Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Sosial / “Cəmiyyətin öz qəhrəmanını kriminal dünyada axtarması onun faciəsidir”

“Cəmiyyətin öz qəhrəmanını kriminal dünyada axtarması onun faciəsidir”

Son illər Azərbaycanda kriminal dünyanın vəfat edən insanlarına dəbdəbəli abidələrin, heykəl və büstlərin qoyulması adət halını alıb. Maraqlıdır, cinayət aləminin tanınmış şəxslərinə bu cür abidələrin qoyulması gənc nəslin tərbiyəsinə, onların dünyagörüşünə necə təsir edir? Bu, onların bir qisminin sözügedən insanlara, onların həyat yolu və fəaliyyətinə rəğbət bəsləməsinə, kriminal aləmə maraq göstərməsinə, son nəticədə bu dünyanın sakini olmasına təsir göstərə bilərmi? Ölkə qanunlarına qarşı çıxan bu şəxslərin məzarları üzərində dəbdəbəli abidələrin inşasının yasaqlanması mümkündürmü?

Moderator.az- a açıqlama verən millət vəkili Fazil Mustafa baş verənləri cəmiyyətin özünün faciəsi kimi dəyərləndirib:

“Buna yasaq, qadağa qoymağa ehtiyac yoxdur. Azərbaycan cəmiyyətində bunu normal qarşılamaq lazımdır. Biz cəmiyyətimiz haqqında daha realist düşüncədə olmalıyıq. Bu cəmiyyət Xudu Məmmədov obrazını başının üzərinə qaldırmayacaq ki… Onun obrazını örnək götürməyəcək ki… Bizdə əksəriyyət daha çox bu istiqamətdə dəyər verməyə öyrəşib. Elm adamlarına, xalq üçün böyük fədakarlıqlar edən insanlara belə dəyər verilmir axı. Kriminal dünyanın adamlarına meyl cəmiyyətin təhsil səviyyəsinə bağlı bir məsələdir. Cəmiyyət öz qəhrəmanını burada axtarmaq istəyir. Cəmiyyət elm adamını, aydınları qəhrəman kimi görmür. Ona görə də qeyd etdiyiniz məsələ Azərbaycan cəmiyyətində hər zaman aktualdır. 20-30 il öncə də bir kriminal avtoritet insanlar arasında daha böyük nüfuz sahibi idi, amma bir alim acından ölürdü. Ona dəyər vermə anlayışı yox idi. Bəlkə də onlarla elm adamımız yoxsulluqdan dünyasını dəyişib. Yaxşı müalicə olunmayıb, əsassız təzyiqlər altında yaşayıb və s. Onlara dəyər verənlərin sayı çox deyil. Bu baxımdan da, məlum məsələ insanları həqiqətən də pis tərbiyə edir. İnsanların daha asan, kriminal yolla cəmiyyətdə nüfuz sahibi olmasını situmullaşdırır. Ona görə də çox sayda insanların evini belə yıxırlar. Amma əslində cəmiyyətdə kriminal həyatın insan üçün fəlakət olduğu, bunun insanlıqdan uzaq yaşam tərzi olduğunu aşılamaq lazımdır. Bunu aşılamadıqca arzuedilməz mənzərə formalaşır. Cəmiyyət anlamalıdır ki, həbsxana nəzarətçisinin iradəsindən asılı olan bir şəxsin 5-10 dustaq arasında nüfuz sahibi olmasında fəxr ediləcək bir şey yoxdur. Cəmiyyət o vaxt irəli gedəcək ki, öz alimini, öz müəllimini, ona elm verən, onun tərəqqisində rolu olan insanları başının üzərində qaldırsın. Nə qədər ki, bu olmayacaq, Mirzə Ələkbər Sabir aclıq içərisində, xəstəlikdən müalicə olunmadan əziyyət içərisində öləcək, Mirzə Cəlil əlyazmaları ilə sobanı qalayacaq və hamamda kassir işləyəcəkdir. Cəmiyyət bu insanları yaşatmayacaq. Ona görə də dediyiniz məsələyə bir reallıq kimi yanaşmalı və onu dəyişməliyik”.

Həmçinin oxuyun

Məişət texnikası və mobil telefon alarkən diqqətli olun – VİDEO

Elektron məşiət avadanlıqları demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bəzən aldığımız bu növ …

Bir cavab yazın