Son belə nümunələrdən biri 14 fevral – sevgililər günündə paytaxtda baş verənlər oldu. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, paytaxtın əksər restoranlarında yerlər öncədən tutulub. Bölgələrdəki məşhur istirahət mərkəzlərində, eləcə də otellərdə yerlər bron edilib. 14 fevral tarixində şəhərin mərkəzində bir tur atmaq kifayət idi ki, əllərində hədiyyələrlə dolu cütlükləri görəsən. Mağazalarda kampaniyalar, oraları dolduran müştərilər…

Üstəgəl, yaxınlaşmaqda olan daha bir bayram – 8 mart münasibətilə indidən başlanan təlaş. İnsanlarımız növbəti bayrama da hazırlaşır, məktəblərdə müəllimələr üçün pul yığımına start verilib… Sanki manatın devalvasiyası bu ölkədə baş verməyib. Və ya bunlar sadəcə şəhərin mərkəzində baş verənlərdir və ölkənin gerçək mənzərəsini göstərmir. Bununla belə, əgər bunu sıravi insanlar müşahidə edirsə, hökumət bundan hansı nəticələri çıxara bilər? Daha çox sıxmaq, əzmək, manatın kursu ilə daha çox oynamaq, yoxsa…?

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, şəhər əhalisinin bayramda lüksə meyl etməsi ilə bağlı yaranmış rəy ciddi və dərin araşdırma tələb edir.

Onun sözlərinə görə, bəzən vizual görüntü insanları çaşdırır: “Axı biz şəhərin küçələrində gəzərkən eyni zamanda görürük ki, dükanlar bir-bir bağlanır. Üzərində “icarəyə verilir” elanlarının sayı gündən-günə artır. Bir neçə il əvvəl şəhərin mərkəzində yer götürmək üçün növbə olurdu, maklerlərə öncədən müraciət olunurdu. Amma indi belə bir növbə yoxdur, əksinə indi obyektlərin boşalması görünür”.

N.Cəfərli hesab edir ki, bayram günlərində yaşanan mənzərə isə spesifikdir. Çünki insanların bayramlarla bağlı yaddaşı var.

Onun sözlərinə görə, sevdiyi insana jest etmək, görüntü xatirinə sevgisini, istəyini göstərmək klassik davranışdır: “Ona görə də ümumi vəziyyəti bayram günü ilə müqayisədə göstərmək doğru olmazdı. Yaxın zamanlara qədər belə söhbət gəzirdi ki, Azərbaycanda dolanışıq səviyyəsi o qədər yüksəkdir ki, maşın parklarında “Porşe”lər doludur. Amma daha sonra bu maşınların satışına baxdıq. İl ərzində cəmi 2 min “Porşe”nin satıldığını gördük. İnsanlar bəzən vizual məsələlərə aldanırlar. Amma Azərbaycanın əhalisi 9.5 milyon nəfərdir. Onun neçə faizi bayramı restoranlarda, otellərdə keçirib? Bu, 1 faizdən də aşağıdır”.

N.Cəfərli xatırlatdı ki, ilin əvvəlində ayrı-ayrı regionlarda baş verən etirazlar əslində durumun kritik olduğunu sübut edən məqamlar idi.

Onun fikrincə, bəzi insanlar hələ də nə baş verdiyini qavramır: “Hökumət də probemlərin kökünün harda olduğunu, sistem və idarəetmə problemlərinin hansı həddə çatdığını anlamır. Hökumətin mövqeyi budur ki, neftin qiyməti aşağı düşdüyü üçün bu vəziyyət yaranıb. Amma Azərbaycanda yaşanan bu problemlərin kökündə neft dayanmır. İllərdir ki, ölkədə mövcud olan korrupsiya, inhisarçılıq, şəffaflığın olmaması, seçkilərin qeyri-demokratikliyi bu problemləri üzə çıxarıb. Ucuz neft dövrü bu problemləri daha sürətlə üzə çıxardı. Bəzi vətəndaşlar da başa düşmür ki, nələr oldu. İnsanlar elə düşünür ki, neftin qiyməti qalxan kimi məsələlər həll olunacaq. Əmlak bazarında durğunluqdur. Qiymətlər kəskin şəkildə aşağı düşür. Vaxtaşırı ev alqı-satqı saytlarını izləyirəm. İl yarım öncə 2-3 milyona satılan villaların qiyməti indi 500-600 mindir. Bu, yaxşı indiqatordur. Bundan başqa, indi avtomobil bazarında satışlar iki dəfədən aşağı düşüb. Gürcüstandan gətirilən maşınların qiyməti iki dəfə aşağı düşüb. Bunlar daha aydın təsəvvür verir ki, məsələ hansı həddədir”.

Ekspert dedi ki, Novruz bayramında da qiymətlər kəskin şəkildə qalxır və bu, Azərbaycanda ənənəvi hal alıb. Onun fikrincə, bunun da fonunda insanlar vəziyyətin ağırlığını daha dərindən dərk edəcəklər.

N.Cəfərli xatırlatdı ki, daha öncə hökumət bəzən təzyiqlə qiymətləri saxlamağa çalışırdı: “Amma bu da bir yerə qədər mümkün idi. Yaxın həftələrdə manata olan basqıların fonunda bir hərəkətlilik görəcəyik. Bu hərəkətlilikdən sonra insanlar daha dərindən dərk edəcəklər ki, necə böhran yaşanır. Və bu böhran hələ uzun aylar və illər bizim həyatımızda davam edəcək”. Musavat.com

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın