Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Putinin müşaviri Qarabağ sənədinin detallarını açır – sensasion gəlişmə

Putinin müşaviri Qarabağ sənədinin detallarını açır – sensasion gəlişmə

“Rusiyanın vasitəçiliyi ilə əldə olunan 5 aprel atəşkəs anlaşmasından sonra Qarabağ konflikti ətrafında maraqlı situasiya yaranıb. Bu situasiyanın əsas özəlliklərindəın biri Moskvanın siyasi-diplomatik fəallığının artmasıdır. Hələlik bu fəallığın vaxt udmağa, yoxsa konfliktin həllində pozitiv nəticəyə nail olmağa hesablandığını söyləmək çətindir. Forpost Ermənistanda Rusiyaya qarşı özünü göstərən narazılıqlar isə rəsmi İrəvanın danışıqların davamında maraqlı olmadığını göstərir.
Bu arada  ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor”un Avrasiya regionu üzrə baş analitiki Yevgeni Çauşovski 4 günlük müharibənin dayandırılmasından sonra işğal altındakı Azərbaycan ərazilərində olub. Virtualaz.org xəbər verir ki, əslən Rusiyadan olan Çauşovski hərbi əməliyyatlardan sonra İrəvandan Dağlıq Qarabağa gəlib.
Analitik bu səyahət haqda təəssüratlarını bölüşərək yazır ki, Ermənistanın Gorus rayonunu keçib Qarabağa yaxınlaşan kimi təzəcə başa çatmış hərbi əməliyyatların əlamətləri hiss olunur. Yol boyu üzü Qarabağa tərəf əsgərlərlə dolu “KamAZ” maşınları hərəkət edir. Laçına çatmamış isə xeyli tank və içərisi əsgərlərlə dolu hərbi maşınlar yolun kənarında dayanıb.
Yəni müşahidələr və məlumatlar onu təsdiqləyir ki, Ermənistan işğal zonasını öz xoşu ilə tərk etmək istəmir, əksinə, bütün silah arsenalını və canlı qüvvəsini Qarabağa daşıyır. Düşmən Azərbaycanın irimiqyaslı əməliyyatlara start verəcəyindən ehtiyatlandığını açıq etiraf edir. Ermənistan cəbhədə təxribatları davam etdirir, Azərbaycan hərbçisinin meyitini qaytarmaqdan, həmçinin öz meyitlərini geri almaqdan imtina edir. Artıq XİN bununla bağlı beynəlxalq aləmə müraciət edib.
Düşmən ölkə nə etmək istəyir, məqsədli şəkildə gərginlik yaradarkən kimə arxayındır? İrəvan Putinə arxalanıb aprel toqquşmalarının təkrarlanmasına səbəb ola bilərmi? “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu düşmənin cəbhədə fəallaşmasını “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Ermənistan odla oynayır:
“Deyəsən, 2 aprel tarixindəki təxribatlarına verilən dərs İrəvana kifayət etmədi. Anlamalıdırlar ki, döyüş meydanındakı hərbçilərimizin meyitlərini götürməyə imkan verməsələr, Azərbaycan ordusu onları başqa yolla döyüş meydanından çıxara bilər. Bir də anlamırlar ki, indi keçmiş dövr deyil ki, İrəvanın nazı ilə oynayaq. Şəhid hərbçilərimiz qısa müddətdə döyüş meydanından çıxarılıb dinimizə uyğun dəfn edilməlidir. Məncə, Azərbaycan hakimiyyəti və XİN hər iki tərəfi atəşkəsə razı salan tərəf kimi məsələ ilə bağlı Moskvaya müraciət etməlidir. Deyilməlidir ki, Kreml İrəvana təsir etsin, əks halda, atəşkəsin növbəti dəfə pozulmasına görə bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərində olacaq. 2-5 aprel tarixlərindəki döyüş Ermənistan hakimiyyətinə və cəmiyyətinə onu təlqin etməli idi ki, onların Rusiyaya arxayınlığı yersizdir. Bəli, Rusiya Ermənistanı qoruyacaq, ancaq Dağlıq Qarabağ və ətrafında məskunlaşan işğalçıları qoruya bilməyəcək”.
Erməni analitiki İqor Muradyan isə Lragir.am saytında Ermənistanın məğlub durumunda olduğunu yazıb və Rusiyanı ittiham edib. “Rusiya Ermənistana rüsvayçı məğlubiyyət yaşadıb və onu əmr edilən yerdə dayanmağa hazır olan, sözə qulaq asan vassal rolunda təqdim edib. Ermənistan yalnız döyüş meydanında məğlub olmadı. Ermənistanın məğlubiyyəti daha böyükdür və o, növbəti dəfə gülünc əlaltıya çevrildi” – Muradyan, cəbhədə baş verən son hadisələri şərh edərək yazıb.
Öz növbəsində Rusiyadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Putinin etibarlı şəxslərindən (danışmanlarından) sayılan politoloq Sergey Markov ermənilərin düşdüyü vəziyyətə görə elə onların özlərini günahlandırıb. O bildirib ki, cəbhədə son hadisələrdə ilk addımın kim tərəfindən atılması barədə mübahisələr olsa da, Azərbaycan tərəfi daha əmin mövqe nümayiş etdirməlidir: “BMT-nin Azərbaycanın xeyrinə çıxardığı qətnaməsi var, Madrid prinsipləri var. Ona görə də münaqişənin alovlanmasının məsuliyyəti İrəvanın üzərinə düşür”.
Rusiyalı təhlilçi qeyd edib ki, Azərbaycan bir neçə məqsədə nail olub: “Danışıqların donu açılıb. Bu çox vacib, strateji addım idi. Azərbaycan öz hərbi gücünü göstərdi. Hərbi texnika baxımından Azərbaycan iki dəfə güclüdür. Həm də əhali tərəfindən böyük dəstək olub, insanlar müharibəyə başlamaq istəklərini bəyan ediblər. Azərbaycanın ərazisi az da olsa, dəyişdi”.
S.Markov danışıqlar masasında olan sənəddən də bəhs edib: “İndi masa üzərində 2011-ci ildə hazırlanan Kazan formulu var. O zaman siyasi iradə olmadığından bu formul həyata keçmədi. Bu formulda müvəqqəti tarixi kompromis nəzərdə tutulur. Plana əsasən əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılmalıdır. Onların sayı 7-dir. Neçəsinin qaytarılacağı isə danışıqlarda müzakirə olunacaq. Bu, Azərbaycanın qazancıdır. Ola bilər ki, bölgəyə sülhməramlılar yerləşdirilsin. Ən əsası, Ermənistan blokadadan çıxacaq, iqtisadiyyatı inkişaf edəcək. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi və qaçqınların geri qaytarılması məsələləri olacaq. Əsas narazılıq bu sahədə olub. Nə zaman referendum olacaq, referendumadək nə qədər qaçqın hara qaytarılacaq. Bu kim məsələlərdə problem yaranmışdı. Ermənistan deyirdi ki, əgər BMT qətnamələrini, Madrid prinsiplərini əsas gətirirsinizsə, bu o deməkdir ki, referendumun nəticələri əvvəldən müəyyən olunub. Mənim proqnozum belədir ki, danışıqlara tezliklə başlanacaq və onlar əvvəlki kimi çox uzanmayacaq. Hansısa prinsiplərdə artıq razılaşmaya nail oluna bilər və qaçqınların qaytarılmasına başlanıla bilər”.
Putinin etibarlı şəxsi daha da irəli gedərək “anladığım qədər, danışıqlar tezliklə başlayacaq və uzun sürməyəcək. İlk qaçqınlar artıq bu il öz tarixi yerlərinə qayıda biləcəklər” – deyib.
Xatırladaq ki, ötən həftə verdiyi açıqlamada Markov ilin sonunadək 5 rayonun boşaldılacağının anonsunu vermişdi. Onun dediklərinin nə dərəcədə mötəbər olduğunu söyləmək çətindir. Xüsusilə də erməniləri aşkar müdafiə mövqeyindən çıxış edən Putin hakimiyyətinin baqşa danışan dili – Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin yenə Türkiyə və Azərbaycana qarşı təhdidlərinin fonunda Moskvanın hansısa optimal varianta gedəcəyi az inandırıcı görünür.
Politoloq Arzu Nağıyev düşmənin son davranışlarını qəzetimizə şərh edərkən dedi ki, Ermənistan rəhbərliyi nəyin bahasına olursa-olsun bu məğlubiyyəti kiminsə ayağına yazmağa çalışır: “Silahların keyfiyyəti və ya digər bəhanələr bumeranq effekti verir və siyasi narazılıqlara gətirib çıxarır. KTMT-nin, Rusiya başda olmaqla, generalitetinin İrəvana gətirməsinin əsas məqsədi də məhz budur. Daha doğrusu, Rusiya nümayiş etdirməyə çalışır ki, bir yerdə olsalar da, onlar cavabdehlik daşımırlar. Bütün bu gərginliklərin də səbəbi məhz budur”.
Kremlyönlü politoloq Markovun bəyanatına gəlincə, A.Nağıyev bunları dedi: “Diqqət etsək, görərik ki, onun dedikləri Ermənistanın xarici işlər naziri Nalbəndyanın da fikirləri ilə üst-üstə düşür. Yəni söhbət 7 rayonun qaytarılması, qaçqınların geri dönməsi, Dağlıq Qarabağın status məsələsi və sülhməramlıların əraziyə gətirilməsindən gedir. Sadəcə olaraq Madrid prinsipləri ilə demək olar ki, eyni olan Kazan sövdələşməsi ortaya qoyulur. Bunu da əsas səbəbi məhz Rusiyanın regionda söz sahibi olmaq iddiasıdır. Kazanda bu sənəd qəbul ediləndə Rusiya Prezidenti Medvedyev olub və bu məsələni də ermənilər özləri üçün bir xətt kimi qəbul edirlər ki, bununla müəyyən qədər Rusiyadan yarınsınlar. Markovun belə bəyanat verməsi də Rusiyanın bu münaqişənin həllində əsas oyunçulardan biri olduğunu və münaqişənin sülh yolu ilə həllinin məhz müəlliflərindən birinin olmasını göstərməkdir. Ən maraqlı məqam isə məhz son əməliyyatlardan və Azərbaycan tərəfinin güc nümayişindən və Qərbin, əsasən də ABŞ-ın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatlardan sonra Ermənistan və Rusiyanın bu addımları atmasıdır. Yəni artıq təcavüzkarı danışıq masasına əyləşdirmək mümkündür və buna bütün dünya ictimaiyyəti, o cümlədən Ermənistanın havadarları da əmin oldular. Məhz bundan sonra danışıqların mümkünlüyü və şərt irəli sürən tərəfin artıq Azərbaycan olacağı aydın görünür”.
“Dağlıq Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs mövcuddur. Mən hər zaman Avropa Şurasına 47 üzv dövlətini hər birinin ərazi bütövlüyünə dəstək nümayiş etdirmişəm”. Bunu Parlament Assambleyasının yaz sessiyasının açılışında AŞPA prezidenti Pedro Aqramunt deyib. AŞPA rəhbərliyinin ədalətli mövqe tutduğu bir məqamda ABŞ və Rusiyanın Qarabağla bağlı ortaq hərəkət etdiyi barədə xəbərlər sızmaqdadır. Ancaq hələ ki, beynəlxalq aləmin ədalətinə inananlar azdır.
Politoloq Hikmət Hacızadə hesab edir ki, kağızda olan planlar real planlardan fərqlənir: “Rusiyanın planı hər iki ölkəni əsarətdə saxlamaqdır və Moskva bunun üçün xeyli güc sərf edir. Başqa planlar irəli sürən qüvvələr kağızdan başqa ortaya heç nə qoymaq istəmir”. Hələ ki situasiya tam bəlli olmadığı üçün başlanacaq qarşıda nələrin olacağını proqnozlaşdırmaq çox çətindir. Amma bu, bir gerçəklikdir ki, erməni ordusuna vurulan son zərbələrin ardınca Azərbaycan diplomatiyası üstün mövqeyə keçib.(musavat.com)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın