Yayılan məlumatlara görə, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycandan Bakı hava limanına gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı ayrıseçkiliyi dayandırmağı, Heydər Əliyev adına beynəlxalq hava limanında vəzifəli şəxslərin davranışına layiqli qiymət verməyi tələb edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev çərşənbə axşamı keçirilən mətbuat konfransında deyib ki, məsələ ilə əlaqədar Azərbaycan tərəfinin mövqeyi Rusiya tərəfinə izah olunub.
O, həmçinin, Azərbaycanın multikulturalizm ənənələrinə malik olduğunu vurğulayaraq, əlavə edib ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib.
“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb”, – o deyib.
H.Hacıyev bildirib ki, bəzi milliyyətcə erməni olan şəxslər hələ də etnik zəmində təfriqəçiliyin yaranması istiqamətində işlər aparır və o səbəbdən də bu kimi tədbirlər həyata keçirilir. Göründüyü kimi, Rusiyanın narazılığına Azərbaycan XİN çox arqumentli və prinsipial izah verib.
Məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyinə ekspertlər necə baxır?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə bildirdi ki, Rusiyanın belə bir mövzunu ortaya ataraq ona dövlət səviyyəsində reaksiya verməsi təəccüblü görünür: “Yaxşı olardı ki, Rusiya daha ciddi məsələlərə sərt reaksiya versin. Həmin ölkə münaqişənin nizamlanmasını üzərinə götürüb, ancaq milyonlarla insanı öz dədə-baba yurdlarından didərgin salan Ermənistana sərt reaksiya vermir. İndi bir-iki erməninin aeroportda sənədinin yoxlanmasına etiraz edir. Bu birbaşa həmin ölkənin erməni təəssübkeşliyindən xəbər verir. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi reaksiyasını dəstəkləyirəm. Əlavə olaraq bildirirəm ki, biz Ermənistanla hazırda müharibə şəraitində yaşayırıq. Buna baxmayaraq, dəfələrlə bəyan etmişik ki, bundan sonra da Azərbaycan vətəndaşı olan ermənilərə sahib çıxa bilərik. Hətta Prezident onlara Azərbaycanın tərkibində ən yüksək status verəcəyini də qeyd edib. Bütün bunlara rəğmən, Azərbaycan öz sərhədlərinə, daxili təhlükəsizliyinə ciddi nəzarət edir. Təbii ki, ölkəyə erməni soyadı ilə daxil olmaq istəyən istənilən vətəndaş ciddi yoxlamaya məruz qalmalıdır. Bəs nə edilməlidir? Erməniləri yoxlamadan ölkəyə buraxmalıyıq?
Rusiya niyə Ermənistana monoetnik dövlət olduğuna görə etiraz etmir? Mənə elə gəlir ki, bu məsələ ilə bağlı Rusiyanın mövqeyi əsassızdır. Çünki Azərbaycan multikultural ənənələrə riayət edən və dünyada nümunə ola biləcək azsaylı ölkələrdəndir”.
Məhəmmədəli QƏRİBLİ