Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / 2 saylı liseyin sabiq direktoru Bakir Mustafayev BŞTİ-dəki rüşvətxorluqdan danışdı…

2 saylı liseyin sabiq direktoru Bakir Mustafayev BŞTİ-dəki rüşvətxorluqdan danışdı…

Səbail Rayonu H.Mahmudbəyov adına 2 Nömrəli Texniki Humanitar  Elmlər  Liseyinin sabiq direktoru  Bakir Mustafayev “Gündəlik-Bakı”  qəzetinin qonağı olaraq  Azərbaycan təhsil sistemində baş  verən qanunsuzluqlar və özünün  qarşılaşdığı problemlər barədə  geniş məlumat verib. 
Məlumat üçün qeyd edək ki, Bakir Mustafayev  35 il təhsil sistemində çalışb, bu müddətin 20 ilini məktəb direktoru kimi fəaliyyət  göstərib. 
Bakir  Mustafayev  müxbirimizə bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri olan  Rəşad Tağıyev ( o hazırda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısıdır ) 2018-ci ildə Nuranə Şıxəliyevanı məktəbimizə  tədris işləri üzrə direktor müavini  göndərib: “Nuranə Şıxəliyeva ilə söhbət zamanı gördüm ki, onun ümumiyyətlə, təhsil sahəsindən anlayışı yoxdur. Mənim rəhbərlik etdiyim məktəbdə  4 nəfər “Əməkdar müəllim” fəxri adını daşıyan, 2 nəfər “Tərəqqi” medalı ilə təltif edilən, eyni zamanda yüksək təcrübəsi olan müəllimlər var. Sadəcə, Rəşad Tağıyev nəyinsə qarşılığında Nuranə Şıxəliyevanı bizim məktəbə direktor müavini, özü də tədris işləri üzrə müavin göndərdi”. 
Bakir Mustafayev  Bakı ŞTİ-də baş verən rüşvət hallarına da toxunub:
Bakı ŞTİ-də hamının yaxşı tanıdığı  və özünü  Rəşad Tağıyevin xalası qızı kimi qələmə verən Səbinə Səfərova var. O, İnsan Resursları şöbəsində işləyir və  həmişə Rəşad  Tağıyevin  pul yığanı, “qara kassası” olub.  
Səbinə Səfərova  Bakıda olan 300-dən artıq məktəb direktorlarından  şagird kontingentinə görə, hər ay  1000 ya da 500 manat pul yığıb Rəşad Tağıyevə verirdi. 
Onu da qeyd edim ki, Rəşad Tağıyev  işçiləri müqavilə əsasında işə götürürdü və hər il müqaviləni təzələmək üçün 1000 manat alırdı. Bu həm də təqaüd yaşı çatan müəllimlərə də aid idi. 
Bakir Mustafayev bildirir ki, bircə dəfə məsələnin sonuna çatmaq üçün  aparıb  Səbinə Səfərovaya öz maaşımdan 500 manat verdim. Və heç kimdən rüşvət almadığım üçün 2-ci ay getmədim. 2019-cu ildə  Səbinə Səfərova özü mənə zəng edərək dedi ki, bütün direktorlar aylıq pulu çatdırıb, siz niyə gətirmirsiniz..? 
Mən deyəndə ki, verməyə pulum yoxdur, Səbinə dedi ki, direktor müavini  Nuranə Şıxəliyevanın və  65 yaşlı  fizika müəllimi Səkinə Bədəlovanın müddəti bitir, onların hər birindən 1000 manat al gətir. 
Nuranə Şıxəliyeva  razı olduğu üçün  1000 manatı aparıb Səbinəyə verdi və əmək müqaviləsi 1 il uzadıldı. Fizika müəlliməsi Səkinə Bədəlova isə pul vermədiyi üçün  işdən uzaqlaşdırıldı. 
Sabiq direktorun dediklərindən bəlli olur ki, o Rəşad Tağıyevə hər ay rüşvət vermədiyi üçün onun “torbasını tikmək”  barədə  qərar verilir. Və bu məsələ Bakı ŞTİ-nin “Daxili nəzarət “ şöbəsinin müdiri Sərxan Rzayevə həvalə edilir. Sərxan Rzayev isə “torba tikmək”  məsələsini əvvəl Polis Akademiyasından qovulan, sonra hansı yollasa BŞTİ-də işə düzələn əməkdaşı Bakir Məmmədova tapşırır. Köhnə polis işçisi olan Bakir Məmmədov isə 70 saylı liseyin direktoru Ülviyyə xanımdan məktəbdə oxuyan bir şagirdin şəxsi işini tələb edir. Hansı ki, şəxsi işi kiməsə vermək qanunsuzluqdur. Və Bakir Məmmədov həmin uşağın şəxsi işini və konvertdə 800  manatı “torba”  tikmək üçün  Samir  adlı  oğlanın vasitəsilə  2 saylı məktəbə göndərir. Amma  Samir  səhv edərək pulu direktor Bakir Mustafayevə deyil, direktor müavini Nuranə Şıxəliyevaya verir və deyir ki, guya uşağın dayısıdır. 
Sonradan əməliyyatın alınmadığını, yəni pulu direktora deyil, müavinə verildiyini görən, Rəşad Tağıyev və  dostları  başqa yollara əl atırlar. Samir adlı şəxs Nuranənin yanına  gələrək deyir ki, rəhmətə gedənimiz var, uşaq bu məktəbə gələ bilməyəcək, ona görə də 800 manatı qaytar. Və vəziyyət gərginləşir. Bunu hiss edən məktəb direktoru Bakir Mustafayev digər müavini vasitəsilə dəqiq öyrənir ki, həqiqətən də Nuranə 800 manat rüşvət alıb. Və dərhal bu barədə Bakı ŞTİ-nin rəhbərliyinə, “Daxili nəzarət”  şöbəsinə məlumat verir. 
Və  şöbənin  əməkdaşı   Nazim Bağırov onlardan izahat alır. 
Məsələnin qəlizləşdiyini görən, Bakı ŞTİ-nin rəhbərliyi sentyabrın 25-də  direktor Bakir Mustafayevin fəaliyyətini təftiş etmək üçün “Daxili nəzarət”in müdiri  Sərxan  Rzayevin  başçılığı ilə  məktəbə yoxlama  göndərir. 
Direktor deyir ki, heç bir etik normanı gözləməyən Sərxan Rzayev bir başa deyib ki, ərizəni yaz işdən çıx. 
Sonra direktor Bakir Mustafayev 3 dəfə Rəşad Tağıyevin qəbuluna düşmək istəsə də düşə bilməyib və sonda “Sənə 500 manat toplayıb verə bilmədiyim üçün məni işdən azad elə” məzmunda ərizə yazaraq idarəyə təqdim edib. 
Sonda yoxlamanın nəticəsi olaraq yalandan direktorun barəsinə israfçılıq  səbəbi ilə material toplayaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndəriblər. 
Sabiq direktor  Bakı ŞTİ-də baş verən qanunsuzluqlar, rüşvətxorluq halları barədə də müxbirimizə  məlumat verib. 
Sabiq direktorun dediyindən bəlli olur ki, Rəşad Tağıyevin xalası qızı Səbinə Səfərova neçə müddətdir ki, qurumda işə qəbul, əmək müqaviləsinin uzadılması, məktəb direktorlarından aylıq pul yığılması, işdən uzaqlaşdırma məsələlərinə baxıb. 
Təsəvvür edirsiniz, ixtisası mühasib olan  Elməddin Qazıyev Bakı ŞTİ-də “Ümumi təhsil”  sektorunda  baş məsləhətçi işləyib və 5-ci sinifə qəbul olan 38  şagirdin 14-dən rüşvət alıb. Hazırda Elməddin Qazıyev Sədərək bazarında təkər satır. 
Bir sözlə, 35 il təhsil sahəsində çalışan sabiq direktorun dediklərindən bəlli olur ki, təhsil sistemimiz fəlakətli vəziyyətdədir. 
Bakir Mustafayev, Bakı ŞTİ-nin “Daxili nəzarət” şöbəsinin adının dəyişdirilməsini  və “Direktorlardan aylıq yığan” şöbə adlandırılmasını  təklif edir. 
Sabiq direktor  təhsil naziri Emin Əmrullayevə müraciət edərək deyir ki, 35 illik zəhmətimin qarşılığında məni 4-5 dəqiqə qəbul elə, təhsildəki problemləri sənə deyim. Ya da cənab nazir, təcili istefa ver ki, bəlkə təhsilimizi  fəlakətdən qurtara bilək.
Səbail rayonu H.Mahmudbəyov adına 2 Nömrəli Texniki Humanitar  Elmlər  Liseyinin sabiq direktoru  Bakir Mustafayev 
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …