Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Azərbaycan ordusu Zabux və Sus kəndlərinə də daxil ola bilib, ancaq…”

“Azərbaycan ordusu Zabux və Sus kəndlərinə də daxil ola bilib, ancaq…”

Məlum olduğu kimi, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən Laçın rayonunun mərkəzi və 6 iri kəndi daxil olmaqla “dəhliz adlanan ərazisi” müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” kontingentinin nəzarətinə verilib. Azərbaycanın hərbi və ya mülki karvanları həmin kəndlərin ərazisində yalnız Rusiya hərbçilərinin müşayiəti ilə, özü də dövlət bayrağımızı qaldırmadan hərəkət edir. 

Bəhs edilən razılaşmadan sonra haylar yalnız bu ərazidəki üç məntəqədə tam qanunsuz olaraq yaşayırdı: Laçın şəhəri, Zabux və Sus kəndləri. Lakin son aylar, bu yaxınlarda Ermənistan baş naziri N.Paşinyanın da etiraf etdiyi kimi, Sus kəndində heç bir erməni qalmayıb. Buna rəğmən  son günlərədək Azərbaycan ordusunun həmin kəndin ərazisindən hərəkəti qeydə alınmamışdı.

Moderator.az-ın araşdırmasından bəlli olur ki,  iyulun 1-i və 10-u tarixlərində Rusiya Müdafiə Nazirliyinin  saytının “sülhməramlı”lara aid bölməsində ilk dəfə olaraq Azərbaycan ordusunun avtomobil karvanının Sus kəndi ərazisinə də gedişi qeyd olunub.

Artıq bir neçə ay əvvəldən ərazidəki tikinti işləri üçün müəyyən infrastruktur materialları  və s. daşınmasıyla bağlı ordumuzun maşın kalonlarının Zabux kəndinə hərəkəti qeyd edilsə də, Sus kəndinin adı Rusiya hərbçilərinin müşayiət marşrutu kimi ilk dəfə çəkilir.

Beləliklə, Azərbaycan ordusunun “Laçın dəhlizi” adlanan ərazidə fəaliyyət dairəsi bir az da genişlənib. Bu da bir uğurdur… Ancaq unutmayaq ki,  ordumuz Zabux və Sus kəndlərinə də yalnız Rusiya hərbçilərinin müşayiəti ilə gedə bilir. Laçın şəhərinə olduğu kimi…

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …