Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Azərbaycan xalçaları” jurnalının 25-ci sayı nəşr olunub

“Azərbaycan xalçaları” jurnalının 25-ci sayı nəşr olunub

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalının 25-ci sayı işıq üzü görüb. Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

“Azərbaycan xalçaları” jurnalının 25-ci sayı Novruz bayramı münasibətilə Bakı şəhərində keçirilən ümumxalq şənliyindən hazırlanmış rəsmi materialla açılır.

Jurnalda dərc olunan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı silsilə yazılarda qiymətli faktlar öz əksini tapıb. Akademik İsmayıl Hacıyevin (AMEA Naxçıvan Bölməsi) “Araz-Türk Respublikasının yaranması və bölgənin erməni işğalından qorunması uğrunda mübarizəsi”, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin (AMEA Memarlıq və İncəsənət İnstitutu) akademik İsa Həbibbəylinin və professor Vidadi Muradovun “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabına rəyi qiymətli elmi-publisistik məqalələrdir. Bundan başqa, jurnalda AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin (AMEA Naxçıvan Bölməsi) “Sirabçay və Naxçıvançay vadisinin qədim mədəniyyətləri”,  tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun (Milli Azərbaycan Tarixi Muzeyi) “Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinə aid eksponatlar”, tarix üzrə fəlsəfə doktorları Hacı Həsənovun və Ramil Niftəliyevin “Qafqaz Kustar Komitəsinin tarixindən” (AMEA Tarix İnstitutu), tarix üzrə fəlsəfə doktoru Esmira Vahabovanın “Şimali Azərbaycanın xalçaçılıq sənəti: inkişaf və müxtəliflik (XIX əsrin ikinci yarısı-XX əsr)”, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın (AMEA Naxçıvan Bölməsi) “Naxçıvanın dialekt və şivələrində xalçaçılıq terminologiyası”, tarix üzrə fəlsəfə doktoru Zəhra İslamovanın (Bakı Dövlət Universiteti) “Azərbaycan xalçalarının izləri XVIII əsr qaynaqlarında”, tarix üzrə fəlsəfə doktorları Xəliyəddin Xəlillinin və Tahir Şahbazovun “Qarabağ elatlarının təsərrüfat həyatından” və s. kimi məqalələri yer alıb.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.

Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2017N25/ ünvanında tanış ola bilərlər.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …