Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Azərbaycanın hərəkatçı siyasətçiləri memuar yazmaqdan niyə çəkinir?

Azərbaycanın hərəkatçı siyasətçiləri memuar yazmaqdan niyə çəkinir?

Politoloq Zərdüşt Əlizadənin yeni memuarı işıq üzü görüb. O, yazdığı memuarda keçmiş AXC və Müsavat hakimiyyəti dövründəki siyasətçilərin ünvanına bir sıra ittihamlar səsləndirib. Bildirilir ki, həmin memuarda sərt tənqid edilənlərin arasında İsa Qəmbərin də adı var. Elə bu mövzu da bizim siyasətçilərin niyə kitab və memuar yazmadığı ilə bağlı mövzunu gündəmə gətirmiş olub.

Məsələyə münasibət bildirən Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər deyib ki, standart bir şey yazmaq istəmir: “Bir az özümü, bir az mənə yaxın adamları tərifləyim, müəyyən məsələlərin üstündən keçim… Yazsam, müasir tariximizi kifayət qədər bilməyənlər üçün aydınlaşdıracaq, bilənlərin yadına salacaq müəyyən həqiqətləri yazmaq istəyirəm”.

İ.Qəmbər deyib ki, Zərdüşt Əlizadə kimi yalan yazmaq istəmir: “Zərdüşt Əlizadə kimi yalan yazmaq istəmirəm. O, ömrü boyu yazdığı, danışdığı yalanları bir yerə toplayıb kitab halına saldı. İndi də gənclər bizə deyirlər ki, Zərdüşt Əlizadə yazdı, siz niyə yazmırsınız? O yalan yazıb axı?! Onun yazdıqları öz komplekslərinin, ilk növbədə natamamlıq kompleksinin nəticəsidi. Mən elə bir şey yazmaq istəmirəm. Həqiqətləri də yazanda aləm bir-birinə dəyəcək”.

Sabiq başqan memuar yazmamağının əsl səbəbini də izah edib: “Məni narahat eləyən kimisə incitmək deyil, əsas mövzuların dəyişməsidi. Mən insanların bu günə və gələcəyə baxmasını istəyirəm. Çalışıram ki, bütün yazılarımda insanları gələcəyə yönləndirəm, ümidlərini, özlərinə, bir-birilərinə və millətə inamlarını artıram. İkincisi isə, memuar janrını o qədər də sevmirəm, mənə süni təsir bağışlayır. Həm bizimkilərə, həm də avropalılara, amerikalıları məxsus çox memuar oxumuşam. Adamlar özlərini təmizə çıxartmağa çalışırlar. Oxuyanda adama elə gəlir ki, bu adam dahi imiş, həmişə dürüst, haqlı olub. Adətən də soruşanda ki, sənin heç bir qüsurun, səhvin olmayıb, yaxud da özləri öz qüsurlarından yazanda ən böyük qüsur kimi insanlara inanmaqlarını göstərirlər.

Yəni memuar mənə özünü tərifləmək, özünə bəraət qazandırmaq, insanları özünün həmişə haqlı olduğuna inandırmaq, hadisələri öz bildiyi kimi şərh eləmək cəhdi kimi görünür. Çox nadir memuarlar var – ki, daha çox avropalılara aiddi – müəlliflər öz nöqsanlarından daha səmimi, daha rahat şəkildə danışırlar. Məsələn, mən səksəninci illərin ortalarından Azərbaycanda gedən ictimai proseslərin bu və ya digər şəkildə iştirakçısıyam, bir az da mərkəzindəyəm. Dediyim kimi, mən yazsam, həmin dövr təzədən müzakirə olunmağa başlayacaq. Mənsə istəyirəm ki, cəmiyyətimiz diqqətini gələcəyə yönəltsin”.

Göründüyü kimi, İsa Qəmbər memuar yazmamağının səbəbini müxtəlif amilərlə izah edib. Memuar yazmaqla bağlı səslənən iddiaları və siyasilərimizin bu janra maraq göstərməməsini nə ilə izah etmək olar?

  • Fazil Mustafa: “Gələcək nəsillər üçün irs olaraq nəzərdə tutulan bu janra çox da həqarətlə yanaşmağı doğru saymıram”

Milli Azadlıq Hərəkatının fəallarından olan millət vəkili Fazil Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan cəmiyyətində yazı ənənəsi çox da dərin vərdişə çevrilməyib: “Daha çox insanlar şifahi dedi-qodu üzərində tarixə olan baxışlarını formalaşdırırlar. Əslində, memuar ayrıca bir mədəniyyətdir. Tarixin müəyyən mərhələsinin yadda qalması, öyrənilməsi üçün vacibdir. Orda təhrif etmədən, obyektif fikirlər olmalıdır. Buna nə dərcədə riayət olunacağı isə yazanın öz vicdanına bağlı olan məsələdir. Memuar kiməsə acıq vermək, kimisə qaralamaq üçün yazılmır. Gələcək nəsillər üçün irs olaraq nəzərdə tutulan bu janra çox da həqarətlə yanaşmağı doğru saymıram. Taleyranın memuarları var, ona gələcək nəsillər üçün nəzərdə tutulan bir irs kimi baxılır. Rusiyada olan bir çox siyasi xadimlərin də memuarları var ki, onlar da böyük maraqla oxunur. Bəzən SSRİ dövrünün memuarları dövrün senzurasına görə istənilən gercəkliyi əks etdirməyə bilər. Amma müsair dövrdə bunun obyektiv yazılması üçün heç bir məhdudiyyət yoxdur. Əslində bu çox faydalıdır. Buna lazımsız bir janr kimi baxmaq doğru deyil. Hesab edirəm  ki, hətta nəinki siyasilər, bütün sənət adamları, keçmiş partiya xadimləri də buna həvəs göstərməlidir. Mən onlarla görüşəndə bu tövsiyəni verirəm ki, memuar yazsınlar. Bir sənətkar haqqında hansısa bir epizodun səslənməsi bizim üçün yenilik sayıla bilər. Hesab edirəm ki, ən böyük memuar nümunələrindən biri Həmidə xanımın xatirələridi. İndi təsəvvür edin ki, həmin xatirələr olmasaydı, biz Mirzə Cəlillə bağlı o dövrdəki vacib hadisələrdən xəbərsiz olardıq. Bu irsi qoyub getdiyinə görə bu gün biz özümüzü Həmidə xanımın ruhu qarşısında borclu sayırıq. Məncə, memuar yazmaq çox lazımdır. Kim necə yazacaqsa, o səpkidə də yanaşmanın şahidi olacaq. Faktları təhrif edəcəksə, cavabını alacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …