Ana səhifə / Sosial / Kreml Bakıya qarşı şantaj siyasətini gücləndirir – təhlükə

Kreml Bakıya qarşı şantaj siyasətini gücləndirir – təhlükə

Sterliqov və xanımının Qarabağdakı oyunlarına, rusiyalı sənətçilərin və jurnalistlərin işğal altındakı ərazilərə adiləşən səfərlərinə rəsmi Moskvanın seyrçi reaksiyası, Qarabağ ermənilərinə Rusiyada qanunsuz sürücülük vəsiqələri verilməsi aysberqin yalnız görünən tərəfləridir…

Dağlıq Qarabağ məsələsində üç vasitəçidən biri olaraq, ədalətli mövqe tutmaması azmış kimi, Rusiya son vaxtlar ölkəmizə qarşı gizli-açıq şəkildə təxribatçı hərəkətlərini də artırıb. Söhbət ən əvvəl avantürist iş adamı, işğal altındakı torpaqlarımızda macəra axtaran və vəkili erməni olan German Sterliqovdan və onunla eyni ağılda olan arvadı, modabaz və ədabaz Alyonadan gedir – hansılara qarşı ki, Azərbaycanda tam haqlı və qanuni olaraq, cinayət işi açılıb.

 
Azərbaycana bu çağırılmamış qonaqların ölkəmiz əleyhinə təxribatçı əməlləri və verdikləri açıqlamalar həm də ona görə xüsusi diqqət çəkir ki, Ermənistanla yanaşı, Rusiyanın da rəsmi və qeyri-rəsmi KİV-lərində onların əməlləri geniş təbliğ olunur, ölkəmizin ərazi bütövlüyü və suverenliyi şübhə altına qoyulur. 
Sterliqovun özü isə dünən Moskva aeroportunda saxlanılsada, Rusiya onun Azərbaycana təhvil verilməsində maraqlı deyil, çünki onun vasitəsilə Bakıya qarşı faktiki, yeni bir təhdid və şantaj vasitəsi tapıb. 
Azərbaycan əleyhinə bu qəbildən başqa təhdid üsulu isə vaxtaşırı tanınmış rusiyalı sənət adamları və ictimai-siyasi xadimlərin, media mənsublarının separatçı bölgəyə səfər etməsinə Kremlin israrla göz yummasıdır. Elə dünən bəlli olub ki, tanınmış müğənni Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Xankəndi şəhərində sentyabrın 2-də təxribatçı məqsəd daşıyan konsert proqramı təşkil ediləcək. Üstəlik, Kazarnovskaya özü ilə bərabər, iki italyan sənətçini – Canluko Marçiano və vokalist Nikola Uliveri də separatçı regiona getməyə razı salıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı artıq sərt mövqeyini bildirib və təxribatçı məqsəd daşıyan konsert proqramının təşkilini qəti şəkildə qınayıb. Sitat: “Bu konsert proqramı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, qanlı etnik təmizləmə siyasətinin nəticəsi olaraq yaradılmış qondarma rejimin təşviqinə xidmət edir. Ədalət və sülhdən danışan Kazarnovkayaya xatırlatmaq istərdik ki, konsertin keçiriləcəyi Xankəndi şəhərindən bir neçə kilometr aralıda yerləşən Xocalı şəhərində Ermənistan və qondarma rejim tərəfindən 1992-ci ildə yerli azərbaycanlı əhaliyə qarşı bəşəriyyətin ən dəhşətli insanlıq əleyhinə cinayəti və soyqırımı törədilib. Özünü mədəniyyət xadimi adlandıran şəxslər heç olmasa, bu faciənin qurbanı olmuş azyaşlılardan və qadınlardan utanmalı və vicdan əzabı çəkməlidirlər. Ermənistanın vandalizm siyasətinin nəticəsidir ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının zəngin maddi-mədəniyyət abidələri, o cümlədən dünyada məşhur olan Qarabağ musiqi irsi talan və məhv edilib”.
Hikmət Hacıyev əlavə edib ki, konsert proqramında iştirak edən digər əcnəbi vətəndaşların adları da müvafiq araşdırmadan sonra arzu olunmaz şəxslər siyahısına daxil ediləcək.
*****
Ancaq qəribədir ki, Rusiya XİN-i indiyədək bircə dəfə də olsun, öz vətəndaşlarını separatçı bölgələrimizə qanunsuz səfərlər etməkdən çəkindirməyə çağırmayıb. Hələ harasıdır, bu arada məlum olub ki, Rusiyanın Dövlət Avtomobil Müfəttişliyi İdarəsi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində doğulmuş Petrosyan Arşak Valeriviç adlı şəxsə sürücülük vəsiqəsi verib (avropa.info).
Sürücülük vəsiqəsində Dağlıq Qarabağ ayrıca “respublika” kimi göstərilib. Belə ki, 1985-ci il təvəllüdlü Arşak Petrosyan Valeriviçin doğulduğu yer “Dağlıq Qarabağ Respublikası” kimi qeyd edilib (bax foro).
Yada salaq ki, ötən il başqa bir analoji faktı Azərbaycan mediası tapıb üzə çıxarmış, lakin Rusiya tərəfdən rəsmi mövqe öyrənməyə müvəffəq olmamışdı. İndi tutaq ki, rusiyalı incəsənət və iş adamları müstəqil şəxslərdir və onların hərəkətlərinə dövlət cavabdehlik daşımır. Bəs Rusiyanın Dövlət Avtomobil Müfəttişliyi İdarəsi necə olsun, o ki dövlət qurumudur?
Və ya nədən Rusiya XİN bircə dəfə də olsun öz vətəndaşlarını işğal altındakı torpaqlara qanunsuz səfərlərdən çəkindirməyib – necə ki, bunu Ukrayna və digər normal dövlətlər vaxtaşırı edir? Moskva ərazi bütövlüyümüzü tanımırmı?
Sadalanan faktlar, üstəgəl, son vaxtlar Azərbaycanda rusiyayönlü “5-ci kolonçu”ların fəallaşaraq “Avrasiya hərəkatı” adlı təxribatçı qurum yaratmaq cəhdləri bir daha sübut edir ki, Moskva Bakıya qarşı şantaj siyasətini gücləndirib və bu yöndə təxribatçı əməlləri durdurmağa hazırlaşmır.
Bəzi analitiklərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Bakıya başlayan səfəri də əslində eyni siyasətə xidmət edir.
Siyasət şöbəsi

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …

Bir cavab yazın