Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İcra Hakimiyyətindən QƏRAR – Köçkünlərlə inəklər bir yerdə yaşayacaq

İcra Hakimiyyətindən QƏRAR – Köçkünlərlə inəklər bir yerdə yaşayacaq

Abşeronda, “Beynəlxalq qaraj” adlı yerdə köçkün ailələrinin inəklərlə birgə yaşamağa məcbur olduğu barədə xəbər vermişdik.

Modern.az saytı  kəlbəcərli məcburi köçkün Əli İsgəndərovun şikayətini işıqlandırdıqdan sonra Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətliləri məcburi köçkünlə əlaqə saxlayaraq, yaxın 2-3 gün ərzində problemin aradan qaldırılacağına söz vermişdi…

Amma görünən odur ki,  Abşeron rayon İcra Hakimiyyəti vədinə əməl etməyib…

Belə ki, Ə.İsgəndərov bu gün yenidən Modern.az saytına müraciət edib. Məcburi köçkün İcra Hakimiyyəti nümayəndələrinin onların probleminə biganə yanaşdığını, inəklərin ərazidən çıxarılması üçün hər hansı addım atmadığını deyib.

O, qeyd edib ki, artıq kiçık yaşlı uşaqlar burada yaşanan antisantariyadan yolxucu xəstəliklər tapıb. “Buna baxmayaraq, aidiyyati qurumlar susurlar”.

Modern.az saytı problemlə əlaqədar yenidən Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. İcra Hakimiyyəti Aparatındakı bütün əlaqə nömrələrinə zəng vursaq da, dəstəyi qaldıran olmadı…

Buradan belə nəticə hasil olur ki, o boyda Abşeron rayon İcra Hakimiyyəti 20 baş inəklə bacara bilmir.

Nəzərinizə çatdıraq ki, ərazidə 17 məcburi köçkün ailəsi yaşayır.

Habil və Sokrat adlı məcburi köçkünlər insanların məcburiyyətdən sığındığı qarajı onlara çox görür.

Həmin şəxslər elə yaşadıqları binada heyvandarlıqla məşğuldurlar.

Belə ki, sovetlər dönəmində qaraj kimi istifadə edilən iki mərtəbəli binanın birinci mərtəbəsində mal-qara saxlayır, ikinci mərtəbədə isə digər ailələrlə birgə yaşayırlar. İnsanlar üfunət qoxusundan nəfəs ala bilməsə də, Habil və Sokrat məşğuliyyət sahələrini genişləndirərək, mal-qaranın sayını 20 başa çatdırıb.

Abşeron rayon İcra Hakimiyyəti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri dəfələrlə ərazidə olmalarına baxmayaraq, insanlar 4 ildir ki, antisanitar şəraitdə yaşamağa məcburdur.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın