Cümə , Noyabr 27 2020
Ana səhifə / Sosial / Cəmil Həsənli facebookda damarını niyə doğradı?

Cəmil Həsənli facebookda damarını niyə doğradı?

Bir siyasətçinin nə qədər demokrat olduğunu yoxlamaq üçün onu tənqidlə test edəcəksən. Fəaliyyətini ələşdirəcəksən. Verdiyi reaksiya testin ən doğru cavabı olacaq. Tənqidə, təftişə dözüm göstərirsə, buna normal yanaşırsa, o siyasətçi demokrat adını haqq edib. Yox, onu tənqid edən jurnalisti, kütləvi informasiya vasitəsini söyüb yamanlayırsa, nə demokratlıq qalır, nə dözümlülük.

Bu, Azərbaycan siyasətçilərinin bir çoxunda rastlanan neo-bolşevizm xislətinin lap özüdür. Bu xislətin içində isə bir az da feodal təfəkkürü boy göstərir. Siyasətçi, xüsusilə də bir siyasi quruma rəhbərlik edən, prezidentliyə namizəd olmuş şəxs tənqidə küçə söyüşləri ilə qarşılıq verirsə, hikkədən az qala facebookda damarını doğramaq həddinə çatırsa, məsələ aydındı… Demək, bu adamlar yalnız tərif istəyir, tənqidi isə kateqorik şəkildə rədd edirlər.

Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısından bir foto paylaşılmışdı facebookda.

Diqqətimizi çəkdi, təxminən iki min işarəlik bir yazı həsr etdik o fotoya. Başlıq da bu cür idi: “İflasın fotosu –  Yeganə və Yeganəddin” (http://musavat.com/news/qalmaqal/iflasin-fotosu-yegane-ve-yeganeddin_340141.html). Milli Şura sədri Cəmil Həsənli bu yazıya söyüş-qarğışla cavab verib özünün facebook divarında. Divar qəzetinə çevirdikləri “Azadlıq” da həmən dərc edib müəllimin yazısını.

Rauf Arifoğlunu İlham Əliyevdən medal almaqda suçlayan MŞ sədri, deputat olduğu dövrdə Əliyevlər barədə kitablar yazıb, pul qazanıb. Bir korrupsioner, öz komandasına, liderinə dönüklük etmiş sabiq nazirin hüquqlarının müdafiə komitəsinin rəhbəri olub”

Niyə qəzəbləniblər – bu, aydındı. Bu adamlar illərdir rejimlə, hakimiyyətlə kəskin mübarizə apardıqlarını iddia edirlər. Amma bircə foto bəs etdi ki, yalanlarının, “paçka basmalarının” üstü açılsın. Siyasi müxalifətin rejimlə mübarizəsinin klassik anlamı və məkanı var – ya meydan, ya parlament. Bunların heç biri yoxdu bu gün, bəs bu adamlar rejimlə harda mübarizə aparırlar?! Zamanında Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli Milli Məclisdə təmsil olunublar, hərəsi 10 il deputat mandatı daşıyıb. Adını yazdığım bu 3 nəfərdən hansının deputat olarkən hakimiyyətin, onun başında dayananların ünvanına kəskin çıxışlarını, tənqidlərini xatırlayırsınız? Olubmu belə bir şey? Hökumət rəhmətlik Əbülfəz Elçibəyə Kələkidən, hətta bəzi hallarda o kənddəki evindən kənara çıxmağa imkan vermədiyi dövrdə onun müavinləri hansı yolla, necə Milli Məclis deputatı oldular? Hakimiyyət sənin liderinin, sədrinin ucqar bir kənddə hərəkətini məhdudlaşdırır, amma sənin parlamentə “seçilməyinə” mane olmur. Ay sizi pişik yesin… Hələ bu tarixi ləkəni, rəzaləti üstünüzdən təmizləyin, sonra əxlaqdan, dönməzlikdən, mübarizlikdən danışarsız.

Tərs kimi Cəmil müəllimin siyasi tərcümeyi-halında bu ləkə ikiqatdır: o, həm Elçibəyi, həm də Əli Kərimlini  sataraq, onlara xəyanət edərək deputat mandatını qoruya bilib, özü də iki dəfə. Bir 2002-ci ilin aprelində Əhəd Abıyevin Ə.Kərimlini söyməsindən sonra AXCP deputat qrupunun Milli Məclisin iclaslarını boykot qərarını çeynəyərək növbəti iclaslarda iştirakı ilə, bir də 2005-də deputat mandatından imtina etməyərək. Sonuncuda C.Həsənli təmsil olunduğu partiyanın qərarına qarşı çıxaraq parlamentə getdi. 2005-2010-cu illərdə bir dəfə olsun, bu adamı radikal çıxışları ilə xatırlamaq mümkün deyil. Rauf Arifoğlunu İlham Əliyevdən medal almaqda suçlayan MŞ sədri, deputat olduğu dövrdə Əliyevlər barədə kitablar yazıb, pul qazanıb. Bir korrupsioner, öz komandasına, liderinə dönüklük etmiş sabiq nazirin hüquqlarının müdafiə komitəsinin rəhbəri olub. Bizim o cür nazir qohumumuz, kəndçimiz olsa, biz də Cəmil müəllim kimi həmin naziri müdafiə etsəydik, təsəvvür edirsinizmi bu adamlar bizə nələr hədyanlar yazardılar, deyərdilər. Demək, bunlara hər şey olar, hər əxlaqsızlığa gedə bilələr, amma biz tutaq ki, MŞ-nın iclasından çəkilmiş bir fotoya şərh yazanda, fəaliyyətsizliklərini tənqid edəndə satqın, xəyanətkar oluruq.

Tərs kimi Cəmil müəllimin siyasi tərcümeyi-halında bu ləkə ikiqatdır: o, həm Elçibəyi, həm də Əli Kərimlini sataraq, onlara xəyanət edərək deputat mandatını qoruya bilib, özü də iki dəfə”

Yaxşı bəhanə tapıblar: siyasi fəaliyyət üçün ölkədə demokratik şərait yoxdu. Bəs sən hansı günə gərəksən, niyə müxalifət missiyasını üzərinə götürmüsən? Bircə siyasi prosesə təsir imkanın yoxdursa, hakimiyyətin hansısa qərarına mane ola bilmirsənsə, demək, sənin siyasətdə yerin yoxdu. Müxalifətin hakimiyyətə təsir mexanizmini hərəkətə gətirən xalq amilidi. Xalq müxalifətin arxasında olanda, iqtidar da siyasi rəqibini saya salır, ondan çəkinir. Milli Şuranın və AXCP-nin təşkil etdiyi icazəli mitinqlərə 500 nəfər belə gəlmirsə, prezident seçkisində 5-6 faiz səs alırsansa, demək, iflas olmusan. Bu iflası pərdələmək üçün “Yeni Müsavat”ı, onun baş redaktorunu cümlə günahların baiskarı göstərirlər. Sanki bu qəzet, Rauf Arifoğlu kənara çəkilsə, bunlar doqquzu dörd edərlər – Cəmil hocamız prezident olar, Əli Kərimli xarici pasport alar, AXCP iqtidara gələr, Qarabağ işğaldan azad olunar və s. Hakimiyyət bu siyasi avaralara hansı texnologiyanı tətbiq edirsə, bunlar da eynisini bizə qarşı tətbiq edirlər. Sabah Ə.Kərimli redaksiyanın, yaxud evimizin qarşısında aksiya təşkil etdirsə, əsla təəccüblənməyin…

 

*    *    *    *

Musavat.com redaksiyaya “demokrat hücumu”na səbəb olan və barəsində yazılan fotonu bir daha oxucusuna təqdim edir:

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …

Bir cavab yazın