Şənbə , Avqust 24 2019
Ana səhifə / Şou Biznes / “20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırıq”

“20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırıq”

Şanlı Azərbaycan tarixnin 20 Yanvar səhifəsi tarixdə qanla yazılmış səhifədir, ancaq o, təkcə faciə deyil, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şanlı bir səhifədir. Bu, uzun illər əsarətdə yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvərlərimiz öz sinələrini sovet tankları qarşısında sipərə çevirməklə Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu, xəyanətlərə qarşı barışmazlığını bir daha sübuta yetirdilər.
Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyü, toxunulmazlığı və azadlıq arzusu idi.
Bu faciə bizə müqəddəs bir and yeri miras qoydu. Doğma Bakımızın Dağüstü parkı kimi tanınan məkan Şəhidlər Xiyabanına döndü.
Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir Azərbaycan gənci lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da, məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə gənclərin varlığıdır.
Biz gənclər tarixdən çox gözəl xatırlayırıq ki, Ulu Öndər Heydər Əliyev 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verərək bu faciəni törədənlərin kimliyini dünya ictimaiyyətinə çatdırdı. O, ağır günlərdə xalqı ilə həmrəy oldu, xalqın sınmış inamını özünə qaytardı. O, hakimiyytə gəldikdən sonra isə bu hadisələrə dövlət səviyyəsində siyasi qiymətin verilməsinə nail oldu. Beləliklə, Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisələrini, Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi
Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və
cinayət kimi qiymətləndirildi.

Azadlıq heç kimə xoşluqla verilmir. Azadlıq qanla, canla qazanılır, qorunur və gələcək nəsillərə əmanət verilir. Azərbaycan xalqı da əsrlərlə azadlıq uğrunda çarpışmış, istiqlal naminə mübarizə aparmışdır.
Azərbaycan bizə ulu babalarımızın müqəddəs əmanəti, ərmağanıdır. Bu torpağın hər bir qarışı ölüm-dirim çarpışmalarında şəhid olmuş ata-babalarımızın qanından yoğrulmuşdur. Odur ki, bu gün damarlarında ulu babalarımızın qanı axan hər bir Azərbaycan gənci torpağını, azadlığını qanları, canları bahasına qorumağa hazırdır.

Tamerlan Əkbərov

Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri 

Həmçinin oxuyun

Azərbaycanlı model soyundu – Fotolar

Faina Zuckerman bədən quruluğu və gözəlliyi ilə hamını özünə heyran edir.  Atası yəhudi, anası azərbaycanlı …

Bir cavab yazın