Şənbə , Noyabr 28 2020
Ana səhifə / Şou Biznes / Avropa Oyunlarının məşəli Azərbaycanın işğal altındakı rayonlarında…

Avropa Oyunlarının məşəli Azərbaycanın işğal altındakı rayonlarında…

İsmayıl Ağayev: “Həmin rayonlarla bağlı simvolik bir təqdimat keçirməliyik”

“Həmin vaxt qeyd etməliyik ki, bu ərazilərimiz işğal altındadır”

Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda Birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.
Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir – Birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir.
Aprelin 26-sı isə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşdü. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayıb. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
“Bakı-2015” Birinci Avropa Oyunları məşəlinin alovlandırılması dünya mətbuatının diqqət mərkəzindədir. Rusiyanın bir neçə xəbər portalı bu hadisəyə geniş yer ayırıb. Məqalələrdə qeyd olunur ki, aprelin 26-sı İlk Avropa Oyunları həyəcanının başlanğıc günü kimi tarixə düşüb. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan “Atəşgah”dan başlayıb.
Yazılarda Oyunların məşəlini Azərbaycan Prezidenti İlham Əliyevin alovlandırması, mərasimdə “Bakı-2015” İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımi Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirak etdikləri bildirilir. Azərbaycan Prezidenti İlham Əliyevin məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verdiyi qeyd olunub.
Məqalələrdə vurğulanıb ki, Birinci Avropa Oyunlarının məşəli Azərbaycanın bütün bölgələrini gəzib dolaşaraq Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000-dən çox məşəlçi cəlb edilib. Ölkənin 15 şəhər və rayonunda Alov festivallarının keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq. Məşəl Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. Hündürlüyü 660 sm olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Məşəlin gəzdirilməsi proqramında Azərbaycanın bütün bölgələrindən keçməsi qeyd edilir. Bəllidir ki, Azərbaycanın bəzi əraziləri hazırda işğal altındadır. Həmin ərazilərlə bağlı simvolik təqdimata ehtiyac varmı?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın bu cür mötəbər idman hadisəsinə ev sahibliyi etməsi sadə məsələ deyil: “Bu hadisə eyni zamanda bizim üçün geniş təbliğat imkanı açır, həm ölkənin təqdim olunması, həm də problemlərimizin işıqlandırılması baxımından. Maksimum dərəcədə yararlanmağa çalışmalıyıq. Məşəlin marşrutu ilə bağlı açıqlama verilib. Qeyd edilir ki, bütün Azərbaycan ərazisində gəzdiriləcək. Təbii ki, bütün ölkə ərazisi deyəndə ora işğal altında olan torpaqlarımız da aiddir. Bizim hazırda elə işğal olunan rayonlarımız var ki, onların bəzi inzibati ərazi vahidləri bizim əlimizdədir. Məsələn, Ağdam, Füzulidə bunu edə bilərik. Ancaq Şuşada, Laçında və ya Kəlbəcərdə yox. Bu səbəbdən də həmin rayonlarla bağlı simvolik bir təqdimat keçirməliyik. Həmin vaxt qeyd etməliyik ki, bu ərazilərimiz işğal altındadır. Bunun bizim üçün böyük önəmi olar”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın