Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Rusiyaya bağlı 2 generalın həbsinə hazırlıq gedir – şok gəlişmə

Rusiyaya bağlı 2 generalın həbsinə hazırlıq gedir – şok gəlişmə

Bakıdan Kremlə “yumşaq güc” nümayişi; Hakimiyyət “Avrasiya Hərəkatı”na qarşı hərəkətə keçir; qurumun yaradıcıları olan Nəriman İmranov və İlqar Qasımovun tezliklə saxlanılacağı haqda məlumat yayılıb; Moskvanın burdakı “5-ci kolon”çularının “ovu” başlayır?

Bir neçə həftə qabaq Azərbaycanda Rusiyaya bağlılığı şübhə doğurmayan “Avrasiya Hərəkətı” adlı qurumun yaradıldığı elan edildi. Hətta qurumun bəzi bölgələrdə (məsələn, Qazaxda) yerli strukturlarını təsis eləməyə cəhdlər olundu. Bu cəhdlər bəzi informasiyalara görə, davam edir.

Yeni rusiyapərəsət siyasi qüvvənin başında duran iki şəxs – Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri, SSRİ KQB-sinin orta eşelonunun nümayəndələrindən sayılan Nəriman İmranov və Rusiya Ədliyyə Nazirliyinin yalançı generalı, təsir agenti və QRU-nun adamı olması şübhə doğurmayan İlqar Qasımov haqda oxucular yetərincə məlumatlıdır. Onların ölkə ictimai-siyasi mühitində neqativ planda qəbul edildiyi də çoxlarına bəllidir. 
Elə maraqlısı da bunca mənfi imicə malik şəxslərin Azərbaycan cəmiyyətində rusiyayönlü quruma dəstəyi necə qazandıracaqları ilə bağlı idi. Ötən müddət göstərdi ki, belə dəstəyi almaq həqiqətən də asan məsələ deyil. Azərbaycan insanı, hər halda, bu kimi “şirnikləndirici ideya” və testlərdən bir neçə dəfə keçib. Üstəlik, Rusiya nə edir-etsin, Qarabağ (Ermənistan) məsələsinə görə onun cəmiyyətimizdəki imici çoxdan və ciddi şəkildə korlanıb.
Görünür, hakimiyyət də bu və digər reallıqlardan çıxış edərək, eyni zamanda Rusiyanı izafi qıcıqlandırmamaq və İmranov-Qasımov cütlüyünün ilkin addımlarını izləmək üçün bir müddət gözləmə mövqeyi tutub. Yəni ideya öz-özünə iflas olacaqsa, özünə zəmin tapa bilməyəcəksə, o zaman xüsusi kontur-tədbirlərə və Moskvanın diqqətini çəkən siyasi qalmaqala nə ehtiyac məntiqi.
 
 
Ancaq söhbət Rusiya kimi məkrli, Azərbaycanı öz hərbi-siyasi orbitinə qaytarmaq, Avrasiya İttifaqına üzv eləmək üçün yollar arayan, min cür oyundan çıxan dövlətdən gedirsə, məsələni başlı-başına buraxmaq da strateji yanlışlıq olardı. Ən azı ona görə ki, tam cəzasızlıq və arxayınçılıq hiss edən Rusiya “5-ci kolon”çuları başqa formalarda fəallaşa, cəmiyyətin müəyyən təbəqəsinin saqqızını oğurlaya bilərlər. 
Təsadüfi deyil ki, Azərbaycanda “Avrasiya Hərəkatı”nın elan edilməsindən çox keçməmiş Moskvanın ölkəmizdə hərbi baza qurmaq istədiyi haqda xəbər yayılıb. Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı bildirib ki, Kreml 3 il öncə bağlanmış Qəbələ RLS-in yerində bu dəfə daha modern bir stansiya qurmaq niyyətindədir.
***
Ən maraqlısı isə budur ki, bu xəbərdən cəmi iki gün sonra Nəriman İmranov və İlqar Qasımovun həbsinə hazırlıq getdiyi barədə informasiya yayılıb. Virtualaz. org saytı mötəbər mənbələrə istinadən xəbər verib ki, QRU-nun Bakıda təxribatçı-pozucu işləri fəallaşdırmaq üçün yeni təşəbbüsü Azərbaycanın yüksək dairələrində əsəbiliklə qarşılanıb.
“Hakimiyyət Rusiya xüsusi xidmət orqanlarının pərdəarxası dairələri qarşısında öz sarsılmaz iradəsini nümayiş etdirmək üçün qətiyyətli tədbirlər görməyə hazırlaşır. Həm İmranovun, həm də Qasımovun həbsi imkanlarını nəzərdən keçirir və bugünlərdə onlar həbs edilə bilərlər” – məlumatda iddia edilir.
Hələ ki müvafiq instansiyalar məsələ ilə bağlı hansısa açıqlama verməyib. Ancaq görünən budur ki, rəsmi Bakı Rusiya ilə münasibətlərə nə qədər önəm versə də, bu münasibətlərin həm də bəlli bir çərçivədə qalmasında maraqlıdır və Kremlin “təsir agentləri”nin və “5-ci kolon”çuların Azərbaycanda hakimiyyət saymazyana şəkildə sərbəst hərəkətlərindən məmnun deyil. Həm də o səbəbə ki, ölkədəki situasiyaya nəzarəti itirmiş kimi görünmək istəmir və ən önəmlisi, rəsmi Moskvanın Azərbaycanda hər şeyə qadir olması rəyinin yaranmasına qarşıdır. Üstəgəl, Qəbələ RLS-in bərpası söz-söhbətləri fonunda daha da zəifləmiş, geri çəkilmiş kimi görünməsi fonunda hakimiyyətin Moskvaya qarşı “yumşaq güc” nümayişinə qərar verməsi istisna deyil.
***
Bir daha qeyd edək ki, Azərbaycanda Kremin “5-ci kolon”unu yaradıb təşkilatlandırmaq cəhdləri nə qədər qeyri-mümkün, iflasa məhkum görünsə də, təhlükəni tamamilə çıxdaş eləmək olmaz. Çünki söhbət hər necə olmasa, Rusiyaya bağlı planlar və Kremlin dəstəyindən gedir. Bəs görəsən, Moskvanın özü bu həbslərə necə reaksiya verəcək. Bir maraqlı sual da yəqin ki, budur.
Ancaq buna şübhə yox ki, Rusiya Gürcüstan kimi, ölkəmizi də öz siyasi-hərbi orbitinə qaytarmaq üçün arsenalındakı siyasi, hərbi, ideoloji xarakterli bütün təsir, təzyiq və inandırma üsullarını artıq işə salıb – özü də Azərbaycana qarşılıq heç nə vəd eləmədən, Qarabağ məsələsinin ədalətli həllinə kömək söz vermədən. Əsas təhlükə də bax, budur. 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın