Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / “Əbülfəz Elçibəy Kələkiyə getməsəydi…”

“Əbülfəz Elçibəy Kələkiyə getməsəydi…”

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarıldı. Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilinin vətəndaşlıqdan çıxarılması ilə bağlı fərman imzalayıb. Saakaşvili ilə bağlı materiallar Ukrayna Baş Prokurorluğuna göndərilib.
Mixail Saakaşvili Poroşenkonun bu addımından dərhal sonra Ukraynanı tərk edib və ABŞ-a gedib.
Gürcüstanda isə Mixail Saakaşviliyə xeyli vaxtdır cinayət işi açılıb və keçmiş prezidentin vətənə dönüşünün qarşısı bu şəkildə alınıb. Bəxti heç yerdə gətirməyən Saakaşvilinin bundan sonrakı taleyi, harada yaşayacağı hələ ki bəlli deyil.
Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənovun fikrincə, böyük ehtimalla ABŞ bu dəfə Mixail Saakaşvilini Kanadaya göndərəcək: “Mixail Saakaşvilini vaxtilə ABŞ-dan çıxarmaq lazım idi. Ukrayna prezidenti Poroşenko ABŞ-ın sözünü yerə salmadı və ona Ukrayna vətəndaşlığını verdi. Sonra isə qubernatorluğuna belə şərait yaratdılar. Poroşenko Saakaşviliyə vəzifə verdi ki, ABŞ-ın xoşuna getsin. Sonra gördü ki, onunla bacara bilməyəcək, Saakaşvilinin reytinqi artır. Ona görə də Poroşenko onu vəzifədən çıxardı. Saakaşvili isə dayanmadı, aktiv siyasətə baş vurdu. Keçmiş prezident Ukraynada siyasi partiya yaratmaq istəyəndə Poroşenko başa düşdü ki, ABŞ Saakaşvilinin əli ilə Ukraynada tarana hazırlaşır. Ona görə də qorxunun təsiri altında onu vətəndaşlıqdan məhrum etdi. İndi ABŞ Saakaşvilini ən yaxşı halda Kanadaya göndərə biləcək. Kanadanın baş naziri Castin Trüdo ən sözə baxan adam təsiri bağışlayır. Avropa ilə ABŞ-ın münasibətləri korlanır artıq. Ona görə də Saakaşvilinin hansısa Avropa ölkəsinə göndərilməsi ehtimalı azdır. Artıq ABŞ Poroşenkodan narazıdır. Poroşenko hakimiyyətdə bərkiyəndən sonra öz biznesini qarışdırdı hakimiyyətə və indi özünü Ukraynanın sahibi kimi görür. Trampın da ona ciddi rəğbəti olmadığından, birbaşa ABŞ-ın diktəsi ilə oynamaq istəmir”.
Əvəz Həsənov onu da qeyd etdi ki, Mixail Saakaşvilinin prezidentlik müddəti bitdikdən sonra ölkəni tərk etməsi, Gürcüstan vətəndaşlığından imtinası yanlış addım olub: “Onun indiki halda yalnız ”siyasi qaçqın” statusu almaq şansı olacaq. O, əgər Gürcüstanda qalsaydı, seçkiləri uduzmasına baxmayaraq sonrakı mərhələdə ən güclü müxalifət olacaqdı. Vaxtilə rəhmətlik Əbülfəz Elçibəy Kələkiyə getməsəydi, Ayaz Mütəllibov kimi ölkədən qaçsaydı, yenidən siyasətə qayıtmağına heç bir şansı olmayacaqdı. Lakin o, ölkəni tərk etmədi və lazım olan anda Bakıya qayıdaraq siyasi proseslərdə canlanma yaratdı. Sadəcə, Elçibəyə ömür imkan vermədi ki, öz gücünü bir daha siyasətdə sınaya bilsin. Millətini sevən prezidentlər mandat aldığı ölkəni ona görə tərk etmir ki, xalqdan alınan mandat onun bütün həyatı boyu ən böyük təminat və ehtiramdır. Əks halda, o, ölkədən qaçanda və yaxud tərk edəndə, onu siyasi mühacir həyatı gözləyir. İndi Saakaşvilinin mühacir həyatı başlayacaq”.(musavat.com)

Həmçinin oxuyun

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi …

Bir cavab yazın