Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Sosial / Türkiyə Qarabağ üçün nə edib? – MÖVQE

Türkiyə Qarabağ üçün nə edib? – MÖVQE

Dekabrın 3-də Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyi bir daha bəyan edib. Baş nazir bundan öncəki çıxışlarında olduğu kimi qeyd edib ki, Türkiyə Qarabağ probleminin həllində sona kimi Azərbaycanın yanında olacaq.

“Azərbaycanın işğal altındakı torpaqları qaytarılana qədər Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək. Mən burada Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, ədalətli və davamlı sülhün təmin olunması istiqamətində atılacaq hər addıma dəstək verəcəyimizi bir daha bəyan etmək istəyirəm”-deyə Davudoğlu Bakıda çıxışı zamanı bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarında dəfələrə Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bəyan edib.
Digər rəsmilərin çıxışlarından göründüyü kimi, Türkiyə rəsmi formada Azərbaycanın yanındadır. Bəs, real olaraq Ankara Qarabağın azadlığı uğrunda ciddi addımlar atıbmı?

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Türkiyənin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi ritorikaya hesablanıb: “Davudoğlunun bu dəfəki mövqeyi hər zamankının təkrarıdır. Vaxt olub ki, Türkiyə Dağlıq Qarabağla bağlı daha sərt bəyanatlar verib. Hesab edirəm ki, Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi sadəcə bəyanatlar üzərində qurulub”.
Politoloqun fikrincə, bizim üçün Türkiyə ilə münasibətlərdə vacib olan məsələ Qarabağ probleminin həlli istiqamətində Ankaranın Azərbaycana hərbi dəstək verməsidir. Necə ki, Rusiya bunu Ermənistana edir…
“Azərbaycan hərbi yolla Dağlıq Qarabağ məsələsini həll etsə, Türkiyə tərəfindən tam dəstək verilməlidir. Ortada bu, bəyanat yoxdursa, digərləri ritorikadır. Hesab edirəm ki, Türkiyə tərəfi qeyd etdiyim formada bəyanatı çoxdan verməli idi. Ona görə Türkiyə Dağlıq Qarabağla bağlı mövqeyinə yenidən baxsa daha faydalı olar”, – deyə M. Əhmədoğlu vurğulayıb.

Politoloq Arzu Nağıyev isə qeyd edib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi, tərəfdarı və ən yaxın portnyorudur: “Bu həm də hərbi sahəyə aiddir. Lakin bununla yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli ilk növbədə dünya ictimaiyyəti tərəfindən ATƏT-in Minsk qrupuna həvalə edilib. Eyni zamanda qeyd etmək lazımdır ki, Türkiyə NATO-nun üzvüdür və hərbi müdaxilə ilə bağlı bəyanatları təkbaşına verə bilməz. Məlumdur ki, Rusiyanın NATO ilə sərhəddi məhz Türkiyə-Ermənistan sərhəddindən keçir və məlum gərginliklə bağlı Rusiya öz müttəfiqi olan Ermənistan ərazisində yerləşən 102 saylı bazadakı canlı qüvvəsinin və hərbi avadanlıqlarının sayını artırır”.
Ekspertin sözlərinə görə, bu gün hər hansı bir tərəfdən hərbi müdaxilə ilə bağlı düşünülməmiş addım atılarsa və ya bəyanatlar verilərsə, bu, artıq regional savaşa çevrilə bilər: “Təbii ki, bizim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hərb yolu gündəmdədir, öz aktuallığını itirməyib, düşünürəm ki, istənilən müharibədən sülh yolu daha önəmlidir. Sülhə nail olmaq üçün isə hərbi güc nümayiş etdirməklə təcavüzkarı danışıqlar masasına əyləşdirmək ən önəmli yoldur. Buna görə də Davutoğlunun münaqişə ilə bağlı bəyanatı başadüşüləndir və diplomatik bir gedişdir”, – deyə A. Nağıyev bildirb. AzVision.az

Həmçinin oxuyun

Bu şəxslər 3 min manat cərimələnəcək: Qanun təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanunla …

Bir cavab yazın