Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanın Avronestdə iştirak məsələsi yenidən müzakirədə…

Azərbaycanın Avronestdə iştirak məsələsi yenidən müzakirədə…

Fərəc Quliyev: “Yeni formalaşacaq parlamentin ilk iclaslarında bu məsələyə baxılacağı gözlənir”
“Bu bizim fərd olaraq istəyimizdən asılı deyil”
Məlum olduğu kimi, Azərbaycan Parlamentində “Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı” adlı sənəd qəbul olunub. Sənəddə bildirilir ki, Avropa Parlamentinin məlum qətnaməsi qurumun Azərbaycana qarşı son dərəcə qərəzli olduğunu göstərir:
“Azərbaycana şər atılır, nüfuzuna xələl gətirilməsinə və Azərbaycanın təcrid olunmasına cəhd olunur. Ötən ilin sentyabrından bu qurum yeni tərkibdə fəaliyyətə başladığı vaxtdan Azərbaycanla qurum arasında hər hansı dialoqun baş tutması bu təşkilatın bəzi üzvlərinin, o cümlədən sədrinin günahı ucbatından mümkün olmayıb. Avropa Parlamentinin deputatlarının, sədrinin Azərbaycana səfərinə təşkilat tərəfindən qeyri-rəsmi qadağa qoyulub”.
Qərarda bildirilir ki, qətnamədə bir sıra şəxslərin azad olunması ilə bağlı tələblər heç bir hüquqi əsas doğurmur və Azərbaycan məhkəmələrinin işinə müdaxilədir.
Sənəddə deyilir ki, Avroparlament rəhbəri M.Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur: “İndi Avropada davam edən mühacir problemi, irqçilik və ksenofobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsi bir müddət əvvəl Çıraqovlarla bağlı qərar qəbul etsə də, hələ də bu qərar icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək. Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:
– Azərbaycana qarşı pozucu fəaliyyətlərə və qərəzli kampaniyalara son qoyulsun;
– Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;
– Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;
– Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun”.
Göründüyü kimi, Milli Məclisin qəbul etdiyi sənəddə Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulmasına dair də müddəa var.

Bu yaxınlarda Avronestin növbəti tədbiri olacaq. Maraqlıdır, Azərbaycanı həmin qurumda təmsil edən deputatlar Avronestin tədbirinə qatılıb-qatılmamaq barədə nə düşünürlər?
Avronest Parlament Assambleyasında Azərbaycanı təmsil edən millət vəkillərindən biri Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan dövləti Avronestdən konkret olaraq çıxmaqla bağlı qərar qəbul etməyib: “Bilirsiniz ki, Avropa institutlarının Azərbaycanla bağlı qərəzli münasibəti ortada olanda Milli Məclis onlara adekvat olan bir qərar qəbul etdi. Həmin qərar, münasibətlər belə davam edəcəyi təqdirdə, Azərbaycanın bir sıra Avropa strukturlarından və Avronestdən çıxması ilə bağlı prosedurun başlanacağını özündə ehtiva edirdi. Sonrakı münasibətlər həmin prosedurun başlanmasını zəruri etmədi. AŞPA-nın Dağlıq Qarabağla bağlı verdiyi qərar, o cümlədən Avropa Parlamentinin seçkilərin nəticəsini tanımaq və Azərbaycanla gələcək əməkdaşlıq haqda qəbul etdiyi sənəd gələcəkdə normal münasibətlərin qurulması üçün münbit zəmin yaradır. Bu səbəbdən də, yeni formalaşacaq parlamentin ilk iclaslarında bu məsələyə baxılacağı gözlənir. Bu bizim fərd olaraq istəyimizdən asılı deyil. Biz qərara tabeyik. Sadəcə, ümid edirik ki, münasibətlər normal məcraya yönələcək”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın