Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir

“O gözəllik hələ də xatirələrdədir…”
Bu gün Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir. Buna bəzən xalq arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar.

Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Kənd yerlərində bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa, hündür yerlər seçərək, o hissələrdə tonqalın qalanması daha məqsədəuyğun hesab olunurdu.

İnsanlar öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər alır, həmin böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu tonqal qalayacaqları yerə gətirib, alovu yandırırdılar.

Müasir dövrdə də çərşənbə axşamı hər kəs öz həyətində tonqal qalamaqla çərşənbə adət-ənənələrini davam etdirir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. Bu gün imkan daxilində hər kəsin evində istilik verən yeməklər bişirilməli, süfrə açılmalı, xonça bəzənməli, şamlar yandırılmalıdır. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs Od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır.

Od çərşənbəsinin sadaladığımız adət-*ənənələri rayonlarda və kəndlərdə öz aktuallığını hələ indiyə kimi qoruyub saxlaya bilib.

Hər bölgədə özünəməxsusluğu ilə keçirilən çərşənbələrin Qarabağ bölgəsində necə keçdiyi ilə maraqlandıq. Uşaqlığını və gəncliyini Tərtər rayonunda keçirən keçmiş MTN zabiti, polkovnik İlham İsmayıl Novruz bayramı ilə bağlı xatirələrini bizimlə bölüşərək bildirdi ki, çərşənbələr keçmişdə daha şən və təntənə ilə keçirilirdi: “Çərşənbələr Qarabağda çox gözəl keçirdi. Hər bir çərşənbənin öz adı vardı və o ada da uyğun hərəkətlər olurdu. Qarabağda Novruz bayramı həyət-bacada təmizlik işlərindən tutmuş, yemək-içməyə qədər özünəməxsusluğu ilə seçilirdi. Uşaq vaxtı çərşənbədə çöldə uzun müddətdən bəri solyarkaya, yəni neftə qoyduğumuz şarları yandırıb göyə atardıq. Həyəti, bağı-bağçanı təmizləyəndə çör-çöpləri yığıb tonqal qalayardıq. Düzdür, bu, zəhmətlə əmələ gəlirdi. Bəzən özümüzə əziyyət vermək istəməyəndə qaçıb heyvanın otundan da götürüb odun üstünə atırdıq ki, od bir az da alovlansın. Valideynlərimiz bunu biləndə bizi danlayırdı ki, heyvanın otundan yandırmaq olmaz. Daha çox həyət-bacanı təmizləyərək əldə etdiyimiz çör-çöpdən tonqal qalayardıq. Bunun da öz gözəlliyi vardı. İndi papaqatdı deyilən adətə bizdə torba sallamaq deyirdilər.

Biz yalnız axır çərşənbədə torba sallayardıq. Kimsə papaq atmağa gələndə eyvanda, çöldə olan suyu həmin adama çiləyərdilər. Bir dəfə biz evimizdə plov bişirmişdik. Düyünün həlimini qırağa qoymuşduq. Torba atmağa gələnin biri həmin düyü həlimini su bilib üstümüzə atmışdı. Üstümüz bütövlükdə həlim olmuşdu.

Mən 18 yaşıma qədər Qarabağda yaşamışam. O illər ərzində Qarabağda olan Novruz bayramı ab-havası, bir çox adət-ənənələr inanmıram ki, bu gün Qarabağda davam edər. Vəziyyət hərtərəfli dəyişilib. İndi əyləncə tamam başqa cürdür. Bayram əhval-ruhiyyəsinin olub-olmaması da sual altındadır. Amma o vaxtlar çox gözəl idi. O gözəllik isə hələ də xatirələrdədir. Yaxşı ki, xatirələrimizin üstünü toz basmayıb”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın