Ana səhifə / Kriminal / Sabiq MTN polkovnikinə hökm oxundu- hakimə təşəkkür etdi

Sabiq MTN polkovnikinə hökm oxundu- hakimə təşəkkür etdi

Dələduzluğa görə tutulan və hazırda təqaüddə olan keçmiş MTN polkovniki və digərlərinin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə V. Güləli son söz deyərək hakimlərə təşəkkür etdiyini bildirib: “Mənim barəmdəki ittiham aktı uşaq imlasına oxşayır. Rafiq Tahirovun MTN-dəki cinayət işindən qaçaqmalçılıq maddəsinin götürülməsi üçün rüşvət vermək məqsədi ilə verilib. Mən bu işdə vasitəçi olmuşam. Bu barədə keçmiş MTN işçilərinin cinayət işində ifadə vermişəm, araşdırma davam edir. Mən aldığım pulu MTN binasının yaxınlığında Vüqar Əsədova vermişəm. Müstəntiq Vüqar Əsədovu tapşıran adamla danışandan sonra bu işlə bağlı mənə ittiham verdi. Vüqar bu işlərdə MTN-nin adından istifadə edərək dələduzluq edib. Digər epizodlarda zərərçəkmiş kimi tanınan şəxslərdən sələmə pul götürülüb, faizi də ödənilib. Bu işlərə mülki qaydada baxılmalıdır. Mənə bəraət verməyinizi xahiş edirəm”.

Məhkəmə kollegiyasının hökmü ilə V.Güləli 8 il, N.Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən C.İbayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, istintaq zamanı həbs edilmədikləri üçün məhkəmə zalında qandallanıb.

Vüqar Əsədov və Anar İsmayılova isə şərti cəza verilib, onlar istintaq zamanı həbs edilmədiyi üçün sərbəst qalıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaşı Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd edərək ondan 89 min 800 manat alıb.

R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər zərərçəkmiş Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.

Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alıblar.

İttihama münasibət bildirən V.Güləli özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, həbs edilənlərdən Vüqar Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O, MTN ləğv edilmədən əvvəl təqaüdə çıxıb.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən üçü – V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri isə həbsdədir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …