Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Yaşayış məntəqələri dağıdılan ölkə Azərbaycan, maliyyə yardımı alan isə Ermənistandır” – Təbriz Musayev

“Yaşayış məntəqələri dağıdılan ölkə Azərbaycan, maliyyə yardımı alan isə Ermənistandır” – Təbriz Musayev

Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) yaxın beş il ərzində Ermənistana bir sıra proqramların reallaşdırılmasına 1,5 milyard avro ayıracaq. Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən məlumatda qeyd olunur ki, iyulun 2-də Brüsseldə Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə həyata keçirmək niyyətində olduğu bütün təşəbbüslərin göstərildiyi müvafiq sənəd təqdim edilib.

“Ermənistana Sünik vilayətinin inkişafı da daxil olmaqla, beş əsas proqramın reallaşdırılması üçün 1,5 mlrd. avrodan çox vəsait veriləcək”, – məlumatda deyilir.

Vəsait 30 min kiçik və orta müəssisəyə, sosial-iqtisadi inkişafa və kommunikasiyaların inkişafına yardım, “Şimal-Cənub” yolunun tikintisinə, informasiya texnologiyaları sahəsinə sərmayənin qoyulmasına, Ermənistanın cənub regionlarının dayanıqlığının artırılmasına yönəldiləcək.

O da məlumdur ki, Ermənistan 44 günlük müharibə zamanı uğradığı ciddi məğlubiyyətə baxmayaraq, kommunikasiya xətlərinin açılmasına və Azərbaycanla sülh sazişinin imzalanmasına tələsmir. Ölkədə seçkilər başa çatsa da, bu yöndə müsbət təşəbbüslər müşahidə edilmir. Əksinə, ara-sıra sülhdən uzaq aqressiv xarakterli açıqlamalar yayılır. O baxımdan, Ermənistanın hələ dayanıqlı sülhə gəlmədiyi və nə vaxt gələcəyi bilinmədiyi halda ona bu qədər dəstək olmaq yeni təcavüzə ruhlandırmazmı?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev, prinsipcə, bunu istisna etmədi: “Avropa Birliyinin belə tez Ermənistana yönəlik bu cür addımı əlbəttə ki, qarşı tərəfi dirildəcək. Çünki pandemiya və müharibə işğalçı ölkə iqtisadiyyatının belini qırıb. Diqqətçəkən məqam odur ki, məhz seçkilərdən sonra Avroittifaq sözügedən yardım proqramını elan etdi. Fikrimcə, bu əsla təsadüfi deyil. Aİ görəndə ki, Qərbpərəst Paşinyan yekdilliklə qalib gəldi, ona görə belə bir proqramı elan etdilər. Məqsəd Paşinyan hakimiyyətinin möhkəmlənməsinə yardım etməkdir. Hesab edirəm ki, Robert Köçəryanın rəhbərlik etdiyi Rusiyapərəst blok qalib gəlsəydi, o zaman Aİ bu cür yardım proqramı qəbul etməzdi. Ancaq, istənilən halda, bunlar erməni xislətinə bələd deyillər. Bunlar anlamırlar ki, bu cür şirnikləndirici yardımlar İrəvanın danışıqlarda daha da aqressivləşməsinə stimul verəcək. Düzdür, sözügedən yardımın 5 il ərzində verilməsi nəzərdə tutulub. Aİ də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ancaq yenə də sülh sazişi olmadan belə bir yardım edilməməliydi. Yardım Ermənistana yox, Azərbaycana edilməlidir. Niyə? Ona görə ki, 30 ilə yaxın dövr ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayon yerlə bir edilib. Bütün kənd və şəhərlər məhv edilərək yer üzündən silinib. Həmin yaşayış məntəqələrinin bərpa edilməsi üçün milyardlarla vəsaitə ehtiyac var. Təzminat davası açılsa belə, dilənçi Ermənistan dəymiş ziyanı ödəmək gücündə deyil. Çünki 30 ildir var olmaq üçün ordan-burdan pul dilənirlər. Bəlli olur ki, burada ikili standartlarla yanaşı, xristian təəssübkeşliyi də önə keçir. Yaşayış məntəqələri dağıdılan ölkə Azərbaycan, maliyyə yardımı alan isə Ermənistandır. Görün, necə paradoksal situasiya yaranıb”.

İAT sədri hesab edir ki, Azərbaycan bu haqsız yanaşmanı beynəlxalq müstəvidə gündəmə gətirməyə çalışmalıdır. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …