Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “Ermənistan heç vaxt cürət edib Naxçıvanla bağlı hansısa təhlükəli addım ata bilməz” – EKSPERT

“Ermənistan heç vaxt cürət edib Naxçıvanla bağlı hansısa təhlükəli addım ata bilməz” – EKSPERT

İyulun 1-də Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimlərinə başlanılıb. AZƏRTAC bildirir ki, zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.

Motoatıcı bölmələrin yerdəyişməsi zamanı onların hava hücumundan müdafiəsini təmin edən hava hücumundan müdafiə bölmələri marş keçirərək təyinat rayonlarına çıxarılıb, atəş və start mövqeləri tutulub. Bölmələr döyüş tapşırığı aldıqdan sonra hərbi qərarqəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, maket üzərində qarşılıqlı əlaqə və hava hücumundan müdafiə tapşırıqlarının yerinə yetirilməsinə dair qərar qəbul olunub. Marş zamanı yerdəyişmə həyata keçirən bölmələrə şərti düşmənin basqını dəf edilib, kolonların təyinat rayonlarına təhlükəsiz hərəkəti təmin edilib.

Təlimin döyüş atışlı mərhələsində hərəkətdən atəş və start mövqeləri tutulduqdan sonra şərti düşmənin hava və yerüstü hədəfləri “Strella 3” daşınan zenit raket kompleksi və 23 millimetrlik zenit qurğuları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən 120 millimetrlik minaatan heyətləri də cəlb olunub. Döyüş atışlı taktiki xüsusi təlimlərinə gedişi bir daha təsdiqləyir ki, Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə hissə və bölmələri Naxçıvan Muxtar Respublikasının hava sərhədlərini etibarlı surətdə qoruyur və düşmənin hava hücumunun dəf edilməsinə hər an hazırdır.

Xatırladaq ki, 15 gün öncə də Naxçıvanda hərbi təlimlər keçirilmişdi. Azərbaycanla Türkiyə hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq, iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlanmış və iyunun 16-dək davam etmişdi. Rəsmi məlumatda deyilirdi ki, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyasını inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Bu hərbi təlimlərdən az sonra Naxçıvanda yeni hərbi təlimlərin keçirilməsi diqqət çəkir. İntensivləşən təlimlər muxtar respublikaya Ermənistandan hansısa təhlükənin gözləndiyi ilə bağlı ola bilərmi?

Hərbi ekspert Üzeyir Cəfərov açıqlamasında bildirdi ki, Naxçıvanda iki gündür başlanan hərbi təlimlər ümumqoşun ordusunun 2017-ci il üçün nəzərdə tutduğu plan əsasında keçirilən təlimlərdən biridir: “Ola bilsin, bəzi insanlarda bir qədər çaşqınlığı bu məqam yaradır ki, Azərbaycan ordusu cəmi 15 gün öncə Naxçıvanda Türkiyə ilə birlikdə hərbi təlimlər keçirdi. Amma nəzərə almaq lazımdır ki, bu hərbi təlimlər də 2017-ci il üçün plan əsasında nəzərdə tutulan təlimlərdən biri idi. Bu hərbi təlimlər iki tərəfli-Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında keçirilən birgə təlim idi. İyulun 1-də başlanan hərbi təlimlər isə sırf qoşun birləşməsinin öz hərbi təlimidir. Odur ki, qeyd olunan iki hərbi təlimlər arasında cəmi 15 gün vaxt olmasından hər hansı təhlükənin olduğu barədə rəyə gəlməyə əsas yoxdur. Naxçıvan işğalçı Ermənistanla sərhəddə yerləşsə də, bu gün Naxçıvanla bağlı təhlükə görmürəm. O mənada ki, Naxçıvan bu gün Azərbaycanın ən mükəmməl şəkildə silahlandırılmış qoşun birləşməsinə malikdir. Ən müasir silahlar Naxçıvandadır. Muxtar Respublikada düşmənin bildiyi və bilmədiyi elə silahlarımız var ki, Ermənistan heç vaxt cürət edib Naxçıvanla bağlı hansısa təhlükəli addım ata bilməz. Bu, Ermənistanın özü üçün fəlakətə gətirib çıxarar. Naxçıvanın güvənliliyi həm də ondan ibarətdir ki, bu bölgəmizin təhlükəsizliyinə həm də Türkiyə cavabdehdir. Naxçıvanın müdafiəsi elə təşkil olunub ki, narahatlığa əsas yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanda ard-arda keçirilən hərbi təlimlər hansısa qorxudan, təhlükədən irəli gələn təlimlər deyil. Sonuncu hərbi təlim başa çatanda diqqət etdinizsə, müdafiə naziri Zakir Həsənov orada bildirdi ki, Muxtar Respublikada elə bir peşəkar ordu formalaşıb ki, onun gücü Ermənistanı sarsıtmaq gücündədir. Ermənilər də bunu bilməmiş deyillər. Odur ki, Naxçıvanla bağlı narahatçılığa əsaslar yoxdur”.

Bununla belə, ekspert vurğuladı ki, şübhəsiz, biz arxayın oturmalı da deyilik, daim güclənməli və hazır vəziyyətdə olmalıyıq.( “Yeni Müsavat”)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın