Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / Hesabat: “Azərbaycanda varlı və kasıb təbəqənin təhsil xərcləri arasında 4 dəfə, səhiyyə xərcləri arasında isə 8 dəfəyə qədər fərq var”

Hesabat: “Azərbaycanda varlı və kasıb təbəqənin təhsil xərcləri arasında 4 dəfə, səhiyyə xərcləri arasında isə 8 dəfəyə qədər fərq var”

“Hələ də dünyadakı toplam sərvətin 82%-i əhalinin cəmi 1%-nin əlində cəmləşib”

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) “Azərbaycanda və dünyada gəlir bərabərsizliyi: Səbəbləri və ölçülməsinə yanaşmalar” adlı hesabat dərc edib.

Hesabatda bildirilir ki, rəsmi məlumatlarda Azərbaycandakı gəlir bərabərsizliyinin aşağı səviyyədə olduğu qeyd olunsa da, etibarlı mənbələrdə ölkənin bu cəhətdən çox geridə qaldığını görmək olar.

“WID (World Inequality Database) məlumat güvənliyinə görə ölkəmizi 5 üzərindən sadəcə 1 ulduzla qiymətləndirib. Bu isə o deməkdir ki, yerli və qlobal mənbələrdən əldə edilən rəqəmlər ölkəmizdəki gəlir bərabərsizliyini düzgün ifadə etmir. Dövlət Statistika Komitəsinin qeyd etdiyi məlumatlar Azərbaycanda bərabərsizliyin minimum səviyyələrdə olduğunu göstərsə də, beynəlxalq araşdırmalar heç də eynisi söyləmir. Beynəlxalq qurumların araşdırmalarına görə, Azərbaycanda varlı və kasıb təbəqənin təhsil xərcləri arasında 4 dəfə, səhiyyə xərcləri arasında isə 8 dəfəyə qədər fərq ortaya çıxır. Əlavə olaraq ölkə daxilinə xidmət göstərən elan saytlarında sadə bir filtrləmə əməliyyatı aparsaq, satılan maşınlar və digər qiymətli əşyalar arasında 10-15 dəfəyə qədər fərqlər görə bilərik. Mənzillərin müqayisəsində isə həm kirayə verilən, həm də satışda olan mənzillərə görə Bakı və ətraf rayonlar arasında ən azı 5-6 dəfəyə qədər qiymət fərqləri müşahidə olunur”- hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, son 100 ildə xüsusilə inkişaf etmiş ölkələrdə gəlir bərabərsizliyi ilə bağlı göstərici aşağı salınmağa çalışılsa da, “Oxfam” təşkilatının 2017-ci il üzrə hesabatı göstərib ki, hələ də dünyadakı toplam sərvətin 82%-i əhalinin cəmi 1%-nin əlində cəmləşib.

Hesabatda bildirilib ki, bərabərsizlik iqtisadi artımın zəifləməsinə, yoxsulluğun artmasına səbəb olur.

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 5 noyabr 2013-cü ildə yaradılıb. İnstitut bildirir ki, Azərbaycanda demokratik dəyərlərin, insan hüquqlarının, ədalətli və şəffaf seçkilərin keçirilməsinin dəstəklənməsi üçün fəaliyyətə başlayıblar.

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …