Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Sosial / İlham Əliyevin mövqeyi Türkiyədə böyük razılıq doğurub

İlham Əliyevin mövqeyi Türkiyədə böyük razılıq doğurub

Türk KİV-i Azərbaycan Prezidentinin münasibətin “əsl qardaşlıq və qətiyyətli mövqe” kimi dəyərləndirib

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı möhkəm özüllər üzərində qurulub. Bunu şərtləndirən vacib amillərdən biri eyni soykökə, ortaq mədəniyyətə malik olan xalqlarımızın qarşılıqlı əlaqələrində səmimiliyə, qardaşlıq və dostluğa hər zaman əsas önəm verməsi olub. Ölkələrarası münasibətlərin daha da dərinləşməsi istiqamətində hər iki dövlətin rəhbərliyi tərəfindən nümayiş etdirilən siyasi iradə Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter almasına, beynəlxalq hüquq məkanında mövqelərinin daha da güclənməsinə səbəb olub.

İstər ikitərəfli əlaqələrdə, istərsə də regional və daha genişmiqyaslı məsələlərə münasibətdə qarşılıqlı maraqların nəzərə alınması ölkələrimizin birliyinin dünya miqyasında da nə dərəcədə sarsılmaz olduğunu aydın nümayiş etdirir. Bu, son aylarda cərəyan edən proseslər fonunda bir daha öz təsdiqini tapdı. Azərbaycan dar günün də dostu olduğunu, ən yaxın müttəfiqinin dərdini hər zaman bölüşdüyünü, eyni zamanda qardaş Türkiyəni heç zaman yalnız qoymayacağını bir daha nümayiş etdirdi.

İyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi nəticəsində baş verən proseslərdən Prezident İlham Əliyevin dərin narahatlıq hissi keçirməsi iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın möhkəm təməllər üzərində bərqərar olduğunun növbəti dəfə təsdiqi oldu. Azərbaycan Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığında bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib.

Azərbaycan Prezidentinin bu prinsipial mövqeyi Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb. “Anadolu”, “İhlas”, “Cihan”, “Ensonhaber.com” agentlikləri, “Akşam”, “Star”, “Zaman” qəzetləri, NTV, “TRT Avaz”, “A Haber” və digər media orqanlarında Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyi bəyan edilib.

Qardaş ölkənin dövlət informasiya agentliyi “Anadolu” “Prezident İlham Əliyevdən qınaq” başlığı ilə material yayımlayıb. Bildirilib ki, Azərbaycanın dövlət başçısı həmin gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib.

Türkiyənin ən çox oxunan qəzetlərindən biri sayılan “Akşam” isə “Prezident İlham Əliyev: “Dəhşətverici cinayət” başlığı ilə məlumat dərc edib. “Prezident İlham Əliyevdən qınaq”, “İlham Əliyev dövlət çevrilişi cəhdini şiddətli şəkildə qınayıb”, “Prezident İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana məktub”, “Prezident İlham Əliyev hadisələri böyük narahatlıqla izləyib” kimi sərlövhələrlə yayılan məlumatlar qəzetlərin və informasiya portallarının əsas xəbərləri sırasında yer alıb. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı nümunəvidir və belə hallar iki dövləti bir-birinə daha sıx bağlayır.

Göründüyü kimi, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyi sarsılmaz və əbədidir. Azərbaycan həmişə, ən çətin anlarda da Türkiyənin yanında olmuş, ona səmimi və əməli dəstəyini ifadə etmişdir.

/// Azərbaycan qəzeti

Həmçinin oxuyun

Valideynlərin diqqətinə: Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət

Mütəxəssislər bildirir ki, bir yeniyetmənin, gəncin narkoman olmasına səbəb və yol ailədən başlayır. Valideynin yaxşı, …

Bir cavab yazın