Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Surət Hüseynov kimin agenti olub?

Surət Hüseynov kimin agenti olub?

Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirin bu günlərdə 4 İyun Gəncə olaylarıyla bağlı  Azpolitika.info saytına verdiyi müsahibədə  sabiq korpus komandiri Surət Hüseynov və tərəfdarlarıyla yanaşı, AMİP nümayəndələrini də hökumət adamlarını həbs və təzyiqlərə məruz qoymaqda ittiham edib. Müsahibənin bu mövzuda olan bir hissəsində  İ.Şirin  Gəncədəki proseslərin  “QRU” (Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi)  nəzarəti altında baş verdiyini iddia edir:

“Surət AMİP-in nümayəndələri, cinayətkar şəxslərlə birlikdə həbs edilən dövlət adamlarını bir-bir gətizdirib təhqir edir, daha sonra zirzəmiyə göndərirdi. Mən də eyni ilə Surətin, AMİP nümayəndələrinin olduğu yerə gətirilmişəm və orada hədə-qorxu gəldilər, təhqir edildim. Əslində o zaman 500-ə qədər vəzifəli şəxs və hərbçi həbs edilmişdi. Gəncədəki anbarlar, zirzəmilərin hamısı Azərbaycanın dövlət adamları ilə doldurulmuşdu. Bu proses Rusiyanın Baş Kəşfiyyat İdarəsinin nəzarəti altında həyata keçirilirdi…”

Sabiq Baş prokurorun söylədiklərinin məntiqindən belə çıxır ki, Surət Hüseynov, eləcə də AMİP rəhbərliyi “QRU”-nun agentləri olub və ya bu qurumla hansısa formada əməkdaşlıq edib. Bəs görəsən, İxtiyar Şirin hansı əsaslarla belə bir iddia irəli sürür.

Moderator.az saytının əməkdaşı Elçibəy iqtidarının Baş prokuroru ilə qısa telefon söhbətində məsələyə aydınlıq gətirməyə çalışıb.

– İxtiyar bəy, sizin 4 İyun Gəncə olayları zamanı Surət Hüseynov tərəfdarları və AMİP  nümayəndələrinin fəaliyyəti haqda  söylədiklərinizdən məntiqlə belə çıxır ki,  adları çəkilənlər bu və ya digər formada Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edib. Və  bu, kifayət qədər ciddi ittihamdır. Sizin əlinizdə hansısa əsas varmı bunları söyləməyə?

– Bəli, bəli. Hamı aydın görürdü ki, Gəncə qiyamı zamanı bütün planlar Rusiyanın sovet dövründən bəri Gəncədə yerləşən 104-cü hava-desant diviziyasının komandiri general-mayor Valeri Şerbak tərəfindən qurulmuş və onun rəhbərliyi ilə həyata keçirilirdi. Və  4 İyun qiyamını da həyata keçirən isə deyilənə görə, həmin Şerbakın kürəkəni olan Surət Hüseynov idi. Yəni mən  deyə bilmərəm ki, o,  bilavasitə “QRU”nun agentidir. Hansısa formada əməkdaşlıqdan  da söhbət gedə bilər. Yenə deyirəm ki, bu işin başında faktiki olaraq Şerbak dayanmışdı. Digərləri isə onun əmrlərini icra edirdilər, o cümlədən Surət Hüseynov…

– Yəni  adları çəkilənlər “QRU” ilə əməkdaşlıq etmiş ola bilərlər?

– Mən sadəcə,  Baş Kəşfiyyat İdarəsinin planının həyata keçirildiyini bildirmişəm. Əməkdaşlıq könüllü də olur, yazılı da olur, cürbəcür formalarda  olur. Yəni hansı formada əməkdaşlıq etdiklərini onlar özləri daha yaxşı bilər…

– 4 iyun olayları zamanı Gəncədə yüksək rütbəli rus zabitləri görmüşdünüzmü?

 – Proseslərə Şerbakın rəhbərlik etdiyi aydın idi. Və ona tabe olan  adamlar çox olub. Onların da əksəriyyəti  elə azərbaycanlılar idi: həm cinayətkar dairələrə məxsus adamlar, həm də sovet dövründə Azərbaycanın hökumət orqanlarında müəyyən vəzifələr tutmuş şəxslər… Və onlar açıq-aydın Şerbakın planlarını həyata keçirirdilər…


Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …