Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkündür”

“Növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkündür”

“Təəssüf ki, növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkündür. Və mən düşünürəm ki, bu gün Azərbaycanda Rusiya “5-ci kalon”u əlindən gələni edir ki, Türkiyə Azərbaycandan uzaqlaşdırılsın və uzaqlaşsın. Bunun üçün müvafiq təbliğat bazası da işləyir.

Bunu siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-ın “Ermənistanla yeni savaşın başlayacağı təqdirdə Türkiyənin Azərbaycanın yanında ötən dəfəki, yəni şəhid və qazilərin canı-qanı hesabına hərbi qələbə qazandığımız II Qarabağ savaşında olduğunun əksinə, ciddi şəkildə yer almaması variantı mümkündürmü?” sualını cavablandırarkən söyləyib.

 “Çox təəccüblüdür ki, bu gün  Azərbaycanın bir sıra media vasitələrində, əsasən də hakimiyyətə yaxın mətbuatda Rusiyanın geninə-boluna təbliğatı aparılır. Rusiya ilə Azərbaycan az qala qardaş dövlətlər kimi təqdim olunur. 

Türkiyə isə sadəcə olaraq unutdurulur. Azərbaycan media məkanında Türkiyə hansısa çox yad bir ölkə ilə faktiki olaraq eyni tezilikdə, eyni intensivlikdə xatırlanır. Bu, çox pis tendensiyadır və bu tendensiya Türkiyəni proseslərədən kənarlaşdırmağa yönəlmiş həcmli bir işin tərkib hissəsi ola bilər. Bunu istisna etmirəm. 

Və nəzərə alaq ki, Azərbaycanın Türkiyə modeli üzrə ordu quruculuğu haqda gedən söhbətlər, əldə olunmuş anlaşmalar, o cümlədən Şuşa Bəyannaməsində göstərilən bəndlər sabotaj olunur. Ona görə sabotaj olunur ki, bu günkü generallarla Türkiyə modeli qurulmayıb. Onlarla yalnız Ukraynada iflasa uğrayan Rusiya ordusunun modelini qurmaq olar. Və bu gün mən Türkiyənin regiondan kənarlaşdırılmasının, özü də Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun əli ilə kənarlaşdırılmasının aktiv əlamətlərini görürəm”- deyə analitik vurğulayıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …