Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / 60 yaşlı müəllimləri gözləyən təhlükə

60 yaşlı müəllimləri gözləyən təhlükə

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək Məcəlləsi” və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edilib. 

Layihələr komitə tərəfindən dəstəklənib və plenar iclasa tövsiyə olunub. Yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə bilər.

Qeyd edək ki, son günlər yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyada iştirakı ilə bağlı müxtəlif fikirlər səslənir və hətta həmin müəllimlərin sertifkasiyada iştirak etməməsi ilə bağlı təkliflər irəli sürülüb. Onu da vurğulayaq ki, sertifikasiyada iştirak etməklə müəllimlər, nəinki öz bilik və bacarıqlarını təsdiq edir, həmçinin bu proses onların əməkhaqqlarına da təsirsiz ötüşmür. 

Əgər yaşı 60-dan yuxarı olan müəllimlər könüllü iştirak zamanı  sertifikasiyadan keçməsə, işdən azad ediləcəklərmi? 

Təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, sertifikasiya olduqca zəruri və vacib bir prosesdir. Bütün hallarda  təhsilverənlərin bilik və bacarıqlarının yoxlanılıb ölçülməsini həyata keçirməlidir: 

“İndiyədək sertifikasiya prosesi mövcud köhnə attestasiya olaraq nəzərdə tutulurdu. Ancaq attestasiya zamanı işçinin yalnız peşə uyğunluğu yoxlanılırdı və bu o qədər də keyfiyyətli alınmırdı. Ancaq sertifikasiya təhsilin inkişafı, təhsilverənlərin öz bilik və bacarıqlarını artırması üçün çox zəruridir. Yəni biz bu gün Azərbaycan təhsilində təhsilverənlərin mövcud bilik və bacarıqlarından razı deyilik. Çünki onlar uzun illər ərzində çalışmalarına baxmayaraq, öz üzərlərində işləmirlər. Ancaq müəyyən heyət var ki, onların sayı çox deyil.

Onların sertifikasiyaya cəlb edilib-edilməməsi təhsil üçün böyük bir itki ola bilməz. Onlar yaşı 60-dan yuxarı olan şəxslərdir. Hazırda təhsil sistemində yaşı 60-dan yuxarı olan müəllimlərin ümumi sayı çox deyil. Hər il bir fənn üzrə minimum 300-400 nəfərin 60-dan yuxarı yaşı olur. Ümumilikdə yaşı 60-dan yuxarı yaşı olan müəllimlərin sayı 20 minə qədərdir. Nəzərə alsaq ki, ölkədə 4432 ümumtəhsil məktəbində 150 min müəllim var və 20 minə yaxının yaşı 60-dan yuxarıdır, bu o qədər də ciddi bir faiz deyil. Bu, təhsil sistemi üçün hər hansı ciddi təhlükə törətmir. Ancaq birdən-birə 20 min müəllimi sertifikasiya yolu ilə tədrisdən uzaqlaşdırmağımız onları əvəz edə biləcək kadrların ciddi çatışmazlığını yarada bilər.

Nəzərə alsaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, sertifikasiya 5 ildən bir keçiriləcək, eyni zamanda 3 dəfə olmalıdır. Bu amil onu deməyə əsas verir ki, 60 yaşında sertifikasiyadan keçən şəxsin bundan sonra maksimum 5 il işləmək imkanı var. Burada könüllülük tətbiq edilməlidir. Çünki müəyyən müəllimlər var ki, 65 yaşdan sonra təqaüdə çıxırlar, istəmirlər ki, sistemdə qalıb davam etsinlər.

Ancaq müəyyən bir qism var ki, istəyirlər işlərini davam etdirsinlər. Düşünürəm ki, o müəllimlər sertifikasiyada iştirak etməlidir ki, 65 yaşdan sonra da ən azı bir neçə il qalıb işləyə bilsinlər. İsbat etmək istəyirlər ki, onların yenə də dərslərdə iştirak etmək, tədrisi təşkil etmək üçün bilik və bacarıq, psixoloji vəziyyəti uyğundur. Bir də hörmət əlaməti var və olmalıdır. Ona görə də 65 yaşdan yuxarı şəxslərin sertifikasiyada iştirakı zəruridir”. 

Ekspert deyib ki, 65 yaşdan sonra da işləmək , yəni bağlanmış müqavilə müddətini uzatmaq istəyən müəllimlər sertifikasiyada iştirak etməlidirlər:

“Eləcə də yenilənmiş əməkhaqqı da burada öz əksini tapır. Belə ki, sertifikasiyaya görə, əməkhaqqına 35 faiz artım olur və onlar əgər bunu istəyirlərsə, sertifikasiyada iştirak etməlidirlər. Yox, əgər istəmirlərsə, köhnə tariflə əməkhaqqı alacaqlar. Burada ciddi bir problem yoxdur. Biz həmin müəllimlərin sertifikasiyada könüllü iştirakına maneə yarada bilmərik. Kim  müqavilənin uzadılmasını , yeni qaydalarla əməkhaqqı artımı istəyirsə, könüllü sertifikasiyada iştirak etməlidirlər.

Yaşı 60 və daha yuxarı olan şəxslər ömürlərinin ən azı 30-35 ilini Azərbaycan təhsilinə, insanların gələcəyinə həsr ediblər. Biz onların bilik və bacarıqları ilə bağlı da müəyyən qədər şübhəli ola bilərik. Ən vacib olan odur ki, yaşı 60-dan yuxarı olan şəxslərin müəyyən xəstəlikləri var. Onları gənclərlə eyni yoxlamaq olmaz. Birmənalı şəkildə müxtəlif  yaş kateqoriyasında olan şəxsləri eyni imtahan sualları ilə yoxlaya bilmərik.

Hər halda, 60 yaşlı biri ilə 25 yaşlı müəllimi eyni suallarla, eyni alətlərlə yoxlamaq, ölçmək testologiyaya görə belə, düzgün yanaşma tərzi deyil. Biz bu amili nəzərə almalıyıq. Ona görə də 60 yaş və daha yuxarı şəxslərin sertifikasiyadan azad edilməsi çox yaxşı haldır”. 

Maraqlı məqam 60 və daha yuxarı yaşlı müəllimlərin könüllü sertifikasiyaya girəcəkləri və tələb olunan balı toplamayacaqları təqdirdə, gələcək aqibətlərinin necə olacağıdır. Bəllidir ki, daha yüksək maaşla təqaüdə çıxmaq arzusunda olan müəllimlər var və onlar artıma nail olmaq üçün könüllü sertifikasiyaya qatıla bilərlər. 

Bu halda həmin müəllimlər də digər yaş kateqoriyasından olan həmkarları kimi işdən azad olunacaqlar? Kamran Əsədovun sözlərinə görə, 60 yaşdan yuxarı müəllimlərə də iki dəfə şans veriləcək. Əgər onlar könüllü qatıldıqları sertifikasiyada hər iki cəhddə lazımı qədər bal toplaya bilməsələr, işdən uzaqlaşdırılacaqlar. Yəni bu zaman onların prosesdə könüllü iştirakı nəzərə alınmayacaq. 

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …