Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Mağazaların onlayn fırıldağı: İndi də bu yola əl atırlar

Mağazaların onlayn fırıldağı: İndi də bu yola əl atırlar

Bütün dünyada olduğu kimi Azərbaycanda da son illər onlayn ticarət geniş vüsət alıb. Əziyyət çəkməmək, rahat olmaq üçün sifariş verirsən, məhsulu düz qapına qədər gətirib çıxarırlar. “Qara cümə”yə bir neçə gün qalmış isə insanlar sərfəli alış-veriş etmək üçün müxtəlif mağazalardan endirimli qiymətlə məhsulları almağa can atırlar. 

Bu zaman bəzi platformalarda saxta endirimlərin edildiyi aydın şəkildə görünür.  “Trendyol”, “Hepsiburada”, “Aliexpress”, “Ebay” kimi onlayn mağazalar “Qara cümə”yə bir neçə gün qalmış əvvəlcə qiymətləri qaldırır və sonra “endirim” edir. 

Mövzu ilə bağlı Yenisabah.az-a əmtəəşünas, araşdırmaçı yazar Elçin Bayramlı danışıb.

O, bu cür “endirim”lərin bütün dünyada geniş yayıldığını bildirib: 

“Onlayn və ənənəvi mağazalarda qiymətlərin əvvəlcə qaldırılıb sonra endirim olunmuş kimi göstərilərək əvvəlki qiymətə satılması geniş yayılmış problemdir. Bu bazar iqtisadiyyatı deyilən kapitalizmin istehlak kütləsi üzərindəki marketinq siyasətinin nəticəsidir. Lazım olduğundan artıq məhsul istehsal olunur və onların satışı tamamilə reallaşmır, ona görə də mağazalar ilin sonunda bu məhsulların kütləvi satışını təşkil etmək üçün bu cür marketinq kampaniyaları təşkil edirlər. Daha sonra hər yerdə “endirimləri” reklam edərək insanların şüuraltına bunu yeridirlər. Belə “endirim kampaniyaları”nda insanlar hətta saqqal darağı belə olsa, alırlar. Onlar lazım olmayan, yaxud lazım olduğundan artıq məhsul alırlar, çünki mağaza məhsulun 3-nü, 4-nü alana güzəşt etdiyini deyir”. 

Ekspert bildirib ki, bu cür saxta kampaniyalara insanları cəlb etmək üçün istehsalçılar müxtəlif psixoloji hiylələrə əl atırlar: 

“Bu, psixotron texnologiyadır, əvvəlcədən xüsusi institutlar tərəfindən altşüura təsir mexanizmləri işlənir, səs, görüntü frekansları ilə süni ajiotaj yaradılır və onsuz da satılmayacaq olan məhsullar satılmağa başlayır. Bir çox kapitalist ölkələrində məhsulların saxlanması baha başa gəlir, bunun üçün xüsusi anbarlar tutulur, onları qorumaq üçün işçilər cəlb olunur  və s. Bəzən məhsul keyfiyyətini itirir, yaxud onların yeni modeli çıxır, belə olan halda həmin məhsullar onsuz da zibilliyə atılmalıdır. Onların atılmaması üçün ucuz qiymətə satışa çıxarılır. Amma bu zaman da sahibkar qazanır. Məsələn, məhsulun maya dəyəri 5 manatdırsa və əvvəl 10 manata satılırdısa, endirim zamanı həmin mal 7 manata təklif olunur. İstənilən halda istehsalçı pul qazanır. Heç bir halda məhsul maya dəyərindən aşağı qiymətə satılmır, heç kim ziyana getmir. Bu kimi kampaniyalarda uduzan bir tərəf var – istehlakçı”. 

E.Bayramlının sözlərinə görə, bu kimi kampaniyalarda məhsul ucuz satılsa belə, sonda istehsalçı qazanclı çıxır:

“Məhsulun maya dəyəri hər zaman aşağı olur, endirimlə belə onlar 20-30 qat baha satılır. Sadəcə olaraq onları satmaq üçün müxtəlif oyunbazlıq, hoqqabazlıq etmək gərəklidir. “Qara Cümə” də onlardan biridir. İlin yekunu olduğuna bu böyük kampaniya kimi təqdim olunur və anbarlarda həmin ildən qalmış məhsullar satılır. 

Onları satmaq üçün müxtəlif kredit, taksit kartlarından istifadə edilir. Bu zaman onları daha rahat satmaq olur. Bu gün taksit kartları da bir növ terror silahıdır. Artıq insanlar gələcəkdə qazanacaqları ehtimal edilən pulları belə xərcləyirlər. 

Belə mühitdə insanlar davamlı olaraq nə isə almağa çalışırlar. Buna bazar iqtisadiyyatında istehlak çılğınlığı deyilir. Bu halı daim qüvvədə saxlamaq üçün istehsalçılar müxtəlif reklamlar, endirimlər edirlər ki, mallar anbarda qalmasın, yaxud zibilliyə atılmasın. Hətta bəzi ölkələrdə məhsulları zibilliyə atmaq belə böyük xərc tələb edir, malları utilizasiya etmək baha başa gəlir. Ona görə də bu xərcləri qarşılamaqdansa, məhsulu bir qədər aşağı qiymətə satırlar və yenə də ziyanlı çıxmırlar”.  

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …