Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla əlaqədar yanvarın 14-də Sərəncam imzalayıb.

Azinforum.az-ın məlumatına görə, Sərəncamda deyilir: “2017-ci ildə Naxçıvan Dövlət Universitetinin yaranmasının 50 illiyi tamam olur. Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamış, 1972-ci ildə həmin filialın əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmış, 1990-cı ildə isə onun bazasında Naxçıvan Dövlət Universiteti təşkil olunmuşdur. 50 ildə böyük inkişaf yolu keçən universitetin maddi-texniki və tədris bazası yaxşılaşdırılmış, 108 hektar sahədə 16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası və Tələbə evi yaradılmışdır. Bununla yanaşı, universitetdə media mərkəzi də fəaliyyət göstərir. Azərbaycanda maarifçiliyin və ali təhsil sisteminin inkişafında özünəməxsus rolu olan Naxçıvan Dövlət Universitetində 1967-1968-ci tədris ilində 3 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, hazırda 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılır. Universitetdə konservatoriyanın və dissertasiya şurasının fəaliyyət göstərməsi ali təhsillə yanaşı, mədəni və elmi potensialın da inkişafına səbəb olmuşdur.

Naxçıvan Dövlət Universiteti yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmi və ali təhsil mühitinin formalaşmasına öz təsirini göstərmiş, fəaliyyət göstərdiyi dövrdə universitetin 30 minə yaxın məzunu olmuşdur. Naxçıvan Dövlət Universitetinin məzunları ölkəmizdə milli dövlət quruculuğunun və təsərrüfat həyatının müxtəlif sahələrində çalışaraq iqtisadi, elmi və mədəni potensialın gücləndirilməsinə layiqli töhfələr verirlər. “

Sərəncama əsasən, muxtar respublikanın ictimai-siyasi, elmi və mədəni həyatındakı rolu nəzərə alınaraq Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi geniş qeyd olunacaq.

“Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı ” da təsdiq edilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın