Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / BMT-də Azərbaycanla bağlı dinləmələr: iqtidar nə edəcək?

BMT-də Azərbaycanla bağlı dinləmələr: iqtidar nə edəcək?

Son yarım ayda ölkəmizlə bağlı müzakirələr intensivləşib; ekspert: “Bu cür dinləmələrlə hakimiyyətə mesajlar çatdırılır”

Noyabrın 11 və 12-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycanla bağlı müzakirələr keçirilib. BMT-nin Bakı ofisindən bildirilib ki, Azərbaycan İşgəncələr Əleyhinə Konvensiyanı ratifikasiya edən 158 ölkədən biridir. Bu səbəbdən Azərbaycan 10 müstəqil ekspert qarşısında müntəzəm hesabat verməlidir.

Qeyd edək ki, bundan öncə “Human Rights Watch” BMT-yə memorandum təqdim edərək Bakıdan repressiyalara son qoyulmasını, Leyla və Arif Yunuslar, İntiqam Əliyev, İlqar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılmasını, QHT-lərin bank hesablarından həbslərin götürülməsini tələb etməyə çağırıb.

Xatırladaq ki, ötən ayın sonlarında da ABŞ Senatında buna bənzər dinləmələr keçirilmişdi və hakimiyyət sərt tənqidlərlə üzləşmişdi. Son yarım ayda ölkəmizlə bağlı müzakirələrin intensivləşməsi fonunda iqtidarın atacağı addımlar maraq doğurur. Hakimiyyət yenə də dirəniş göstərəcəkmi?

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, BMT-də Azərbaycandakı işgəncələrlə bağlı dolğun məlumatlar var: “Müzakirələrdə Azərbaycandan xaric olunan şəxslər də iştirak ediblər. Emin Hüseynovun iştirakı da deyilir. BMT bu sahədə çalışan QHT-lər və onların nümayəndələrini fərqləndirir. Dinləmələrdə qoyulan məsələlər, ondan əvvəl yayılan hesabat onu göstərir ki, BMT-də Azərbaycanın daxilindəki vəziyyətlə bağlı dolğun məlumat var. Bu məsələdə onların mövqeyi kifayət qədər ciddidir. Hesab edirəm ki, bu mövqenin hakimiyyətə təsiri olacaq. Beynəlxalq təşkilatların son bir ildə Azərbaycanla bağlı mövqeləri sərtləşib. Hakimiyyət artıq bir araya gəlmək üçün yollar axtarır. Yaxın gələcəkdə müsbət dəyişikliklər gözləmək olar. Cəmiyyət üçün dinləmələr vəziyyətin yaxşılaşmasını vəd edir. İqtidar iradların qarşısında nəyisə ortaya qoymalıdır. Düşünürəm ki, işgəncə faktları azalacaq. Problemlər hüquq müstəvisində həyata keçiriləcək. Həbsxanalarda ciddi problemlər var. Vətəndaşlar saxlanılarkən, polis bölmələrində işgəncə halları ilə üzləşirlər”.

“Turan” rəhbəri Azərbaycana qarşı son yarım ayda artan təzyiqlərdən də söz açdı: “Adətən belə müzakirələr ilin sonunda aparılır. Çünki gələn il üçün planlar qurulur. Hakimiyyət də gələcək il üçün planlarını təqdim etməlidir. Bu baxımdan dinləmələrin ilin sonuna təsadüf etməsi normaldır. Əvvəlki müsahibələrimdə bu barədə demişdim ki, parlament seçkilərində nüfuzlu xarici təşkilatların iştirak etməməsi müəyyən sövdələşmənin olduğundan xəbər verir. Çünki açıq şəkildə seçkiyə göz yumuldu. Bu cür dinləmələrlə hakimiyyətə mesajlar çatdırılır. Öhdəliklər məsələsi hazırda gündəmdədir. İqtisadi durumumuz çox pisdir. Bu da ölkədə kifayət qədər problemlər yaradır. Narazılıq, daxili gərginlik günbəgün artır. Xaricdən gələn bu cür mesajlar adekvatdır”.

M.Əliyev hakimiyyətin təzyiqlər qarşısında dirəniş göstərməyəcəyi qənaətindədir: “Hakimiyyətə müəyyən güzəştlər olub. Hesab edirəm ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq bərpa olunacaq”.

Cavanşir ABBASLI

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın