Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / İlham Əliyevin İran səfəri Ermənistanda təlaş yaradıb – erməni nəşri yazır…

İlham Əliyevin İran səfəri Ermənistanda təlaş yaradıb – erməni nəşri yazır…

Azərbaycan prezidentini Tehran ziyarəti işğalçı ölkənin ümidlərini basdırıb; erməni KIV-i: “Azərbaycan İran üçün qat-qat əlverişli tərəfdaşdır, nəinki Ermənistan…”

Azərbaycan prezidenti İlham Əliyevin İrana budəfəki səfərini kifayət qədər uğurlu hesab eləmək olar. Bunu ilk öncə iqtisadi-ticari, energetik-kommunikasiya, humanitar sahələr üzrə iki ölkə arasında imzalanmış 11 sənəd təsdiqləyir. 
İranla Azərbaycan arasında indiyədək bir dəfəyə bu qədər sayda anlaşma imzalanmamışdı. Şimal-cənub nəqliyyat dəhlizinin ilin sonunadək işə salınması üçün iki ölkə dəmiryollarının birləşdirilməsi və Xəzərin neft-qaz ehtiyatlarının istismarı sahəsində ortaq energetik əməkdaşlığa dair imzalanan protokollar xüsusilə böyük önəm kəsb edir.
Bundan əlavə, prezidentlər İlham Əliyev və Həsən Ruhaninin birgə mətbuat konfransında səsləndirdikləri bəyanatlar, o sırada Əliyevin “İkitərəfli əlaqələrimizin çox gözəl gələcəyi var”, Ruhanin isə “Üçüncü dövlətin əlaqələrimizə ziyan vurmasına imkan verilməyəcək” sözləri İran-Azərbaycan münasibətlərinin perspektivi baxımından böyük nikbinlik yaradır.
Bir daha qeyd edək ki, budəfəki ziyarət həm Tehran üzərindən iqtisadi sanksiyaların götürülməsindən sonrakı dönəmə düşməsi, həm də Yaxın Şərq ətrafında durumun kəskinləşdiyi dövrə təsadüf eləməsi ilə diqqətdə idi. Səfər təbii ki, işğalçı Ermənistanın siyasi və ekspert dairələrinin də diqqət mərkəzində olub.
Erməni siyasi şərhçiləri şimal-cənub nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan iki ölkə dəmiryollarının birləşdirilməsinin ilin sonunadək işə salınacağı barədə Ruhaninin açıqlamasını Ermənistan üçün xüsusilə ziyanlı və ölkənin iqtisadi maraqlarına ciddi zərbə hesab edirlər. 
 
Bu xüsusda müxalifyönlü lragir.am nəşri yazır: “Ruhaninin bəyanatı İran-Ermənistan dəmir yolu məsələsini ”dəyərdən sala” bilər. Əgər Azərbaycan öz dəmiryollarını iranınkı ilə birləşdirsə, o zaman Bakı-Tifls-Qars dəmir yolu da istifadəyə veriləndən sonra (ilin sonuna nəzərdə tutulub – red.) qatarlar İrandan Qara dənizədək gedə biləcək. O zaman Tehran üçün 3.2 milyard dollar dəyərində qiymətləndirilən İran-Ermənistan dəmir yolu öz əhəmiyyətini itirə bilər – əgər belə bir əhəmiyyət var idisə”.
 
Nəşr ardınca Tehranın öncələr verdiyi belə bir bəyanatı xatırladır ki, əgər Ermənistan dəmir yolunun özünə aid hissəsini inşa edə bilsə, o zaman İran da özünə adi yolu Ermənistan sərhədinədək – Cuqadan Mehriyədək uzada bilər. 
“Bu elə böyük məsafə deyil. Ermənistan isə mürəkkəb relyefdən keçməklə Mehridən Yepasxa kimi yol çəkməlidir. Bu yol əlbəttə ki, Ermənistan üçün mühüm rol oynaya bilərdi. Ancaq Tehran üçün o, elə də əhəmiyyətli deyil, əks halda, onu İran özü də inşa edərdi. Hələ ki, bəyanatlar səviyyəsində tərəflər layihənin müzakirəsini davam etdirir. Bu, günlərdə İranın səfiri bildirdi ki, İrəvana Tehrandan tezliklə İşçi Qiymətləndirmə Qrupu gələcək. Hərçənd, çətin ki, o, müsbət nəticə verə ” – qeyd edir nəşri.
Erməni siyasi icmalçı ardınca bunun izahını belə verir: “Məsələ təkcə onda deyil ki, Ermənistanın Rusiyadan ifrat asılılığı bəri başdan istənilən bu kimi investisiyaların məqsədəyönlüyünü şübhə altına qoyur, hərgah, Rusiya bu rıçaqdan istifadə edərək, AES nümunəsində olduğu kimi belə layihələri dəyərdən salır. Məsələ həm də ondadır ki, İrəvan qarşılıqlı sərfəli layihələr və ideyalar təklif eləmir. Bu mənada Bakının İrəvanın əlindən dəmir yolunu aldığını deməyə əsas yoxdur. İran-Azərbaycan dəmir yolu İran-Ermənistan yoluna rəqib deyil, onlar müqayisəyə gəlmir, çünki Azərbaycanın layihəsi qat-qat az sərmayə tələb edir”.
 
Məqalədə daha sonra deyilir: “Bakı Ermənistanın ”pay”ını əlindən almır. Sadəcə olaraq, Ermənistan öz payını dəqiqləşdirməyib. İrana münasibətdə böyük ümidlərə qapılmağa da dəyir. Ən yaxşısı, olan imkanların inventarizasiyasına, real layihələrə diqqət yönəltmək lazımdır. Hətta adi gözlə görmək olar ki, iqtisadi anlamda Azərbaycan İran üçün qat-qat əlverişli tərəfdaşdır, nəinki Ermənistan. Bu, Ermənistan üçün məğlubiyyət deyil, təhlükə də deyil. Çünki hərbi-siyasi anlamda Ermənistan Tehran üçün daha cəlbedici tərəfdaşdır, nəinki Azərbaycan “ – əlavə edib müəllif.
***
Ancaq o da var ki, iqtisadi bağlılıq gec-tez siyasi-hərbi bağlılığa gətirir. Rusiya-Ermənistan müttəfiqliyinin özü buna görkdür. Sözsüz ki, İran bəlli səbəblərdən (Güney amili, İsraillə Bakının əməkdaşlığı faktoru və s.) işğalçı ölkə üçün mühüm “nəfəslik” rolunda qalmaqda davam edir. Ancaq o da reallıqdır ki, Tehran eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Azərbaycan-İran iqtisadi-ticari əlaqələri, şimal-cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlıq, Xəzərin mineral ehtiyatlarının istismarı sahəsində ortaq energetik əməkdaşlıq o səviyyəyə qalxa bilər ki, günün birində Ermənistanın Tehran üçün siyasi-hərbi anlamı da bitər və ya minimuma enər.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın