Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İlham Əliyev Vasif Talıbovu təriflədi: “Uğurla işləyir”

İlham Əliyev Vasif Talıbovu təriflədi: “Uğurla işləyir”

Dekabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.

Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir.

Prezident İlham Əliyev sonra xəstəxananın kollektivi və Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə çıxış edən İlham Əliyev deyib ki, bu xəstəxananın istifadəyə verilməsi ilə Naxçıvanda səhiyyə infrastrukturunun yaradılması prosesi başa çatır: “Çünki bu günə qədər həm diaqnostika mərkəzi tikilib istifadəyə verilib, doğum mərkəzi tikilib, həm də bütün rayonlarda müasir xəstəxanalar artıq var, fəaliyyət göstərir. Bu da son bir mərhələ idi. Çünki buna böyük ehtiyac var idi. Respublika xəstəxanası yaxşı vəziyyətdə deyildi, çoxdan tikilmişdi, köhnəlmişdi və yeni xəstəxananın tikilməsinə böyük ehtiyac var idi. Bu, bir daha göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır. İnsan sağlamlığı üçün nə lazımdırsa, bunu edirik. Son illər ərzində ölkə üzrə 500-dən çox tibb müəssisəsi tikilib və təmir edilib”.

Prezident qeyd edib ki, ekologiya ilə bağlı məsələlər öz həllini tapır: “Naxçıvanda bu problem yoxdur. Çünki burada çox gözəl, təmiz iqlim var. Amma bəzi yerlərdə, xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji tədbirlərin görülməsinə böyük ehtiyac var idi. Ölkə üzrə içməli su layihələri icra edilir. Bu da insan sağlamlığı üçün çox vacib olan məsələdir. Şadam ki, Naxçıvan şəhərində də bu problem artıq öz həllini tapıb. Artıq bir müddətdir ki, sakinlər fasiləsiz olaraq təmiz içməli su alırlar. Kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində də işlər gedir. Eyni zamanda, bizim planlarımızda o da var ki, Naxçıvanın bütün rayon mərkəzlərində içməli su, kanalizasiya layihələri icra edilsin və biz bu məqsədə çatacağıq”.

İlham Əliyev bildirib ki, Azərbaycanda səhiyyə ilə bağlı kompleks tədbirlər görülür: “İlk növbədə səhiyyə infrastrukturu yaradılır. Bunsuz səhiyyəni inkişaf etdirmək mümkün deyil. Həkimlərin hazırlığı istiqamətində işlər aparılır. Müasir avadanlıq alınır. Yəni bu sahədə görülən işlər əlbəttə ki, səhiyyə sisteminin təkmilləşməsinə gətirib çıxarıb. Ancaq görüləsi işlər hələ çoxdur. Biz elə etməliyik ki, Azərbaycanın hər bir yerində insanlar keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bəzi hallarda bəzi vətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Hesab edirəm, biz elə sistem yaratmalıyıq ki, əksinə, xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər. Əminəm ki, bu xəstəxanada müalicə üçün qonşu ölkələrdə yaşayan, Naxçıvana yaxın bölgələrdən vətəndaşlar da gələ bilərlər və gələcəklər”.

Prezident deyib ki, bütövlükdə Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır: “Mənim Naxçıvana səfərlərim mütəmadi xarakter daşıyır və hər dəfə bir çox açılışlarda iştirak edirəm. Bu da dinamik inkişafın təzahürüdür. Bu gün də mən bir çox önəmli tədbirlərdə iştirak edirəm. Onların içində ən böyüyü, əlbəttə ki, xəstəxananın açılışıdır. Eyni zamanda uşaq musiqi məktəbi, kənd məktəbi, sənaye kompleksi, Günəş Elektrik Stansiyası, içməli su layihəsi… Yəni bunlar özlüyündə bir göstəricidir. Çünki respublika həm iqtisadi cəhətdən inkişaf edir, sənaye potensialı möhkəmlənir, eyni zamanda sosial məsələlər də öz həllini tapır. Səhiyyə, təhsil, idman – budur əsas sosial infrastruktur məsələləri. Eyni zamanda Naxçıvanda infrastruktur məsələləri də demək olar ki, artıq həll olunub. Muxtar respublika əhalisinin 100 faizi uzun illər ərzində təbii qaz alır. Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək. Buna nail olmaq üçün böyük işlər görülür, su elektrik stansiyaları tikilib. Ordubad Su Elektrik Stansiyasının tikintisi gedir və bu gün Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik. Şəhərlərarası yollar çəkilir, kənd yolları salınır. Yəni kompleks yanaşma bundan ibarətdir”.

Dövlət başçısı qeyd edib ki, sənaye və iqtisadi inkişaf elə olmalıdır ki, Naxçıvanın dayanıqlı inkişafı təmin edilsin: “Çünki çox sevindirici haldır ki, Naxçıvanın əhalisi artır, əhalinin sayı 450 min nəfərə çatıb. Əhalinin artımı əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda yeni inkişafı da şərtləndirir. Çünki artan əhali artan iş yerləri, yeni sənaye müəssisələri deməkdir. Bildiyiniz kimi, indi dünyada maliyyə-iqtisadi böhran, bəzi ölkələrdə siyasi-hərbi böhran hökm sürür, neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Buna baxmayaraq Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir. Hətta böhranlı illərdə bu gözəl xəstəxanaya böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Naxçıvanın içməli su şəbəkəsinin yaradılmasına da çox böyük həcmdə həm dövlət vəsaiti ayrılıb, həm də xarici banklardan kreditlər götürülüb. Yəni biz bu siyasətdən kənarda qala bilmərik. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn ili də uğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcək”.

İlham Əliyev vurğulayıb ki, Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir: “Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir. Bu gözəl uğurlar münasibətilə sizi təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzulayıram”.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın