Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / Kissincerin oyunu, yaxud gizli Suriya razılaşması varmı? – TƏHLİL

Kissincerin oyunu, yaxud gizli Suriya razılaşması varmı? – TƏHLİL

“Suriyanın SSRİ-nin nəzarətindən çıxmasına imkan vermək olmaz”. (L.Brejnev)

1962-ci ildə SSRİ ilə ABŞ arasında Karib böhranı yaşananda Henri Kissincer Ağ Evdə elə də önəmli post tutmurdu, ancaq buna baxmayaraq, Vaşinqtonda tədricən vacib fiqura çevrilməkdə idi. Böhranın həllində həlledici rol oynayan, lakin üzdə olmayan şəxslərdən də biri şübhəsiz ki, Kissincer idi.

SSRİ-nin o zaman ABŞ-dakı səfiri olmuş əfsanəvi diplomat Anatoli Dobrınin də krizin həllində müstəsna rol oynamışdı. Dobrıninin Kissincerlə yaxın münasibətləri vardı. ABŞ-SSRİ arasında baş verən istənilən kritik məsələnin həllində Kissincer-Dobrıni cütlüyü əvəzsiz rol oynayırdı, böhranlı məsələlərin aradan qaldırılması üçün Dobrıni-Kissincer-xətti formalaşmışdı. Diplomatik lüğətdə bu xətt “arxa kanal” da adlandırılır.

…Üstündən uzun zaman keçdikdən sonra Rusiya və ABŞ arasında Suriya münaqişəsi adlanan II böyük böhran yaşandı. Şübhəsiz ki, bu, məsələdə tərəflərin milli maraqları tərs mütənasib idi, elə bu səbəbdən də Vaşinqton-Moskva ziddiyyəti təkrar özünü Suriya konflikti timsalında bir daha qabarıq biruzə verdi.

Təbii ki, aysberqin görünməyən tərəfi də var. Bu, Barak Obamanın Xarici Siyasət Məsələləri üzrə baş müşaviri işləmiş H. Kissincerin bu ahıl yaşında dünya düzəninin yenidən koordinasiya olunması və Ağ Ev-Kreml arasında razılığın əldə olunması üçün Rusiyada görünməsi idi. Kissincer fevralın 3-də baş tutan səfəri zamanı Rusiya Prezidenti V.Putinlə geniş müzakirələr apardı, tərəflərin maraqlarının toqquşduğu problemlərə nəzər salındı.

Səfərindən geri dönən Kissincer “National İnterest” qəzetində xüsusi maraq doğuran bir məqalə nəşr etdirdi. Kissincer yazırdı:

1) ABŞ Rusiya ilə əməkdaşlıq etməlidir. Elə əməkdaşlıq proqramı hazırlanmalıdır ki, bu konsepsiyada hər iki ölkə dünya nizamının formalaşmasında iştirak etsin.

2) Bu gün dünyada misli görünməmiş qeyri-sabitlik hökm sürür. Bunun əsas səbəbi mövcud dövlətlərin dağılması və ərazilərin idarəsiz qalmasıdır. Bu kimi problemlər yalnız bir ölkə tərəfindən həll edilə bilməz. Buna görə də ABŞ Rusiya və digər dövlətlərlə əməkdaşlıq etməlidir.

3) Əgər Rusiya ilə ABŞ Suriyada digər böyük dövlətlərlə birgə əməkdaşlıq etməklə fəaliyyət göstərsə, elə bir model yaratmaq mümkdündür ki, təkcə Yaxın Şərqdə deyil, digər problemli ərazilərdə də sülhə nail olunsun.

Bütün bunların ardından qısa zaman keçən kimi, Rusiya Prezidenti gözlənilmədən Suriyadan qoşunlarının əsas hissəsini çıxardılmasına dair sərəncam verdi. Bu, addım, şübhəsiz ki, hər kəsdə böyük təəccüb doğurdu. Belə bir qərarın Cenevrədə baş tutan danışıqlarla üst-üstə düşməsi ABŞ-Rusiya arasında gizli razılaşmanın olduğuna dair müəyyən şübhələrə yol açdı.

Güman ki, Suriya konflikti ilə bağlı razılaşmanın bünövrəsi hələ, Rusiya-ABŞ arasında Suriya hava məkanında insidentlərin qarşısının alınmasına aid razılaşma memorandumu ilə qoyulmuşdu. İkinci belə bir addım Suriyada atəşkəsin dayandırılmasına dair Birləşmiş Ştatlar və Rusiya Federasiyası arasında əldə olunan razılıqdır. Üçüncü addım isə Rusiyanın əsas qoşun hissələrinin Suriyadan çıxarılması oldu.
Marağa səbəb olan başqa bir nüans isə Rusiyanın Suriyadan çıxması ilə bağlı qərarı verməsinin ardından Putinin Obamaya zəng vurması və Rusiya qoşunlarının əsas hissələrinin Suriyadan çıxacağına dair ABŞ Prezidentinə məlum verməsidir.

Sual olunur: Rusiya Suriyaya girərkən qarşısına qoyduğu hədəflərə çatıbmı?

ABŞ kəşfiyyatının `kölgə qurumu` kimi tanınan “Stratfor” Qlobal Analitik Mərkəzinin açıqlamasında Rusiyanın Suriya kampaniyası başlayandan bəri öz qarşısına qoyduğu bütün hədəflərə nail olduğu deyilirdi. Mərkəz qeyd edir ki, Rusiyanın əməliyyatları sayəsində Suriya hökuməti öz mövqelərini və nüfuzunu möhkəmləndirib. Habelə, Moskva bütün dünyaya gücləndirilmiş hərbi imkanlarını nümayiş etdirib, hətta bir sıra müasir silahlarını sınaqdan keçirib.
Kissincer isə söyləyir ki, Rusiya Suriyaya öz milli maraqlarını qorumaqdan ötrü müdaxilə edib.
Viktor Muraxovskinin fikrincə, Rusiya Suriyaya gələndə, Əsəd rejimi iflas ərəfəsindəydi, döyüşlər Dəməşq ətrafında gedirdi. Amma İndi ölkə ərazisinin 80-85% hökumətin nəzarətindədir.
Rusiya EA-nın ABŞ və Kanada İnstitutunun direktoru P. Zolotaryov bildirir ki, ölkəsi Suriyadan, ABŞ-ın Əfqanıstan və İraqdan çıxmasından daha ağıllı çıxa bilib.

Henri Kissincer “Wall Street Journal” qəzetində yayımladığı “A path out of Middle East Collapse” adlı başqa bir məqaləsində yazırdı ki, Rusiyanın Suriyaya gəlməsi ilə dörd on illik davam edən geosiyasi struktur çökdü. O, sonra vurğulayır ki, Liviya, Suriya, İraq və Yəmən kimi dövlətlər praktik olaraq fəaliyyətini dayandırıb. Bütün bu dövlətlər şəriət qaydaları ilə yaşayan, qlobal xilafətə çevrilməyə cəhd edən İŞİD tərəfindən işğal oluna bilər. İŞİD-in qarşısının alınması, Əsədin devilməsindən daha əhəmiyyətlidir.

Bəli, Kissincer İŞİD-in məğlub edilməsini Əsədin hakimiyyətdən getməsindən daha vacib sayır. O, sonra diqqətə çatıdırır ki, ABŞ artıq Rusiyanın bu hadisələrdə iştirakına imkan verib, razılaşıb. Kissincerin fikrincə, Əsədin getməsi məsələsinin Rusiya ilə müzakirəsi vacibdir.

Elə bu ərəfədə ABŞ-ın “The Atlantic” nəşri ABŞ kəşfiyyatının materiallarına istinadən Barak Obamanın 2013-cü ildə B.Əsədin Quta şəhərində kimyəvi silahdan istifadə etməsinə dair yetərincə dəlilinin toplana bilməməsini, bu işdə Əsədin əlinin olmadığı dolayısı ilə etiraf etdiyini yazdı. Yayımlanan “Obama doktirinası” adlı rəsmi dosyedə Bəşər Əsədin kimyəvi silahdan istifadə etmədiyi fikri aşkar yer alıb. Bununla da ABŞ irəli sürdüyü iddialarını özü yumşaq formada təkzib etmiş oldu, həm də məhz Rusiyanın Suriyadan çıxdığı bu məqamda.

Bir şeyi də unutmaq olmaz ki, Rusiya Həsənosadəcə Suriyadan çıxmaq prosesini başladıb; onun nə zaman yekunlaşacağı, nə qədər hərbi kontingentin gedəcəyi, nə qədərinin isə qalacağı hazırda sual doğuran mövzulardır. Vaşinqton-Moskva razılaşması prizmasından baxsaq, güman etmək olar ki, Suriyanın dövlət qurluşunda, siyasi sistemində ciddi deformasiyalar baş verəcək. Bir çox politoloqun söylədiyi kimi, böyük ehtimalla, Suriya federallaşmaya doğru gedir. Federallaşma ilə bağlı Rusiya və ABŞ-ın eyni nöqtəyə vurması deməyə əsas verir ki, Suriyanın siyasi strukturundakı dəyişikliyə hər iki ölkə razıdır və çox böyük ehtimalla, bu, baş verəcək.

AzVision.az 

Həmçinin oxuyun

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

Nazirlər Kabinetinin bu günkü sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya …

Bir cavab yazın