Martın 18-də Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin əyaləti mərkəzinə daxil oldu. Bununla da “Zeytun budağı” əməliyyatı uğurla başa çatıb. Ankara qısa bir zamanda “Afrin zəfəri” qazandı.
Bir sıra dövlətlərin Afrin əməliyyatlarına susqunluq nümayiş etdirməsində aydın olmayan məqamlar da mövcuddur. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, ABŞ Türkiyəni Suriyada uzun müddətli savaşa təhrik edir. Bir sözlə, Türkiyə bölgədə Qərb dövlətləri ilə uzun müddət davam edəcək savaşa sürüklənə bilər. Unutmaq olmaz ki, bu gün Türkiyəni parçalamaq istəyən terrorçulara yardım edənlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına da imkan vermək istəmirlər. İstənilən halda, Afrin Türkiyə üçün önəmli bölgədir. Söhbət yalnız “bufer zonası”ndan da getmir. Afrin həm də simvolik məna daşıyır. Terrorçubaşı Abdullah Öcalan Türkiyədən qaçdıqdan sonra ilk yerləşdiyi ərazi Afrin olub. Terrorçubaşı Afrində Amanos dağlarının Suriyaya uzanan yamaclarındakı kəndlərdə özünə tərəfdarlar toplayıb, terror birləşmələri qurub. Öcalanın Suriyada gizləndiyi dövrlərdə Suriyada hakim Hafiz Əsəd rejimi SSRİ-nin diktəsi ilə Türkiyəyə qarşı PKK terror təşkilatına dəstək verirdi. Afrin bölgəsi terror təşkilatı PKK-nın əsas bazalarından birinə çevrilmişdi. 1980-ci illərdə Türkiyədən qaçan PKK terrorçularının bir qismi məhz Suriya ərazisində yerləşirdi. Məhz bu səbəbdən Afrin xüsusi önəmə malik idi.
Afrin əməliyyatının əsas səbəblərindən biri ABŞ-ın Suriyanın şimalında, Türkiyə sərhədlərində, PKK terror təşkilatına “dövlət” qurmaq cəhdi idi. İŞİD terror təşkilatı Türkiyə sərhədlərində ələ keçirdiyi əraziləri ABŞ-ın rəsmən dəstək verdiyi PKK/PYD terrorçularına kiçik qarşıdurmalarla təslim etdi.
Bölgənin tamamilə PKK/PYD-yə peşkəş edildiyini görən Türkiyə 1 il öncə, İŞİD-ə qarşı “Fərat Qalxanı” kod adlı əməliyyat həyata keçirdi. Cerablus, əl-Bab kimi şəhərlər İŞİD-dən təmizləndi. Türk ordusu Menbicə girməyə hazırlaşarkən məlum oldu ki, ABŞ hərbi birləşmələri PKK/PYD terrorçularını mühafizə etmək üçün şəhərdə baza qurub. Hərçənd, türk əsgərinin Menbicə girməsinə maneə törədilməyəcəyi haqda ABŞ-la öncədən razılaşma var idi. Sonrakı aylarda ABŞ-ın PKK/PYD terrorçularına verdiyi hərbi, silah-sursat yardımı artan sürətlə davam etdi.
Ankara Qərbin bütün etirazlarına baxmayaraq, məhz Suriyanın şimalında PKK üçün “dövlət” qurulmasına müşahidə etməyəcəyini göstərdi. Türkiyə həm “Fərat Qalxanı”, həm də “Zeytun budağı” əməliyyatları ilə siyasətin təməl prinsiplərindən olan “meydanda olarsansa, masada da olarsan” faktorunu ortaya qoydu. Türkiyənin Suriyada təsir dairəsi çox böyükdür. Əvvəla, Türkiyə Suriya ilə böyük bir sərhədə malikdir. İkincisi, Türkiyə təxminən 5 milyon suriyalı qaçqına sığınacaq verib. Suriyada böyük ölçüdə atəşkəsin tətbiq olunması da məhz Türkiyə ilə Rusiyanın razılaşması nəticəsində baş tutub. Lakin Türkiyə bölgədə əlini daha da gücləndirmək istəyir. Bu səbəbdən də ABŞ-ın dəstəklədiyi PKK/PYD terrorçularına qarşı əməliyyat həyata keçirilir və bu əməliyyatların miqyasının genişlənəcəyi gözlənilir.