Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Dollar zəifləyəcək” proqnozu əsaslıdırmı…

“Dollar zəifləyəcək” proqnozu əsaslıdırmı…

Bir müddətdir ki, ölkədə manatın cüzi möhkəmlənməsi müşahidə edilir. Bu isə dolların zəifləyəcəyi barədə iddiaların meydana gəlməsinə səbəb olub. Ekspertlər bildirirlər ki, dolların zəifləyəcəyi barədə proqnozlar özünü doğrultmayacaq. Əksər ekspertlərin fikrincə, manatın bundan sonra möhkəmlənməsi prosesinin gedəcəyi real deyil. 
Üstəlik, neftin qiyməti artmazsa, yenidən manata təzyiqlər arta bilər. Bu zaman isə Mərkəzi Bank hətta psixoloji metodlardan istifadə etməklə belə manatı gücləndirə bilməyəcək. Əksinə, bu kimi iddialar Mərkəzi Bankın psixoloji metodlarından biri kimi qiymətləndirilir…
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, dolların manat qarşısında zəifləyəcəyi barədə iddialar məntiqli deyil: “Bunun heç bir əsası yoxdur. Nə iqtisadi, nə dünyada baş verən proseslər, nə ölkə daxilində baş verən proseslər bunun heç bir əsası olmadığını sübut edir. Çünki ölkənin gəlirləri azalır, gəlirlər göz qabağındadır. Ölkənin tədiyyə balansındakı problemlər göz qabağındadır. Ona görə də belə bir ehtimal çox aşağıdır, hətta yox səviyyəsindədir. Sadəcə, Mərkəzi Bank sərt monetar siyasətin nəticəsində bir aya yaxındır ki, manatın məzənnəsini nəzarətdə saxlamağa gücü çatdı.
Amma bu siyasət də iqtisadi aktivliyi xeyli dərəcədə zəiflətdi. Ticarət dövriyyəsi azaldı. Bankların kreditlərə çıxış imkanları məhdudlaşdı. İnsanların kreditlərə çıxış imkanları məhdudlaşdı. İqtisadi aktivliyin zəifləməsi gəlirlərin azalmasına, iş yerlərinin bağlanmasına gətirib çıxardı. Bu, vizual olaraq da görünür. Əsasən də pərakəndə ticarətdə, Bakıda, ölkənin digər regionlarında yanbayan olan dükanlar bağlanır. Getdikcə də bu proses sürətlənir. Yəni bu, monetar siyasətin sıxlığı ilə əlaqəlidir. Mərkəzi Bank bilərəkdən manat dövriyyəsini iki dəfəyə qədər azaltdı. Bu, qısa müddətdə müəyyən effekt verdisə də, manatın məzənnəsini cüzi olaraq möhkəmlətsə də, uzun müddət belə davam edə bilməz. Çünki iqtisadi aktivliyin zəifləməsi daha ağır fəsadlara, daha böyük problemlərə gətirib çıxarır. Ona görə mən inanmıram ki, manatın bundan sonra möhkəmlənməsi prosesi getsin. Çünki büdcə dəyişiklikləri artıq təsdiqlənib. Çox güman ki, mart ayından monetar siyasətdə daha yumşaq bir siyasət yeridiləcək və manatın kütləsinin artırılması nəzərdə tutulub. Çünki büdcə xərcləmələri də artırılıb. Bütün bunun nəticəsi olaraq iqtisadi aktivlik artdıqca manata olan basqılar da artacaq. Bir müddət sonra, əsasən də mart ayından başlayaraq manat ucuzlaşacaq. Hazırda kəskin devalvasiyanın olacağı ehtimalı aşağıdır. Amma addım-addım yenidən manatlın məzənnəsinin zəifləməsi və dolların güclənməsinin mart ayından sonra şahidi ola bilərik”.
Ekspert Vüqar Bayramov isə musavat.com-a bildirib ki, əslində dünya bazarında dollar möhkəmlənir: “Son günlər dolların avroya və digər valyutalara nisbətən məzənnəsində artımlar var. Amma buna baxmayaraq, Azərbaycan manatı ABŞ puluna nisbətən dəyər qazanır. Baxmayaraq ki, Azərbaycanda bivalyuta səbətidir və valyuta bazarındakı dəyişikliklər manata təsir göstərir, amma bu, hazırda manatla bağlı özünü göstərmir. Manatın yanvarın 25-dən sonra müşahidə edilən möhkəmlənməsi onu göstərir ki, həm Mərkəzi Bank psixoloji metodlardan istifadə etməklə manata olan inamı qaytarmaq istəyir, həm də əhalidən dollar təklifi nisbətən yüksəlib. Bunlar da manatın cüzi yüksəlməsinə səbəb olub. Çünki Mərkəzi Bank ikinci devalvasiyaya getdikdən sonra birmənalı şəkildə vətəndaşlar arasında ajiotaj, panika yarandı.
Vətəndaşların bir qismi yüksək məzənnə ilə öz manatlarını dollara çevirdilər və dollarlaşma prosesi çox sürətlə davam etdi. Sürətlə dollarlaşma prosesi müşahidə olundu. Hətta 200 manatı olanlar belə həmin pulu dollara çevirdilər. Bu da Mərkəzi Bankın qara bazara nəzarət etmək çətinlikləri ilə bağlıdır. Qara bazara nəzarət edə bilmirdi, bununla da məhz dolların qara bazarı yaranmışdı və ajiotaj formalaşmışdı. Bu gün vətəndaşlardan dollar təklifi reallıqda artıb. Bu, Mərkəzi Bankın intervensiya xərclərində də özünü göstərir. Mərkəzi Bankın intervensiya xərcləri ötən ayla müqayisədə gündəlik olaraq xeyli aşağı düşüb. Digər tərəfdən, idxal azalıb. İdxalın azalması da təbii ki, ölkədən çıxan dolların həcminə təsir göstərir və daha az xarici valyuta ölkəni tərk edir. Bu proses uzunmüddətli ola bilməz. Prosesi uzun müddət davam etdirmək mümkün deyil. Dollar təklifinin artırılmasına ehtiyac var.
Eyni zamanda ölkənin idxalı 9 milyard dollardır. Bu idxalın da ödənilməsinə ehtiyac var. Büdcə xərcləmələri artdıqca, dövriyyəyə daxil olan manat kütləsi də artacaq.  O baxımdan artıq Mərkəzi Bank mümkündür çalışsın ki, mövcud siyasəti müəyyən qədər davam etdirsin. Amma hər hansı bir dəyişiklik baş verməzsə, ölkəyə daxil olan xarici valyutanın həcmində artımlar olmazsa, o zaman bu prosesi uzun müddət davam etdirmək praktik olaraq mümkün deyil. İqtisadi baxımdan bu, real deyil. Ona görə manatın məzənnəsi sözsüz, neftin dünya bazarında qiymətindən asılı olacaq. Eyni zamanda ölkəyə daxil olan valyutanın həcmindən də asılıdır. Əgər neftin dünya bazarında qiyməti aşağı olarsa, ölkəyə daxil olan valyuta həcmində artımlar olmazsa, o zaman manata təzyiqlər artacaq. O hallarda Mərkəzi Bank hətta psixoloji metodlardan istifadə etməklə belə manatı gücləndirə bilməyəcək”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın