Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Adam kimi düşmənçilik – Əsir generalın qalib generala ehtiramı

Adam kimi düşmənçilik – Əsir generalın qalib generala ehtiramı

Heç bir müharibə ən pis sülhdən belə yaxşı deyil. Bu, əlbəttə, gələcəyin sözüdür, keçmişi dəyərləndirərkən bu sözlərdən adətən istifadə etmirik. Çünki tarix təkcə dərs çıxarmaq, yaxud keçmişi unutmamaq üçün öyrənilən bir elm sahəsi deyil, həm də xüsusi yanaşma tələb edən, həssas və təmkinli olmağı gərəkdirən bir növ incəsənətdir. Tarixi araşdıranda insan maraqlı faktların qarşısında heyrət edir, kədərlənir, təəssüf hissi keçirir, həyəcanlanır.

Bu günlərdə Türkiyənin Qurtuluş savaşını, daha dəqiq desək, sonuncu yunan-türk müharibəsini oxuyurdum. Əslində müharibə nə qədər qaydalara uyğun aparılsa da, bir insan kütləsinin digərini öldürdüyü vəhşi aktlar toplusudur. Amma görürsən ki, bu vəhşiliyin içində bəzən elə alicənablıqlar yatır ki, insanı “axı niyə vuruşuruq?” tipli suallar verməyə məcbur edir.

Yunan ordusunun baş komandanı Nikolas Trikupis. Mən onu o vaxt TRT-də yayımlanan “Kurtuluş” serialındakı bığlı yunan generalı kimi tanıyırdım. Bu günlərdə onun haqqında kiçik bir araşdırma elədim.

Trikupis bacarıqlı və müharibə qaydalarına riayət edən bir hərbçi olub. Yunanlar Anadolunun böyük bir hissəsini tutmuşdular. Trikupis o zamanlar ön cəbhədəki generallardan biri idi. Türklərin qəfil hücuma keçməsindən sonra vəziyyəti düzgün dəyərləndirərək yunan baş qərargahını məlumatlandırsa da, baş qərargah onun məsələni böyütdüyünü düşünüb. Çünki heç kəs türklərin belə ildırımsürətli hücumunu gözləmir və bunun baş verəcəyi ehtimalına belə inanmırmış.

Trikupis yunan ordusunun türklərin sürətli hücumu ilə üç yerə parçalanmasından sonra Dumlupınara vaxtında çatıb həlqəni yara bilmir və əsir düşür, Atatürkün yanına gətirilir. Bu vaxt o artıq özünün xəbəri olmasa da yunan ordusunun baş komandanı təyin edilmişdi. Mühasirədə olduğu üçün elə bu xəbəri də Atatürkdən alır.

Atatürk tərəfindən hörmətlə qarşılanır. Çünki yunan general özünü vaxtilə yaxşı aparıbmış. Ölən bir türk pilotuna cənazə mərasimi düzəldəcək qədər alicənab biriymiş. Minbaşı olan pilotu bu cür dəfn etməsini tənqid eləyənlər olub, amma o “biz bura ölülərdən intiqam almağa deyil, canlı və silahlı düşmənlə döyüşməyə gəldik” deyə cavab verib.

Atatürk də alicənab davranır, “intihar etməliydim” deyən Trikupisə “Napoleon da təslim olmuşdu, siz əlinizdən gələni elədiniz”,- deyə təskinlik verir. Müharibə bitdikdən sonra da geri qayıtmasını bir müddət əngəlləyir. Çünki məğlub generalların hamısı Yunanıstana çatan kimi güllələnirmiş. Trikupis güllələnməyən nadir generallardan olub və uzun bir həyat yaşayıb.

Ən maraqlısı ölənə qədər hər Atatürkü anma günündə Türkiyə səfirliyinə gedir, Atatürkü yad edirmiş. Tarixdə məğlub generalın qalibi anması nadir hadisələrdəndir.

Maraqlıdır ki, qanlı müharibədən sonra türklərlə yunanlar arasında münasibət gərgin qalsa da, buzlar yavaş-yavaş əriyib. Bu gərginlik hələ də var, amma daha millətlər arası səviyyədə deyil, millətçilər səviyyəsindədir. Adam hərdən fikirləşir ki, görəsən, ermənilərlə bizim aramızda buzların əriməsi üçün nə qədər vaxt lazımdır? İki ölkənin arasındakı müharibənin xarakterinə baxanda görürsən ki, bu ən azı yaxın 50 ildə mümkünsüz görünür. Çünki bu müharibədə Trikupis əhvalatındakı kimi alicənablıq hekayələri yoxdur.

İstər böyük müstəvidə, istərsə də şəxsi müstəvidə düşmənçilik eləyəndə gərək adam kimi eləyəsən.

Araz BAYRAMOV

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın