Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlaya bilər, amma…”

“Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlaya bilər, amma…”

“Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlamağa həm yaxındır, həm də hazır. Sözsüz ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Amma ən azından tərəflər masa arxasında oturmalıdır. Hazırda danışıqlar aparmağın qarşısını alacaq hansısa element görmürəm”.

Bu sözləri Reyting.az-a beynəlxalq hüquq məsələləri üzrə mütəxəssis, professor Fərhad Mehdiyev deyib.

Müharibədən bir neçə ay keçməsinə baxmayaraq tərəflər arasında sülh müqaviləsinin imzalanmaması məsələsinə toxunan Mehdiyev əlavə edib ki, bunun üçün ilk növbədə tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Onun sözlərinə görə, nə qədər ki, tərəflər danışıqlar masası arxasında əyləşib müzakirələrə başlamayacaq, o zamana qədər sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. “Bəli, ixtilaflı məsələləri birgə müzakirə edib, danışıqlar nəticəsində sülh müqaviləsi imzalaya bilərlər. Əslində belə bir addım hər iki ölkəyə lazımdır. Bu, həm də regionda sabitliyin yaradılması baxımından əhəmiyyətlidir. Azərbaycan tərəfinin buna hazır olduğunu ölkə lideri elan edib. Ermənistanın davranışlarından çox şey asılıdır”.

Professor əlavə edib ki, beynəlxalq oyunçuların, güclü mərkəzlərin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalaması məsələsinə yanaşması vahid deyil. Onun fikrincə, belə qüvvələrin hamısı olmasa da, çoxu sülh tərəfdarıdır: “Regionda öz nüfuzunu qorumaq istəyən əsas dövlət aydındır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməzdi. Çünki bu, tərəflərə təzyiq etmək imkanlarını aradan qaldırardı. Amma regionun sakitliyi üçün də razılaşma və sülh müqaviləsinin imzalanmasına ehtiyac var”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …