Ana səhifə / Sosial / “İlin sonuna yaxın yeni artımların şahidi olacağıq” – Deputat

“İlin sonuna yaxın yeni artımların şahidi olacağıq” – Deputat

Cənab Prezidentin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlər bizi o qənaətə gəlməyə yönləndirir ki, Azərbaycan Prezidentinin daxili siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifah halı, vətəndaşa xidmət dayanır. Azərbaycan 2016-cı ildən başlayaraq, öz sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu, keyfiyyət, intensivlik, sürət və optimallıq baxımından xarakterizə oluna bilən yeni bir məhələdir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə sosial-iqtisadi sahə ilə bağlı bir sıra fərman və sərəncamlar imzalanıb:

“Bu fərman və sərəncamlar nəticəsində 3 milyon vətəndaşın sosial vəziyyəti yaxşılaşdı. Pensiya və müavinətlər, təqaüdlər, əməkhaqları xeyli artırıldı. Əhalini narahat edən məsələlərdən olan problemli kreditlər məsələsi, bəzi çoxmənzilli binaların qeydiyyatı ilə bağlı məsələ də bu rübdə öz həllini tapdı. Çoxuşaqlı ailələrə, valideyn himayəsindən məhrum olan uşaqlara, müharibə veteranları və əlillərinə qayğı və diqqət artırıldı. Elə bu günlərdə cənab Prezidentin imzaladığı yeni sərəncamla Böyük Vətən müharibəsi iştirakçılarına çox ciddi dövlət dəstəyi göstərildi. Burda böyük məbləğdən söhbət gedir. Ancaq bunun mənəvi tərəfi də var. Bu da ondan ibarətdir ki, hər bir veteran, hər bir ağsaqqal dövlətin onun qayğısına qaldığını, ona hörmət bəslədiyini hiss edir. Ölkə başçısı bu sərəncamla ona öz ehtiramını bildirir. Bunlar çox ciddi məsələlərdir”.

M.Quliyev bildirib ki, indiyədək 30 milyon insan ASAN Xidmət mərəzlərinə müraciət edib:
“ASAN Xidmətdən məmnunluq əmsalı 100 faizə yaxındır. Cənab Prezident müşavirədə çox dəqiqliklə vurğuladı ki, artıq Bakı şəhərində ASAN Xidmətə o qədər müraciətlər var ki, növbələr yaranır və biz bu növbələrin qarşısını almaqdan ötrü yeni ASAN Xidmət mərkəzləri də yaratmalıyıq. Bunun üçün artıq cənab Prezident tapşırıq da verib, vəsait də ayırıb”.

Milli Məclis üzvü bildirib ki, 2019-cu il ölkəmiz, xalqımız üçün çox uğurlu başlayıb, uğurla davam edir və ilin sonuna yaxın biz yenidən əməkhaqlarının, pensiyaların, müavinətlərin artımlarının şahidi olacağıq:
“Bu artımların fonunda inflyasiyanın aşağı olması, yəni əhalinin pul gəlirlərinin 5,5 faiz, inflyasiyanın 2,1 faiz olması onu göstərir ki, bu il vətəndaşlarımız ötən ildəkindən yaxşı yaşayacaqlar”.

Həmçinin oxuyun

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır?

Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən …