Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Vəkil Ramil Usubovun polisləri cəzalandırmasını istəyir

Vəkil Ramil Usubovun polisləri cəzalandırmasını istəyir

“Polis əməkdaşlarının hərəkətini hələ də anlaya bilmirəm. Məni niyə saxlamışdılar və niyə buraxdılar? Heç birinin səbəbi mənə bəlli deyil. Bəlli olan odur ki, hüquqlarım pozulub”.

İyulun 13-də Vəkillər Kollegiyasının üzvü, 13 saylı hüquq məsləhətxanasında vəkil kimi çalışan Ramil Qocayev polislər tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə aparıldığını deyir: “Günorta saat 12 radələrində məni “20 Yanvar” metrostansiyası yaxınlığında saxladılar. Heç bir əsas göstərmədən qollarımı buraraq zorla maşına mindirdilər və polis bölməsinə gətirdilər. Səbəbini soruşduqda dedilər, səbr elə, biləcəksən”.

“TƏLƏBLƏRİNƏ ETİRAZ EDƏNDƏN SONRA…”

Ramil Qocayev deyir, Sumqayıtdan gəlirmiş. Metronun yanında maşından düşəndə adamların bir yerə toplaşdığını görüb və kütləyə yaxınlaşıb: “Bir nəfər huşunu itirərək yerə yıxılmışdı. Adamlar da onun başına toplaşmışdı. Mən kütlədən aralanıb mobil telefonuma əl atdım ki, yaxın dostumdan birinə zəng vurum. Və zəngimin həmin hadisə ilə heç bir əlaqəsi yox idi. Bu vaxt polis işçiləri qəflətən üstümə şığıyıb telefonu əlimdən aldılar. Qışqırdılar ki, nə var? Baş verənləri çəkib hara ötürürsən? Onların hərəkətlərinə təəccüb qaldım. Məndən onlarla polis bölməsinə getməyimi tələb edəndə etiraz etdim. Bildirdim ki, bölməyə aparılmağıma əsas görmürəm. Polislər isə dirəşdilər ki, sən burda video çəkib harasa ötürürsən. Cavab olaraq bildirdim ki, əvvəla nəsə çəkmək kimi bir niyyətim olmayıb. Hətta olsaydı belə, şəxsi əşyamla necə davranmağım öz hüququmdur. Sanki qatı bir cinayətkarı yaxalayırdılar. Üstümə tökülüşüb qollarımı burub başımdan maşına basdılar”.

“TƏLƏB ETDİM Kİ, BÜTÜN HƏRƏKƏTLƏR AKTLAŞDIRILSIN”

Onu 29-cu polis bölməsinə gətiriblər. Növbətçi hissəsinin qarşısında mobil telefonunu tələb ediblər. O da hərəkətlərin aktlaşdırılmasını tələb edib: “Dedim ki, mən yoldan keçən və hüququnu bilməyən sıradan bir vətəndaş deyiləm. Mən vəkiləm. Sizinlə də hüquq dilində danışıram. Tələb edirəm ki, hər şey aktlaşdırılsın. Heç vəkilliyimə də məhəl qoymadılar. Elə “102 Qaynar xətt” kamerasının altında mənə zor tətbiq edərək mobil telefonlarımın hər ikisini əlimdən aldılar. İcazəm və razılığım olmadan onlara baxış keçirdilər. Orada olan şəxsi və ailəmlə bağlı bəzi məlumatlara baxmaqla konstitusiyon hüquqlarımı pozdular. Bu azmış kimi, mənə növbətçi hissənin içərisində təzyiq göstərərək, hədə-qorxu gəlməkdən də çəkinmədilər”.

Vəkil vəziyyəti belə görüb bölmə rəhbərliyi ilə görüş tələb edib. Bundan sonra növbətçi hissəsinin qarşısına mayor rütbəli, Məmməd adlı bir əməkdaş gələrək onu öz iş otağına aparıb: “İzahat yazdıqdan sonra daha 3 saat orada saxlanıldım. Bir az səs-küy saldıqdan sonra buraxıldım. Baş verənlər istər Azərbaycan Konstitusiyasının, istərsə də Cinayət-Prosessual Məcəlləsinin müddəalarının kobud pozulmasıdır və insan hüquqlarına hörmətsizlikdir”.

BÖLMƏ DEYİR, XIRDA MƏSƏLƏYMİŞ…

26 saylı polis bölməsindən faktı təsdiqləyiblər və vəkilə qarşı hər hansı qanunsuz hərəkətə yol verilmədiyini bildiriblər: “Xırda bir məsələdən ötrü gətirilmişdi, izahatını yazıb, gedib”.

Vəkilsə bölmənin polis işçilərinin hərəkətləri ilə bağlı daxili işlər naziri Ramil Usubova da müraciət ünvanlayıb. O, nazirdən polis işçiləri barədə tədbir görməsini istəyir.(azadliq.org)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın