Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Qüdrət Həsənquliyev: “Büdcə vəsaitlərinin xərclənməsində şəffaflıq yetərli deyil”

Qüdrət Həsənquliyev: “Büdcə vəsaitlərinin xərclənməsində şəffaflıq yetərli deyil”

Deputat Qüdrət Həsənquliyev hökumət üzvlərinin də qatıldığı büdcə müzakirələrində bir sıra sahələrlə bağlı tənqidi fikirlərini səsləndirdi.

“Milli Məclisin iqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri, hörmətli Tahir Mirkişili və Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun çıxışlarını dinlədik. Həmin çıxışlarda qeyd olunan nöqsanlar, çatışmazlıqlar, qanun layihəsi və ona dair Hesablama Palatasının rəyi ilə tanış olanda, tanış olmasaq belə, gündəlik rastlaşdıqlarımız, daxil olan informasiyalar təsdiq edir ki, ölkəmizdə maliyyə intizamının gücləndirilməsinə ciddi ehtiyac var” – deyə deputat bildirdi.

Qüdrət Həsənquliyev qeyd etdi ki, büdcə vəsaitlərinin xərclənməsində qanunvericiliyə ciddi əməl olunmaması, şəffaflığın yetərincə olmadığı göz önündədir: “Konstitusiyanın 95-ci maddəsinin 5-ci bəndinə görə, Milli Məclis dövlət büdcəsini təsdiq edir, onun icrasına nəzarəti həyata keçirir. Biz Hesablama Palatası yaratmaqla, Hesablama Palatası və Nazirlər Kabinetinin hesabatlarını dinləyib qənaətbəxş hesab etməklə öz işimizi bitmiş, nəzarət funksiyamızı yerinə yetirmiş olduğumuzu düşünürük. Milli Məclis Hesablama Palatasının rəyində, deputatların çıxışlarında göstərilən nöqsanların aradan qaldırılması və növbəti büdcə ilinə qədər Milli Məclisə məlumat verilməsinə dair qərarlar qəbul etməlidir. Müvafiq komitə bu tipli qərar layihələri hazırlamalıdır. Milli Məclisin nəzarət funskiyasının ölkəmiz üçün daha faydalı olması naminə Milli Məclisdə daha çox konkret şəxslərə vəzifə verilməsi məqsədi ilə yaradılmış bir çox bir komitələr birləşdirilməli, əvəzində büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır. Milli Məclis həmin komitə vasitəsilə birbaşa, peşəkar səviyyədə bu işlə məşğul olmalı, büdcəni icra etməyən vəzifəli şəxslərdən ciddi hesabatlar tələb olunmalı, məsuliyyətə cəlb edilməli, şəffaflığın artırılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi məqsədi ilə ciddi təkliflər hazırlanmalıdır. Biz özümüz də qanunverici orqan kimi, qanun yaradıcılığı ilə məşğul olmalı, yalnız hökumətdən qanun layihələri gözləməmliyik”.

Deputat bir fakta diqqəti cəlb etdi: “2022-ci il üçün sosial müdafiə və sosial təminat üzrə təsdiqlənmiş büdcə 3 milyard 642,6 milyon manat olub. Büdcəyə yenidən baxılma nəticəsində 860 milyon manat da artırılıb ki, ehtiyacı olan insanların sosial müdafiəsi daha yaxşı təşkil olunsun. Buna görə hökumətə təşəkkür etmək olar. Amma büdcə ilkin proqnozdan 178,2 milyon manat az, 3 milyard 464,4 milyon manat səviyyəsində icra olunub. 860 milyon manatın isə bir qəpiyinə də toxunulmayıb. Yəqin investisiya kimi yatırılacaq. Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır. Axı, biz burada qanunlara dəyişikliyi təsdiq edib, onlara belə bir səlahiyyət veririk. Bir tərəfdən büdcədən ayrılmış və istifadə olunmayan pullar, digər tərəfdən sosial problemlər ucbatından intihar edən, kömək istəyən müharibə veteranlarının, müharibədə əlil olmuş şəxslərin, şəhid ailələrinin, yoxsul insanların, digər kateqoriyalardan olan əlillərin, pensiyaları kəsilmiş, ünvanlı sosial yardımdan məhrum edilmiş insanların dövlət orqanları qarşısında ah-nalələrini də görürük”.

Musavat.com

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …