Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Sosial / İlham Əliyev mifi dağıtdı: cinayətə görə cəza…

İlham Əliyev mifi dağıtdı: cinayətə görə cəza…

 

Bizim gənc ölkənin isteblişmentinə uzun illər ərzində hakimiyyətə şəxsi sədaqətinə görə indulgensiya hüququ ilə mükafatlandırılmış məmurların təbii olaraq cəzasız qalmasına dair siyasi mif təlqin olunmuşdu.

Bu mif hakimiyyət dəhlizlərində geniş yayılmışdı: əgər birinci şəxsə birbaşa çıxışı olan məmur və ya oliqarx həqiqətən də indiki hakimiyyətin mütləqləşdirilməsi ideyasına dərin inam və sədaqətlə xidmət edirsə, onda həmin şəxs onu ədalət mühakiməsindən azad edən hansısa immunitetə malikdir.

Burada sual yaranır: bəs bu ədalət mühakiməsi orta statistik azərbaycanlı məmuru nəyə görə təqib etməli idi?

Bu məmur təhtəlşüur səviyyəsində buna nəyə görəsə avtomatik olaraq əmin idi ki, hakimiyyətin mütləqləşdirilməsi ideyasına xidmət etməsi elə öz xalqına qarşı mübarizədə onun əl-qolunu açır.

Absurddurmu? Tamamilə. Və həmin məmurun nəyə görəsə hakimiyyətə qarşı qoyduğu cəmiyyətimiz bu absurdla demək olar ki, hər gün qarşılaşırdı.

Burada isə heç bir məntiq yoxdur. Çünki istənilən hakimiyyətin mütləqləşdirilməsi cəmiyyətin təmənnasız və səmimi dəstəyi ilə mümkün ola bilər. Belə deyilmi?! Bizim gerçəkliklər isə bu məlum həqiqəti bəzən istisna edir, hakimiyyətlə cəmiyyət arasında dəmir pərdə çəkirdi. Həmin pərdəni də məmurlar çəkirdi. Onlar belə güman edirdi ki, öz əlləri ilə yaratdıqları bu pərdə hakimiyyətin cəmiyyətdən gizlənə biləcəyi etibarlı qəsrdir. Və bu qəsr onlara heç bir günahı olmayan cəmiyyəti çapıb-talamağa imkan verəcək.

Hakimiyyətin mütləqləşdirilməsi ideyasına xidmət cəmiyyətin vicdanlı hissəsi tərəfindən biabırçı həqiqət kimi rədd olunurdu. Çünki bu qəsrin içində olmaq özünün-özünə və hakimiyyətə çıxış imkanlarını itirmiş cəmiyyətə münasibətdə düşmənçiliyi nəzərdə tuturdu. Hakim sinfin heç nəyə yaramayan dəstə kimi qəbul etdiyi məmurlar və cəmiyyət isə siyasi müstəvinin müxtəlif, bəzən isə antaqonist qütblərində qərar tutmuşdular. Məmur məsuliyyət hissini itirmişdi – həm guya xidmət etdiyi hakimiyyət, həm də səmimi-qəlbdən nifrət etdiyi və heç nəyə yaramayan dəstə qarşısında.

Həm məmurlar, həm də cəmiyyət bu məsələdə həmfikir idilər. Belə güman edirdilər ki, hakimiyyət məmuru yalnız bir halda cəzalandıra bilər – məmur hakimiyyəti satanda, xəyanət edəndə, özününkülərə qarşı çıxanda. Hakimiyyət kabinetlərindən kənarda olan insanlara və cəmiyyətə qarşı çıxmaq isə məmurun təbii və mübahisəsiz hüququ sayılırdı. Bizim məmurların “birinci nikah gecəsi” fəlsəfəsi belə idi.

Prezident İlham Əliyev bunun belə olmadığını sübut etməyə dəfələrlə cəhd göstərdi. O, hakimiyyətin xidmətçilərini xalqa qarşı törədilən istənilən cinayətə görə cəzanın labüd olduğuna inandırırdı. Ölkə iqtisadiyyatını ilhaq edib ələ keçirdiyi üçün Fərhad Əliyev cəzalandırıldı. Əli İnsanov ölkə səhiyyəsini talan etdiyi üçün öz cəzasını aldı. Misir Mərdanov orta təhsili kütləşdirdiyi, Füzuli Ələkbərov isə təqaüdçülərin üstünə getdiyi üçün cəzalandı…

Bu siyahını xeyli uzatmaq da olar. Təəssüf ki, Azərbaycanın yeni tarixi hakimiyyətin mütləqləşdirilməsi ideyasına xidmət adı ilə parazitləşməyə dair çoxsaylı biabırçı nümunələrlə doludur.

Bu məmurların mağara təfəkkürü, əliəyriliyi və azğınlığı adamı dəhşətə gətirirdi. Axı hakimiyyətin dayaqları başına gah Fərhad Əliyevin əmudu dəyən, gah da Eldar Mahmudovun tapançası dirənən həmin bu cəmiyyətin özüdür. Bu məmurların üzərinə artıq ləkə düşmüş sədaqət andı adamı heyrətə gətirir: məmurun prezidentə şəxsi sədaqət andı ilə onun oğurlamaq ehtirası əxlaqi baxımdan nə dərəcədə uzlaşır?

Daha bir vacib məqam: bu məmurlarda cəzasız qalacaqlarına dərin inam hissini kim və nə yaradıb, onlar cəzanın labüdlüyünü nəyə görə inkar edirdilər?

Axı indiki prezidentin hakimiyyəti dövründə pis əməllərlə məşğul olmaq, insanları qarət etmək, incitmək, bununla da insanları alternativsiz hakimiyyətdən üz döndərməyə məcbur etmək, hakimiyyətə loyal olan bu köməksiz insanların barışmaz mübarizə cəbhəsinə gedən yolunu açmaq kimi müstəsna hüququnun olmasına inanan gör neçə məmur və nazir vəzifəsini itirib! Amma tanınmış adamların acı taleyi də sıralarına getdikcə daha çox məmurun qoşulduğu bu korlanmış həlqəni dağıda bilmirdi.

Buna diqqət edin, İlham Əliyev uğur qazanmış enerji və xammal ölkələri konsepsiyasını dəfn etmiş gərgin beynəlxalq vəziyyət və riskli geosiyasi oyunlar fonunda uca səslə NEP (yeni iqtisadi siyasət) elan edir. Hazırda prezidentin əsas fikri yalnız ölkəni xilas etməyə yönəlib. O, nefti-qazı unutmağa çağırır, innovasiyaları həyata keçirir, iqtisadiyyatın şaxələnidirilməsi ideyasını reallaşdırır.

İlham Əliyev inqilabi fərmanlar verib sahibkarları lisenziyalardan, vergi yoxlamalarından azad edir. Sərmayə qoyuluşlarını artırmaq üçün daha geniş meydan yaradır. Bütün qüvvəsini iş adamlarının, biznesmenlərin müdafiəsi üçün səfərbər edir.

Bəs sizcə, prezident hakimiyyətinin dayaqlarından biri – prezidentin yenilik və islahatlarını ilk növbədə dəstəkləməli olan Milli Təhlükəsizlik Nazirliyi nə edir?!

Bu nazirliyin son aylara dair operativ hesabatlarına baxmaq kifayətdir. Bu hesabatlar həbs xəbərləri ilə doludur. Yox, söhbət əsla casusların və radikal islamçıların həbsindən getmir. Söhbət lombard, mağaza, zavod, tikinti şirkətləri sahiblərinin həbsindən gedir.

Yəni ilk baxışda prezidentə və onun hakimiyyətinə şəxsi sədaqətin təcəssümü olan məmurun rəhbərlik etdiyi nazirlik əslində elə həmin hakimiyyətin əsaslarını laxlatmaqla məşğul olurdu. Bu qurum ölkənin təkcə iqtisadi landşaftını dağıtmırdı. Həm də daha təhlükəli iş görürdü. Azərbaycan hakimiyyəti ilə haqq-hesab çəkmək planlarının həm Qərbdə, həm Şərqdə, həm də Şimalda cücərdiyi bir vaxtda yüzlərlə, minlərlə adamı narazılar ordusuna qoşulmağa təhrik edirdi.

Halbuki indi artıq elə zəmanədir ki, sözə yox, əmələ inanmaq lazımdır. Hakimiyyət dəhlizləri son illər xeyli gözəl və bəlağətli nitqlər, cümləpərdazlıq görüb – belə şey burada boğaza qədərdir. Bakıda binaları da belə bəlağətli nitqlər və alqış sədaları altında poliuretanla üzləmişdilər. O binalardan biri yanıb külə döndü, köməksiz insanlar da o binanın içində diri-diri yandı.

Prezidentin uğrunda ölümə də getməyə and içə-içə biznesmenləri qarət və həbs edirdilər.

Bəzəkli, pafoslu nitqlərlə çıxış edə-edə büdcədən milyonları çıxararaq oğurlayırdılar…

Əsl ikiüzlülük və riyakarlıq! Prezident riyakarların üzündəki teatral maskaları bu günlərdə cırdı. Bununla da törədilən cinayətlərə görə cəzaların da qaçılmaz olduğunu hamıya bir daha əyani şəkildə göstərdi.

MTN rəhbərinin işdən çıxarılması və bunun ardınca çoxdan gözlənilən həbslərin həyata keçirilməsi hakimiyyətlə cəmiyyət arasında, eləcə də məmur zümrəsinin müəyyən hissəsinin beynində çəkilən həmin dəmir pərdənin sökülməsinin əks-sədasıdır. Azərbaycan məmurunun cəzasızlığı haqdakı mif, məmurların düşündüyü və özünə təlqin etdiyi immunitet uçurulub-dağıdılmış bu pərdənin dağıntıları altında qaldı.

Hakimiyyətin adından və hakimiyyət naminə cinayət törətmirlər, insanları cinayətlərdən xilas edirlər. Azərbaycan məmurunun cəzasızlığı haqdakı mifin dağıdılmasından çıxan son tarixi dərs budur…

Eynulla Fətullayev

Həmçinin oxuyun

AVTOMOBİLƏ ETİBARNAMƏ TELEFONLA VERİLƏCƏK! – Azərbaycanda ilk dəfə

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək. Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi …

Bir cavab yazın