Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Sosial / “Domino effekti”: Azərbaycan və Rusiyanın mövqelərini təhdid edən hadisə baş verdi – FOTOLAR

“Domino effekti”: Azərbaycan və Rusiyanın mövqelərini təhdid edən hadisə baş verdi – FOTOLAR

Rusiyanın Avropanın qaz bazarındakı inhsarçı mövqeyini darmadağın edə biləcək hadisə baş verib.
Virtualaz.org saytı xəbər verir ki, Qara dənizin Rumıniya sahillərində aşkar olunan və “Domino” adı verilən nəhəng qaz yatağı Avropa ölkələri üçün ucuz qaz mənbəyinə çevriləcək.
Avropa İttifaqı ümid edir ki, bu yataq Şərqi və Mərkəzi Avropanı qazla təchiz edən “Qazprom”un inhisarçı mövqelərini sarsıdacaq.
Analitiklərin qənaətinə görə, bu hadisə gələcəkdə Azərbaycan kimi alternativ qaz təchizatçısının da bazardakı mövqelərinə təzyiq yaradacaq.
Energetika sahəsində aparıcı şirkətlərdən olan “Wood Mackenzie”nin baş analitiki Kristofer Meredit yeni yatağın kəşf olunması ilə bağlı Vyanda keçirilən mətbuat konfransında bu barədə bildirib. Onun sözlərinə görə, bu kəşf Avropanın energetika bazarı uğrunda oyun qaydalarını dəyişəcək.
Bu ilin fevralında açıqlanıb ki, müxtəlif qiymətləndirmələrə görə, “Domino-1” yatağında 42-85 milyard kubmetr qaz ehtiyatları var. Yataq Rumıniya sahillərindən 170 kilometr məsafədə İsrail şirkəti tərəfindən kəşf olunub. Yataqdan sutkada 19 milyon kubmetr qaz hasil etmək mümkün olacaq. Bu isə Avropanın qaza olan tələbatının böyük hissəsi deməkdir.
Kristofer Meredit bildirib ki, “Domino-1” Qara dənizin Rumıniya sahillərində aşkar edilən ilk qaz yatağı deyil.
Son illər Qara dənizdə ehtimal olunan nəhəng qaz ehtiyatları dünyanın aparıcı energetika şirkətlərinin diqqətini cəlb edib. Dənizin dərin sularında kəşfiyyat qazma işləri intensivləşib. Hollandiyanın “Shell” şirkəti Qara dənizin Türkiyə sahillərində kəşfiyyat aparır. Fransanın “Total” şirkəti isə Bolqarıstan sahillərində yeni yataqlar tapmağa çalışır.
Əgər “Wood Mackenzie”nin qiymətləndirmələri təsdiqlənsə, o zaman Qara dənizin Rumıniya sahilləri yaxın vaxtlarda bir çox investorları cəlb edəcək. Rumıniya enerjidaşıyıcılarının iri ixracatçısına çevriləcək, üstəlik qazı indiki təchizatçılardan xeyli ucuz satacaq.
Kristofer Meredit deyib ki, Qara dənizin Rumıniya sahillərində ucuz qazın hasil edilməsi təkcə Rusiyanın yox, Azərbaycanın da mövqelərini sıxışdıracaq.
Hazırda Rusiya Avropanın qaza olan tələbatının təxminən üçdə birini təmin edir. Şərqi və Mərkəzi Avropada “Qazprom” inhisarçıdır.
Avropa Komissiyası bu günlərdə bəyan edib ki, “Qazprom”un azad bazar prinsiplərini pozmasına görə şirkətə qarşı hüquqi prosedurlara başlayacaq.
Tamamilə aydındır ki, bu, siyasi təzyiqdir. Çünki Avropa İttifaqı ABŞ-ın köməyi ilə Rusiya qazına alternativ tapmağa çalışır. Hazırda yeganə alternativ Azərbaycandır. Ukrayna böhranı fonunda “Qazprom”u Avropa bazarından sıxışdırmaq səyləri əlavə impuls qazanıb.
Qara dənizin Rumıniya sahillərində aşkar olunan “Domino” yatağı ilə bağlı sensasion bəyanatların səsləndiyi bir vaxtda Avropanın əsas diqqəti Xəzər hövzəsi qazına birbaşa çıxış imkanlarını genişləndirməyə yönəlib. Və Rusiyanın Avropa qaz bazarındakı mövqelərini təkcə bu yataq deyil, İranla Qərb arasında anlaşma da zəiflədə bilər.
Virtualaz.org saytı xəbər verir ki, aprelin 28-də Bolqarıstan Nazirlər Kabineti İranın Sofiyadakı səfirinin iştirakı ilə iclas keçirib. Görüşdə İran qazının Rusiyadan yan ötməklə Avropa bazarlarına nəqli imkanları müzakirə olunub.
İranın səfiri Abdulla Nourizi ilə görüşdə baş nazir Boyko Borisov və baş nazirin müavini Tomislav Donçev, xarici işlər naziri Daniel Mitov və energetika naziri Temenjuk Petrov iştirak ediblər. Görüş bağlı qapılar arxasında keçirilib.
Bolqarıstan mənbələrinin xəbərinə görə, görüşdə səfir İran tərəfinin Tehranla Sofiya arasında yeni əməkdaşlıq sxeminə dair xüsusi təklifini təqdim edib. Təklifə əsasən Bolqarıstan ərazisində qaz qəbulu və paylanması mərkəzi (xab) yaradılmalı, oradan qaz Avropanın digər ölkələrinə nəql edilməlidir. Bu, iflasa uğramış “Nabucco” qaz kəməri layihəsinin yeni formasıdır.
Əslində “Nabucco” layihəsi 2004-cü ildə ilk dəfə irəli sürüləndə İranın Fars körfəzindəki yataqlarından qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tuturdu. Lakin daha sonra İranın nüvə proqramları ətrafında böhran yarananda layihəni dəyişdirdilər. Nəticədə “Nabucco” Türkmənistan, Özbəkistan və Azərbaycan qazının Avropaya nəqli layihəsi kimi nəzərdə tutuldu. Sonradan Özbəkistanın Qərb ölkələri ilə münasibətləri pisləşdiyi üçün bu ölkəni də layihədən çıxardılar.
İflasa uğramış “Nabucco” layihəsinin “dirilməsinə” dair müzakirələr ilk dəfə aparılmır. Bu ilin martında Azərbaycan prezidentinin Bolqarıstana səfəri zamanı da prezident İlham Əliyevlə baş nazir Boyko Borisov “Nabucco”nun yeni məzmunda bərpası imkanlarını müzakirə ediblər. Tərəflər bu layihəni Avropa Komissiyasına birgə təqdim etməyi razılaşdırıblar.
İndi Tehranın nüvə proqramlarına dair əldə edilən anlaşma İran qazının Avropa bazarlarına çıxışı şansını yaradıb. Bu günlərdə İranın TANAP layihəsinə qoşulmağa maraq göstərdiyinə dair xəbərlər yayılmışdı.
SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, əgər İran qazının Avropaya nəqli imkanı yaransa, bunun üçün hazırda yeganə infrastruktur tikilməkdə olan TANAP kəməri olacaq. Yəni Azərbaycan yaxın perspektivdə İran qazının Avropaya nəqlindən yalnız qazana bilərdi.
Uzunmüddətli perspektivdə isə bir tərəfdən “Domino” effekti, o  biri tərəfdən İrandan daha böyük həcmlərdə qazın Avropaya çıxışı Azərbaycan kimi kiçiç təchizatçıların mövqelərini zəiflədə bilər. Çünki Azərbaycan Avropaya qaz nəqlini ildə 10 milyar kubmetrlə yekunlaşdırmaq niyyətində deyil. Azərbaycanın da Xəzərdə “Şahdəniz”dən başqa iri ehtiyatlara malik olduğu təxmin edilən perspektiv yataqları var.

 

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …

Bir cavab yazın