Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Əli Əliyevdən xəbərdarlıq: “Azərbaycanın durumu çətinləşəcək”

Əli Əliyevdən xəbərdarlıq: “Azərbaycanın durumu çətinləşəcək”

VİP sədri Əli Əliyev Moderator.az-a açıqlamasında rus hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması və bunun beynəlxalq siyasi-hərbi müstəvidə səbəb ola biləcəyi mümkün dəyişikliyi şərh edib:
“Türkiyə hava məkanında rus hərbi təyyarəsinin vurulması beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər. Artıq tərəflərin rəsmi mövqeyi açıqlanıb. Türkiyə tərəfdən baş nazir Davudoğlu, Rusiya tərəfdən Putin, Lavrov və Puşkov münasibət bildiriblər. Rus mətbuatında isterika başlayıb. Artıq Türkiyəni RF-yə qarşı təcavüzdə günahlandırırlar. Hadisəyə verilən qiymət rəsmən belədir-” Türkiyə Rusiyaya arxadan zərbə vurdu.”
Bir neçə saata NATO-nun mənzil qərargahında üzv dövlətlərinin səfirləri səviyyəsində görüş keçiriləcək. NATO-nun rəsmi mövqeyi gözlənilir. Pentaqon artıq mövqeyini açıqlayıb: “Təyyarə antiterror əməliyyatları çərçivəsində deyil, ərazi mühafizəsi zərurətindən vurulub.” Əminəm ki, NATO baş katibi də təxminən bu mövqedən çıxış edəcək. Görünən odur ki, Rusiya-İran tandemi NATO qüvvələri ilə üz-üzə dayanmalı olacaq.
Bir müddət əvvəl Türkiyə hava sərhədlərinin rus təyyarələri tərəfindən pozulmasına dair insedentin şahidi olmuşduq. Mütəmadi olaraq hava məkanına müdaxilənin yaratdığı gərginliyi, Rusiya hərbi isteblişmenti yüksək səviyyədə Ankaraya səfər etməklə səngitmişdi. Lakin hərbi müttəfiqlər olaraq, başqa dövlətin-Suriyanın ərazisində geniş miqyaslı hərbi əməliyyat aparan Rusiya-İran alyansı Türkiyəni hərbi münaqişəyə cəlb etmək vəzifələrini yerinə yetirirlər. Türkiyə nə qədər yayınsa da, son hadisə bunun mümkünsüz olduğunu göstərdi. Suriya türkmənlərinə qarşı törədilən qətliamın da miqyası bu planın tərkib hissəsi idi. Belə ağır beynəlxalq vəziyyətdə Azərbaycanın durumu çətinləşir. Azərbaycanın qardaş dövləti Türkiyə ilə, hakimiyyətimizin ehtiyatlandığı Rusiya arasında seçim etmək çox mürəkkəb olacaq. Nəzərə alsaq ki, Putinin yeni imperiya layihəsi-Avrasiya İttifaqı-Kreml mənsublarını Suriya “uğurları” fonunda eyforik duruma gətirib, bizim üçün çətin olacağını görməmək mümkün deyil. Bir neçə gün ərzində Şimal sərhədlərimizdə iş adamlarımızın Rusiyaya aparmaq istədiyi kənd təsərrüfatı məhsullarının saxlanması, dövlətimizə iqtisadi təhdidin nümunəsidir. Azərbaycanın 90-larda MDB-yə aparılması zamanı da eyni taktikadan istifadə edilirdi. Türkiyə-Rusiya münasibətlərinin gərginliyi fonunda bizə seçimlə bağlı ediləcək təzyiqlər yüksələcək. Buna hazırlaşmaq lazımdır”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın