Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Sosial / Zahid Oruc: “Gürcüstan Azərbaycan əleyhinə mübarizə məkanına çevrilməli deyil”

Zahid Oruc: “Gürcüstan Azərbaycan əleyhinə mübarizə məkanına çevrilməli deyil”

Deputat: “Ölkə xaricində müxalif qüvvələri təşkilatlandıran mərkəzlər var”

Son günlərdə Azərbaycan hökumətinin Gürcüstanda şəbəkələşən ölkə müxalifətinin tərəfdarları ilə bağlı atdığı sərt addımlar gündəmi zəbt edib. AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə başlayan proses mayın 29-da yoxa çıxan və bir gün sonra həbs olunduğu üzə çıxan jurnalist Əfqan Muxtarlının həbsi ilə davam etdi.
Prosesin davamlı olacağı göz önündədir. Bunu Gürcüstanda yaşayan azərbaycanlı müxalifətçilərə qarşı hücumlarla söyləmək mümkündür. Görünən odur ki, son illərdə xaricdə yaşayan azərbaycanlı mühacirlərin toplaşdıqları əsas məkan məhz qonşu ölkə idi. Azərbaycan hakimiyyətinə dirəniş də əsas bu məkandan gəlirdi. Belə ki, Azərbaycanda öndə olan siyasi partiyalar, bəzi QHT-lər məhz Gürcüstan üzərindən Avropa tərəfindən maliyyələşdirilirdi. Bu baxımdan, ölkə iqtidarının bu istiqamətdən hücuma keçməsi başa düşüləndir və əslində əvvəldən bunun baş verəcəyi gözlənilirdi. Prosesin hara qədər davam edəcəyi ilə bağlı suallar isə saysız-hesabsızdır.
İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, ölkə kənarında qanun çərçivəsində fəaliyyət göstərən qüvvələr heç bir halda Azərbaycanın hüquq-mühafizə orqanlarının hədəfində deyil: “Belə qüvvələrə qarşı heç bir proses aparılmır və hətta müxtəlif ölkələrdə onlar Azərbaycan əleyhinə fəaliyyətlərini davam etdirir. Onları maliyyələşdirən dairələr də var. Təəssüflər olsun ki, son iki ildə Gürcüstan qeyd olunan istiqamətdə bir qədər önə keçib. Qrant haqqında qanunvericilikdə müəyyən tədbirlər görüləndən sonra bu qüvvələr bildilər ki, onların maliyyə mənbələrinin gizlinləri açılacaq. QHT sektorunda talançılıq və digər halları tək bizim dilimizdən deyil, onların özlərinin dillərindən də az eşitməmisiniz. Gözlənilən idi ki, tədbir görüləndən sonra həmin maliyyə vəsaitləri ölkə daxilindən qaçacaq, avtomatik önə Gürcüstan amili çıxacaq. Belə də oldu, hətta parlamentdə buna bənzər fikirlər də az səslənmədi. Mayın 31-də Gürcüstan səfirliyi və Prezident Aparatının qarşısında Əfqan Muxtarlının həbsi ilə bağlı 200-dən artıq insanın aksiyasını sosial şəbəkələrdə gördüm. Buna, doğrusu, heyrətləndim. Burada söhbət ümumxalq səviyyəsində olan bir şəxsdən gedir ki, onun ətrafında müdafiə istehkamları qurulur? Gürcüstana sosial, iqtisadi istiqamətlərdə gedən şəxslərə təzyiqlər yoxdur. Bunların içərisində oradan maliyyələşən və siyasi mübarizə aparmaq üçün ora gedib vəsaitlər alanlar Lenin dövründəki inqilabi nəzəriyyəni xatırladırlar. Düzdür, hakimiyyət möhkəm, dayanıqlı, oturuşmuşdur. Beynəlxalq aləmdən maliyyələşib, inqilablar etmək də mümkün deyil. Gürcüstanı müxtəlif dairələr ittiham edirlər, qanunsuzluq etdiyini bildirirlər. Guya kimisə Azərbaycana ekstradisiya, yaxud etap edir. Bu məsələ ən müxtəlif dairələrdə qoyulur. Əgər qanunvericiliklə o şəxslərin cinayətləri sübut olunmasa, buna uyğun da addımlar atılacaq. Amma sözügedən şəxslər öz düşüncələrində yüz il öncəyə qayıdıb, inqilabı Gürcüstan başladı, mərkəzi ora keçirmişdik, oradan iqtidar kimi Azərbaycana qayıtdıq kimi xəyallarla yaşayırlar. Təəssüf edirəm ki, bunlar görünməkdə idi”.
Deputat Azərbaycan və Gürcüstanın bu məsələdəki baxışlarının doğru olduğunu da söylədi: “Azərbaycan və Gürcüstanın bu məsələyə baxışları düzgün dəyərləndirilib. Burada normal hüququ mübarizə həyata keçirilib. Söhbət burada şəxsləri qarabaqara izləməkdən, dünyada məskunlaşan şəxsləri təqib etməkdən getmir. Yekun bir həqiqət orada var. Ölkə xaricində müxalif qüvvələri təşkilatlandıran mərkəzlər var. Bu inkarolunmazdır. Bunlara külli miqdarda vəsaitlər verilib. Burada məqsəd demokratiya və azadlıqların yayılması deyil. Belə düşüncə var ki, narazılar ölkədən çıxıblarsa, onları bir araya gətirək. Görməzsiniz ki, Qarabağ məsələsi ilə bağlı birgə fəaliyyətləri öndə olsun. Bir jurnalistə görə ara qatanların bir dəfə də olsun ki, Azərbaycanın milli məsələsi ilə bağlı fəaliyyətlərini görməmişik. Burada dövlətimizin məqsədi aydın, şəffafdır. Gürcüstan Azərbaycan əleyhinə mübarizə məkanına çevrilməli deyil. Biz hər bir dövlətin tutduğu yola hörmətlə yanaşırıq. Azərbaycanın dövlət kursu əleyhinə müxtəlif dairələri casus kimi ələ alan, onları qidalandıran qüvvələr mövcuddur. Bunlar zaman-zaman olub. Ölkə daxilində maliyyə dayaqları sarsılan kimi onlar ayrı-ayrı ölkələrin paytaxtlarına keçiblər. Yəqin ki, qarşıdakı dönəmdə sözügedən hadisənin qrant, maliyyə almaq davasına keçdiyini görəcəyik. Bir daha deyirəm ki, burada söhbət kənardan nəyisə bura ixrac etməkdən getmir”.

musavat.com

Həmçinin oxuyun

Bu yollar bağlanacaq – Sürücülərə xəbərdarlıq!

Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edib.  “Qafqazinfo” xəbər verir …

Bir cavab yazın