Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Əhali yükü və nəqliyyat sıxlığı Bakıda həyatı iflic edir: Çıxış yolu nədir?

Əhali yükü və nəqliyyat sıxlığı Bakıda həyatı iflic edir: Çıxış yolu nədir?

Bakı ölkə əhalisinin ən sıx məskunlaşdığı şəhərdir.

Qeyd edək ki, paytaxtın köçürülməsi məsələsi bir neçə il öncə aktual olsa da, sonralar bu istiqamətdə təkliflər bir qədər arxa plana keçdi.

Mütəxəssislərin fikrincə, əhalisi 100 min nəfərdən çox olan şəhərlərin sayının artması Bakının boşaldılması baxımından çox önəmlidir. Burada isə əsas məqamlardan biri kimi Bakıda olan 30-dan çox universitetin müəyyən bir hissəsinin də köçürülməsi məqsəduyğun hesab edilir.

Bu da bir həqiqətdir ki, son illər Bakıda əhali sayının sürətlə artması ilə paytaxtda və ətraf ərazilərdə çox sayda yeni binalar tikilib və hazırda paytaxtda yeni bina tikmək üçün yer tapmaq çətindir. Eləcə də əhali sayının çox olmasının nəticəsidir ki, insanlar dayanacaqlarda, xüsusilə də metro stansiyalarında yaranan sıxlıqla bağlı çətinliklərlə üzləşirlər.

Maraqlıdır, yaranmış mövcud şəraitlə bağlı Bakının boşaldılması məsələsi yenidən gündəmə gələ bilər?

Memar Cahid Həsənov bununla bağlı Cebhe.info-ya bildirdi ki, bir neçə dəfə Bakının köçürülməsi ilə bağlı təkliflərlə çıxış edib:

“Ümumiyyətlə, Bakının Qaradağ rayonuna bütün tədris ocaqlarının, universitetlərin, hətta AMEA-nın köçürülməsi yaxşı olardı. Mən “Koroğlu” metrostansiyasından “20 Yanvar”a qədər gedən yolda bir araşdırma apardım.

“Elmlər Akademiyası”metrostansiyasına qədər dərs saatlarında ictimai nəqliyyatda o qədər sıxlıq müşahidə olunur ki, əhalinin bəzi hissəsi bir neçə stansiyada qatara minə bilmirlər. Ancaq “Elmlər Akademiyası” metrosunun çıxışında bir neçə universitetin, AMEA-nın olması ilə boşalma yaranır ki, sonra həyat öz axarına qayıdır. Yataqxanalar universitetlərin yaxınlığında olmalıdır. Memarlıq və şəhərsalmada bir qayda var. Necə ki, hərbi xidmətə getdikdən sonra azı bir il hərbi xidməti başa vururlarsa, bu da elə olmalıdır. Yəni, universitetdə bu gün tələbə dərsdən çıxıb evə gedən yolda kafe, musiqi mərkəzi görürsə, onun öyrəndiyindən əsər-əlamət qalmır. Böyük potensiala malik universitetlərdə tələbələr dərsdən sonra həmin ali məktəbin yataqxanasında qalır, həmin ab-havadan 4-5 il ayrılmır. Həm təhsilə daha yaxşı diqqət ayırması, həm də şəhərin boşalması baxımından bu önəmlidir”.

Ekspert deyir ki, universitetlərlə yanaşı eyni zamanda diplomatik korpuslar, səfirliklərin də köçürülməsi lazımdır:

“Digər xarici ölkələrdə olduğu kimi yataqxanalar ali təhsil ocaqlarının həyətində olarsa, tələbənin heç ictimai nəqliyyatdan istifadəsinə ehtiyac qalmır. Tələbə həmin yataqxanada yaşayır, dərsə də oradan gedir, şəhər boşalır. Bütün bunlar olarsa, şəhər boşalar, Bakıda yalnız ticarət, əyləncə mərkəzləri olar, turistlərin gediş-gəlişi üçün məkan yaranar, iqlim şəraiti, memarlığı da buna imkan verir. Təəssüf ki, son 10-20 ildə bölgələrdən, xaricdən gələnlərin hamısı Bakıda məskunlaşıb. Buna görə də ilk növbədə universitetlər, diplomatik korpusların köçürülməsi ilə yanaşı yeni tikilən yaşayış binaların dayandırılması lazımdır.

Məsələn, “Qurd qapısı” adlanan yerdən bir qədər aralı Qaradağ rayonudur ki, əslində 5 dəqiqəlik yoldur. Orada yaşayış binaları tikmək mümkündür. Ancaq şəhərdə sıx şəkildə o qədər binalar tikilir ki, bir küncdən digər tərəfə getmək mümkün deyil. Ancaq Qaradağ, Lökbatan yolu, Xocasən ərazisində yaşayış mənzilləri tikilə bilər. Həmin ərazidə Azad iqtisadi zona olacaq, sahibkarlar orada hotellər, yaşayış binaları tiksələr, universitetlər də köçsələr Bakının mərkəzi sıxlıqdan boşalar və bərabər şəkildə seyrəlmə baş verər. Bakı daha da sakit və rahat görünər, oksigenlə zənginləşər”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …