Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Şəhid ailələri və Qarabağ əlilləri də cərimələnəcək?

Şəhid ailələri və Qarabağ əlilləri də cərimələnəcək?

Hazırda Azərbaycanda icbari sığortalar sahəsində ən çox gerilik, boşluq olan istiqamətlərdən biri mənzil və evlərin sığortasıdır. 

Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var. Orta hesabla qiymətləndirməyə görə, təkcə Bakı şəhərindəki mənzil və evlərin qiyməti 50 milyard manata yaxındır, mümkün zəlzələ baş verərsə, digər nəticələrdə yanaşı, əmlak sahiblərini belə miqyasda zərər də gözləyir. 

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədə qeyri-yaşayış (yəni kommersiya) obyektlərinin sığortalı olub-olmamasına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Yaşayış evlərinin sığortasına nəzarət isə qanunla rayon icra hakimiyyəti orqanlarına həvalə edilib. Qanuna görə, əmlakını sığorta etməyənlərin cərimələnməsi də nəzərdə tutulur. 

Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistemin yaxın gələcəkdə işə düşəcəyi gözlənilir. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, hazırda respublika ərazisindəki yaşayış obyektlərinin 90%-i, qeyri-yaşayış obyektlərinin isə 70%-i icbari qaydada sığorta edilməyib:

“Söhbət sənədli əmlaklardan gedir. Çıxarışsız əmlaklar da qanunvericiliyə əsasən sənədləşdirildikdən sonra qurulmaqda olan elektron sistem vasitəsilə avtomatik olaraq sığortaya cəlb olunacaqlar.

Onu da vurğulayaq ki, Daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri müəyyən cərimə və məhrumiyyətlərlə də üzləşə biləcəklər. Belə ki, daşınmaz əmlakların satınalması və girov əməliyyatları zamanı bu sığorta növü aidiyyəti qurumlar tərəfindən mütləq tələb olunur. 

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyən edilib. Şəxs, bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır”. 

Ancaq ölkəmizdə müəyyən qrup vətəndaşlar var ki, onlar evləri müqavilə və ya aktla alıblar, həmin mənizllərə “kupça” verilməyib. Məsələn, şəhid ailələri, müharibə əlillərinə dövlət tərəfindən aktla verilən evlərə çıxarış verilmir. Bu evlər də cərimələnəcəkmi? 

Azərbaycan Sığortaçılar Assosiasiyasından Cebhe.info-ya bildirilib ki, icbari sığorta ölkədə qanunvericiliklə tənzimlənir: 

“Bu mənada da hər bir Azərbaycan vətəndaşı qanunvericilik qarşısında bərabərdir. Lakin şəhid və qazi ailələrinə dövlət tərəfindən verilən üstünlüklər və imtiyazlar sığortalanma prosesində də nəzərə alınacaq”. 

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun bu məcəllə qüvvəyə mindikdən sonrakı dövrdə vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Bu qanuna görə də şəhid ailələri və müharibə əlilləri onlara verilən mənzilin çıxarışını ala bilmirlər. Bu da onlara verilən mənzilin satışına imkan vermir. Beləliklə, həmin evlər akt əsasında verilir və sakinlər “kupça” əldə edə bilmir. 

“Kupça” olmadığı təqdirdə, akt əsasında həmin evlər sığortaya cəlb edilə biləcəkmi? 

Onu da qeyd edək ki, digər binalarda mənzil sahibi olan vətəndaşlar müqaviləni müvafiq quruma təqdim etməklə “kupça” əldə edirlər. Şəhid ailələri və müharibə əlillərinə verilən evlərə isə akt əsasında “kupça” alınması qanunla mümkün deyil.  Həmin mənizllərin sığortaya cəlb edilməsi prosedurunun necə olacağı  hazırlıq prosesində olan elektron sistemdə öz əksini tapacaq. Ancaq prosesin nə vaxt yekunlaşacağı və bu qəbildən olan mənzil sahibləri üçün konkret nələrin nəzərdə tutulduğu məlum deyil. 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …