Cümə axşamı , May 23 2019
Ana səhifə / Şou Biznes / Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri istefa verdi – BƏYANAT

Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri istefa verdi – BƏYANAT

Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, şair Namiq Hacıheydərli tutduğu vəzifədən istefa verib.

Bu barədə Strateq.az-a göndərdiyi istefa ilə bağlı bəyanatında şair AYB-nin Muğan bölməsinə laqeyd münasibətindən narazılıq edib və Birliyi ölkədəki ictimai-siyasi proseslərdə tutduğu passiv mövqeyə görə qınayıb. N. Hacıheydərli istefa ərizəsini bu gün AYB-nin rəhbərliyinə təqdim edib. Qeyd edək ki, AYB-nin Muğan bölməsi Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarını əhatə edir.

Strateq.az həmin məktubu oxuculara təqdim edir:

Azərbaycan Yazıçılar Birliyinin sədri

xalq yazıçısı Anar Rzayevə

Hörmətli Anar müəllim!

2004-cü ildən başlayan ardıcıl və inadlı çalışmalarım sonucunda 2008-ci ilin iyulunda Salyanda AYB-nin Muğan bölməsinin təsis konfransı keçirildi. Həmin konfransda sizin təklifinizlə bölmənin sədri seçildim. Bölmənin yaranması üçün illər uzunu çalışmağımda məqsəd bölgədə yazıb-yaradan insanları bir araya gətirmək, yaradıcı gəncləri üzə çıxarmaq, ədəbi ictimaiyyətə təqdim etmək, bir zamanlar ədəbiyyatda olub müxtəlif səbəblərdən ədəbiyyatı tərk eləmiş qələm adamlarımızı yenidən ədəbi mühitə qaytarmaq, onlara mənəvi dəstək olmaq, yaradıcılıq örnəklərini vaxtaşırı toplu şəklində buraxmaq və sair idi.

Bölmə yaranandan sonra qarşıya qoyulan bu məqsədlərə müəyyən qədər nail ola bildik. Belə ki, bir zaman ədəbiyyatda olub sonralar uzaqlaşmış bir neçə qələm adamının imzası yenidən mətbuatda görünməyə başladı, bir neçə yaradıcı gənc üzə çıxarılıb ədəbi ictimaiyyətə təqdim edildi, Muğan bölgəsində yaşayan 60 şairin yaradıcılığından örnəklər “Muğanın səsi” adlı toplu vasitəsilə oxuculara çatdırıldı, bölgədə və paytaxtda bir neçə dəfə tədbirlər keçirildi. Bütün bu işləri isə heç bir maddi dəstək olmadan, büdcədən maliyyələşmədən, daimi ofislə təmin edilmədən etdik. Durum bu gün də dəyişməz qalır.

AYB-nin Muğan bölməsi – təsis konfransında qısa zaman kəsimində ofislə və əmək haqqı ilə təmin ediləcəyinə söz verilməsinə baxmayaraq – yarandığı gündən indiyə qədər ofislə təmin olunmayıb və bu günə qədər heç bir qurumdan bir qəpik də əmək haqqı və ya maddi dəstək almayıb. Bütün bunlar isə bölmənin uğurlu fəaliyyət göstərməsini mümkünsüz edir. Lakin əsas demək istədiyim bu deyil. Məni rahatsız edən daha ciddi problemlər var.

Bu gün ölkəmizdə yazarların durumu olduqca ağırdır. Yerinin altı da, üstü də qızıl olan ölkəmizin maddi nemətləri 5-10 məmur tərəfindən talan edilir. Məmur övladları gözümüzün qarşısında ən bahalı xarici maşınlarda gəzdiyi, ən qiymətli villalarda yaşadığı halda 50-60 yaşında qələm adamlarımız kirayələrdə və yataqxanalarda çürüyür. Bütün bunlara isə Azərbaycan Yazıçılar Birliyi ən azından sərt münasibət bildirmək, tarix qarşısında özünü ciddi qınaq obyekti etməkdən qurtarmaq əvəzinə, susur və seyr edir.

AYB-nin bölmə rəhbəri olaraq bu qurumun xalqın danışan dili olmaq əvəzinə məmur özbaşnalığına qarşı seyrçi mövqe sərgiləməsinə və susqun halına, ölkədə yazarlarımızın acınacaqlı durumuna kifayət qədər diqqət ayırmamasına etiraz edir, gələcək nəsillər qarşısında bu qurumun susqunluq günahına ortaq olmaqdan uzaq durur və Muğan bölməsinin sədrliyindən istefa verdiyimi bəyan edirəm.

Sayğılarımla: _________ Namiq Hacıheydərli

AYB Muğan bölməsinin sədri

05 may 2015-ci il

erize foto.jpg

Həmçinin oxuyun

“Röyanı yeyərəm, heç kimlə paylaşmaram” – Nadir efirdə olduğunu unutdu – FOTO

Röyanın harasında plastik əməliyyat edərdin?Bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda Nadir Qafarzadəyə müraciət edib.Nadir …

Bir cavab yazın